Bu il Azərbaycanda beşinci bələdiyyə seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar seçkilərə hazırlıq prosesinə başlayıb. Mövzunun aktuallığını nəzərə alıb ötən bələdiyyə seçkilərinin nəticələrini araşdırdıq.
2014-cü ildə keçirilmiş sayca dördüncü bələdiyyə seçkiləri 118 seçki dairəsindən 5015 seçki məntəqəsi üzrə aparılıb. Seçkilərdə 1607 bələdiyyə formalaşıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dördüncü bələdiyyə seçkilərində seçici fəallığı 38,9 faiz təşkil edib və ondan əvvəlki seçkilərdən 6-7 faiz artıq olub. Komissiyanın hesablamalarına görə, ümumilikdə səsvermədə 1 milyon 876 min 14 nəfər iştirak edib.
MSK-nın məlumatında qeyd olunub ki, 2014-cü ildə seçicilərin sayı 4 milyon 819 min 382 nəfər olub. 13 min 907 nəfərin 8 siyasi partiya tərəfindən, 23 min 61 nəfərin fərdi olaraq, 109 nəfərin isə təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülüb.
Yeni Azərbaycan Partiyası (YAP) 15 035 bələdiyyə üzvü yerlərindən 10 315 yeri (68,6%) qazanıb. YAP tərəfindən bələdiyyə üzvlərinin 4268 nəfərini (41,3%) gənclər, 3673 nəfərini isə (35,6%) qadınlar təşkil edib.
Seçilən 4720 nəfər bələdiyyə üzvü isə digər partiyaların təmsilçiləri və bitərəf namizədlər olub.
Göründüyü kimi, ötən bələdiyyə seçkiləri çox normal keçib. Bəs bu, bələdiyyə seçkilərindəki vətəndaş seçici fəallığını artırmaq üçün nələr etmək lazımdır?
Bələdiyyələr üzrə mütəxəssis Elşən Əliyev qəzetimizə bildirdi ki, bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin önəmli bir formasıdır: “Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün yüksək səviyyədə qanunvericilik mövcuddur. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılmasında və onların fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq qanunvericilikdə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər. Əslində, ilk seçkidə bələdiyyələrin yalnız təşkilatlanması və formalaşdırılması istiqamətində addımlar atılmışdı.
Bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq, hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər. Bu səbəbdən əvvəllər ölkədə daha çox bələdiyyə fəaliyyət göstərirdi. Amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi. Onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər və s. problemlər var idi. O səbəbdən də bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi. Bu baxımdan, bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. Eyni zamanda, şəhər, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları fəaliyyət göstərir ki, bu çox normal və qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir. Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır. Bildiyiniz kimi, bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Düşünürəm ki, hər seçilən yeni bələdiyyələr öz fəaliyyətini daha da təkmilləşdirir, respublikamızın sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər. Təəssüflər olsun ki, bəzi müxalif partiyalar bələdiyyə seçkilərində aktiv iştirakda maraqlı olmurlar. Bu da onların resurslarının zəifliyi ilə bağlıdır. Buna baxmayaraq, sadə vətəndaşlarımız, bir sıra konstruktiv müxalifət partiyaları seçkilərdə iştirak etməkdə, bələdiyyələrdə təmsil olunmaqda çox maraqlıdırlar. Biz formalaşan bələdiyyələrin tərkibinə nəzər yetirdikdə görürük ki, onların nümayəndələri bələdiyyələrdə təmsil olunur. Hesab edirəm ki, bələdiyyələrin səlahiyyətinin, nüfuzunun artması, özü-özlüyündə bu seçkilərdə vətəndaş - seçici aktivliyini tam təmin edəcək və biz normal seçkinin keçirildiyinin şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ