Məlum olduğu kimi, Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi aradan qalırılıb. Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək. Həmçinin, Türkiyə Respublikası hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları da viza tələbindən azad edilib.
Qeyd edək ki, sentyabrın 1-dən artıq Türkiyə vətəndaşları Azərbaycana vizasız gəlirlər. Ekspertlər qeyd edirlər ki, viza rejiminin aradan qaldırılması ölkəmiz üçün bir sıra üstünlüklər vəd edir.
Elçin Rüstəmov: “Vizanın Türkiyə vətəndaşları üçün ləğv edilməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayını artıracaq”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Türkiyə tərəfi Azərbaycan vətəndaşları üçün viza rejimini təktərəfli şəkildə 2007-ci ildə ləğv edib: "Viza rejiminin ikitərəfli ləğvi hər iki ölkə arasında turistlərin sərbəst gəliş-gedişini təmin edəcək. Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür, o zaman turistlər istər Azərbaycanda, istərsə də Türkiyədə rahatlıqla istirahət edə biləcəklər. Məlumdur ki, səyahət üçün başqa ölkələrə gedən turistlər ən çoxu iki həftə müddətində həmin ölkədə qalırlar”.
Ekspert hesab edir ki, vizanın Türkiyə vətəndaşları üçün ləğv edilməsi bu ölkədən Azərbaycana gələn turistlərin sayını artıracaq. Çünki Türkiyə qardaş ölkədir. Bu ölkə ilə viza rejiminin ikitərəfli aradan qaldırılması zaman-zaman müzakirə mövzusu olub. Son bir neçə ildir Azərbaycanda turizmin inkişafı istiqamətində dövlət siyasəti həyata keçirilir: “Zənnimcə, bu da həmin istiqamətdə aparılan səmərəli fəaliyyətin bir hissəsidir. Turizmin inkişafı baxımından Türkiyə üçün viza rejiminin aradan qaldırılması çox müsbət haldır".
Həmsöhbətimiz onu da vurğuladı ki, 2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana səfər edən turistlərin sayının 12 faizini Türkiyə vətəndaşları təşkil edir: "Azərbaycanın turizm potensialı getdikcə artır, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı artır. Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Bu istiqamətdə mövcud potensialdan daha çox istifadə etmək imkanı mövcuddur. Ümumilikdə, Azərbaycanın dövlət idarəetməsində çevik məlumat bazalarının formalaşması və müasir texnologiyaların tətbiqi həm viza sistemlərinin asanlaşdırılmasına, həm də bir çox ölkə üçün vizasız gediş-gəliş sisteminin tətbiqinə imkan yaratmaqla yanaşı, milli təhlükəsizliyin də qorunmasına şərait yaradır".
Günel CƏLİLOVA