Ermənistanın Baş naziri Nikol Paşinyan bir-birini təkzib edən, mənasız bəyanatlarını səsləndirməkdə davam edir. Onun son bir ildə səsləndirdiyi bəyanatların hamısının məğzində sülh prosesindən yayınma, danışıqlar prosesinə xələl gətirmə kimi mətləblər durur.
Bundan əvvəl Paşinyan Xankəndidə çıxışı zamanı “Qarabağ Ermənistandır, nöqtə” demişdi və Ermənistanın 2050-ci ilə qədər elə inkişaf hədəflərini açıqlamışdı ki, hətta öz tərəfdarları belə ona inanmamışdı. Bura Ermənistan əhalisinin 4 milyon nəfərə çatdırılması, maaşların, ÜDM-in, səhiyyə və hərbi xərclərin 10 dəfəyədək artırılması kimi utopik məqsədlər daxil idi.
Bir neçə gün əvvəl isə o, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə etmişdi.
İndi isə Paşinyan Fransada nəşr edilən jurnala verdiyi müsahibədə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə hərbi və ya diplomatik müstəvidə mümkün deyil. “Bizdə münaqişə var və o nizamlanmayıb. Əgər biz xalqıqsa və strateji düşüncəyə malikiksə, hansı ki, mən buna əminəm, o zaman biz məsələni qısa müddətdə, bir neçə günə həll edə bilmərik. Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyası lazımdır. İlk növbədə zəruridir ki, Ermənistan iqtisadiyyatı və cəmiyyəti rəqabətqabiliyyətli olsun, daimi inkişaf yoluna çıxsın”.
Onun sözlərinə görə, məsələnin həlli üçün geniş kombinasiya lazımdır, bunun mərkəzində isə rəqabətqabiliyyətli iqtisadyyat, güclü cəmiyyət və yüksək texnologiyalar dayanmalıdır:
“İdeya bundan ibarətdir ki, bizim mümkün rəqiblərimizə bunu nümayiş etdirək: xalq olaraq biz o qədər birik və cəmiyyət olaraq o qədər səfərbər olunmuşuq ki, dövlət kimi o qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır, çünki bunun yeganə nəticəsi məğlubiyyət olacaq”.
Bəllidir ki, Paşinyanın bu fikirləri açıq şəkildə münaqişənin ömrünü uzatmağa xidmət edir. Paşinyan bununla demək istəyir ki, onlar hələ işğal prosesini davam etdirməyi düşünürlər. Məlumdur ki, məhz bu siyasətinə görə Ermənistan uzun illərdir iqtisadi blokada şəklində yaşayır. İndi isə Paşinyan iqtisadiyyatın maksimum dirçəldilməsini zəruri sayır ki, işğal səbəbindən düçar olduqları uzunmüddətli blokadaya tab gətirə bilsinlər. Paşinyanın son fikirlərindən başqa hansı nəticələri çıxarmaq olar?
Nəzakət Məmmədova: “O, vaxt udmağın şəxsən özü, iqtidarı və onu hakimiyyətə gətirən güclər üçün ən uyğun variant olduğunu düşünərək belə fikirlər səsləndirir”
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan Baş naziri Nikol Paşinyanın səsləndirdiyi bu fikirlər ölkəsinin müharibəyə hazır olmadığını dərk edərək vaxt udmağa çalışdığını sübut edir: “Təbii ki, Paşinyan müharibədən qorxur və çəkinir. Paşinyan və komandası indi Ermənistanın gücsüz və zəif olduğunun fərqindədir. Müharibənin başlayacağı təqdirdə uduzacaqlarını da təbii ki, gözəl anlayırlar. Ermənistan-Azərbaycan müharibəsinin başlayacağı təqdirdə Ermənistanın məğlubiyyəti qaçılmazdır. Paşinyan daha çox vaxt udmağa, investisiyalar cəlb etmək yolu ilə ölkəsini gücləndirməyə çalışır. Müharibə onun və komandasının sonunu gətirəcək ən pis ssenaridir. Bunun bir sıra səbəbləri var: qeyd etdiyimiz kimi, Ermənistan bütün kriteriyalar üzrə Azərbaycandan müqayisəolunmaz dərəcədə geridə qalır. Müharibə başlayacağı təqdirdə Ermənistan məğlub olacaq və əleyhdarları dərhal bu amildən onun əleyhinə istifadə edərək, xalq kütlələrini istefa şüarları səsləndirmək üçün küçəyə tökəcəklər. Ermənistanda indiyədək bütün iqtidarlar hakimiyyətə Qarabağ kartı üzərində gəlib və gedib. Ona görə də Paşinyan bu təhlükəli amili özündən mümkün qədər uzaq tutub Qarabağ məsələsindən kənar qalmaq istəyir”.
Politoloqun sözlərinə görə, Paşinyan ordu üzərində heç bir səlahiyyətə malik deyil: “Müharibə başlasa, Rusiyanın nəzarətində olan ordudakı müəyyən güclər bir neçə rayonu Azərbaycana təhvil verib Paşinyanı pis vəziyyətdə qoymağa çalışacaqlar. Ermənistanın istənilən məğlubiyyətinin məsuliyyəti Paşinyanın üzərinə düşür. Odur ki, o, bu təhlükəli oyundan uzaq durmağa çalışır, Qarabağ münaqişəsində indiki status-kvonun saxlanmasında maraqlıdır. Hazırda Ermənistanda böyük güclərin oyununda Qarabağ məsələsi, sadəcə, bir vasitədir, əsas məsələ hansı böyük gücün bu ölkəni öz nüfuz dairəsinə çevirə bilməsidir. Ona görə də Paşinyan vaxt udub rəqiblərinə fürsət vermək istəmir. Məğlub olacağını bilə-bilə döyüşə girməyin ağılsızlıq olduğunu dərk etdiyi üçün, o, vaxt udmağın şəxsən özü, iqtidarı və onu hakimiyyətə gətirən güclər üçün ən uyğun variant olduğunu düşünərək belə fikirlər səsləndirir”.
Məhəmmədəli QƏRİBLİ