Ermənistanın baş naziri Nikol Paşinyan gələn ay ABŞ-a səfər edəcək. Bu dəfə də onun Birləşmiş Ştatların Prezidenti Donald Trampla ikitərəfli görüşü baş tutmayacaq. Sözügedən səfər formal olaraq, ikitərəfli səfər deyil. İkitərəfli yüksək görüşlər indiki məqamda nəzərdə tutulmayıb.
Səfər zamanı Paşinyanın yerli erməni icması ilə görüşü nəzərdə tutulub. Erməni mətbuatı yazır ki, Paşinyanın Trampla görüşü mürəkkəb məsələdir: “Baş nazirin səfəri Los Ancelesə işgüzar xarakter daşıyır, o, burada yerli erməni icması ilə görüş keçirəcək, Nyu-Yorkda isə BMT Assambleyasının zirvə görüşündə çıxış edəcək. BMT Baş Assambleyasının 74-cü iclası sentyabr ayının 17-dən, “High level General Debates” isə sentyabr ayının 27-dən öz işinə başlayacaq. Baş nazir Paşinyanın sentyabr ayının 23-də, axşamçağı Nyu-Yorkda olacağı ehtimal edilir. Sentyabr ayının 24-də sabah tezdən BMT-nin mərkəzi iqamətgahında rəsmi qəbul nəzərdə tutulub. Sentyabr ayının 24-də axşamçağı Nyu- Yorkdakı kilsədə Baş nazirin yerli erməni icması ilə görüşü nəzərdə tutulub. Onun BMT Baş katibi Antonio Quttereş və digər ölkələrdən olan həmkarları ilə görüşü də gözlənilmir”.
Ən nəhayət, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan daha öncə bildirib ki, Ermənistan və ABŞ arasında dialoq fəallaşıb. Lakin o, indiyədək ölkə rəhbərləri arasında görüşün niyə baş tutmaması məsələsinə dəqiq aydınlıq gətirməyib.
“ABŞ prezidenti və Dövlət Katibi ilə görüşün təşkil edilməsinə nail olmaq mümkün olmur”, deyə səsləndirilən iradlara cavab verə bilməyən Mnatsakanyan, “Səhv deyirlər” deməklə kifayətlənib.
Görünən odur ki, Paşinyanın bu yöndə cəhdləri uğursuzluqla nəticələnir. Bir il 4 aydır baş nazir olan Paşinyanın hələ də Trampla ikitərəfli görüşə nail ola bilməməsi nə deməkdir?
Məhəmməd Əsədullazadə: “Görünən odur ki, artıq ABŞ Paşinyana ehtimad göstərmir”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyanın Qərblə siyasi əməkdaşlığı heç bir müsbət effekt vermir: “Paşinyan hesab edirdi ki, inqilabdan sonra ABŞ onu təntənəli şəkildə Konqresdə və Ağ Evdə qarşılayacaq. Qafqazın demokratik lideri kimi bu ölkəyə siyasi və maddi köməklik edəcək. Nəticədə Gürcüstan formulu Ermənistanda yaşanacaq. Göründüyü kimi, Vaşinqton daha da praqmatik siyasət həyata keçirərək ilk növbədə Bolton vasitəsi ilə işğala son qoymağı və Rusiyanın təsirinin azaldılması şərtini irəli sürdü. Paşinyan isə Vaşinqtonun şərtinə qarşı gedərək, Rusiya ilə parlament səviyyəsində təsdiq edilmiş strateji ortaqlığı qəbul etdi. Eyni zamanda, Qarabağ münaqişəsinin həllinə zidd bəyanatlar verdi. Rusiya ilə birgə Suriyaya hərbi birləşmə göndərdi. Bütün bunlar Vaşinqtonda müsbət qarşılanmadı. Artıq Paşinyan Vaşinqton üçün arzuolunmaz personadır. Onun Ağ Evə rəsmi dəvəti bundan sonra da, yaxın perspektivdə reallaşmayacaq. Çünki Ağ Ev də bilir ki, Paşinyan iki stulda oturmaq istəyir. Ona görə də müstəqil dövlətin başçısı kimi Ağ Ev onu görmür və Tramp Paşinyanla görüşməkdən yayınır. ABŞ çox çalışdı Paşinyanı yola gətirsin, amma bu mümkün olmadı. Paşinyan dövlət müstəqilliyini Rusiyaya daha da güzəştə gedir. Paşinyanın ABŞ-a gedişi dövlət səfəri deyil. Bu sadəcə erməni lobbisinin dəvəti ilə reallaşır. Görünən odur ki, artıq ABŞ Paşinyana ehtimad göstərmir”.
Vidadi ORDAHALLI