Ermənistanda mövcud hakimiyyətin xarici siyasətdə yol verdiyi yanlışlıqlar indi ABŞ və Rusiya kimi dünya siyasətinin müəyyən edilməsində mühüm rol oynayan ölkələrin İrəvandan üz döndərməsi ilə müşayiət edilməkdədir. Bu vəziyyətdə Nikol Paşinyan iqtidarının eyni vaxtda həm ABŞ-a, həm də Rusiyaya yarınmaq cəhdləri isə Ermənistanı daha çox hədəf halına gətirir. Bu gedişlə ABŞ-ın və Rusiyanın Ermənistana qarşı təzyiq siyasəti daha da kəskinləşir.
Belə vəziyyətdə “Qraparak” nəşri yazır ki, Ermənistan müdafiə naziri, Xarici işlər naziri və bəzi səfirlərin iştirakı ilə qapalı müzakirələr keçirilib. Müzakirə mövzusu ABŞ hakimiyyəti tərəfindən mənfi qarşılanan Suriyaya göndərilmiş hərbi heyət olub. Məlumata görə, ABŞ tərəfi bu günlərdə təkrarən məsələnin Ermənistan-ABŞ münasibətlərinə mənfi təsir etdiyinə dair Ermənistan hakimiyyətinə narazılığını ifadə edib. Müzakirələrin məqsədi yaranmış vəziyyətdən çıxış yolu tapmaq, ABŞ-ın rəğbətini qazanmaq və razı salmaq yollarının axtarışı olub. Erməni ekspert Eduard Abrahamyan qeyd edir ki, bu məsələnin müzakirə edilməsi Moskvanın İrəvana qarşı daha sərt siyasət yürütməsi ilə nəticələnə bilər: “İndiki ABŞ administrasiyası qarşılıqlı münasibətlərdən hansı fayda götürə biləcəyi üzərində siyasət qurduğuna görə Ermənistan ilk növbədə ABŞ-ın maraqlarına cavab verəcək siyasət gündəminin qurulmasını bacarmır. ABŞ-Ermənistan münasibətlərində bizim böhran vəziyyətinə düşməyimizin ən böyük səbəbi Ermənistanın Suriyaya cəlb edilməsidir. Məhz bu mənada Ermənistan ABŞ-da Rusiya ilə münasibətlərdə alt müttəfiq olan ölkə kimi qəbul olunmağa başlayıb. ABŞ Rusiya, İran və Suriyada avtoritar rejim kimi qəbul etdiyi düşmən qüvvələrlə Ermənistanın əməkdaşlığına müsbət yanaşmır. Dünyada nəyin necə dəyişdiyini dərk etmək lazımdır. Əks halda ABŞ tərəfindən institusional problemlərlə üzləşə bilərik. Proqram hazırlanaraq, qoşunların Suriyadan çıxarılması daha doğru addım olardı. Belə olan halda Rusiyanın hansı addımı ata biləcəyi məlumdur”.
Digər erməni ekspert David Şahnazarayan bildirir ki, ABŞ-ı məmnun etmək üçün Soros Fondunun adamlarını Ermənistana buraxan Paşinyan bu dəfə həmin şəxsləri zəbt edilmiş Azərbaycan ərazilərinə göndəməyi düşünür: “Həm də ona görə ki, Paşinyanın əsas istəyi inqilabın Qarabağa ixrac edilməsidir. Paşinyan hökumətin ehtiyat fondundan Qarabağda gələn il keçiriləcək “seçki”ləri müşahidə etməsi üçün xarici ölkə qrantları hesabına sorosçu təşkilatları Qarabağa daxil edir. Söhbət Daniel İoannisyanın “Maarifləndirilmiş Vətəndaşlar Birliyi” və “Transperency İnternational” təşkilatlarına hökumətin ehtiyat fondundan ayrılan vəsaitdən gedir. Dəfələrlə demişəm ki, Paşinyanın əsas problemi inqilabın Qarabağa ixrac edilməsidir. O, Qarabağın qeyri-stabilləşməsi üçün cəhdlər edirdi, Bako Saakyanın istefasına nail olmağa çalışırdı. Qeyri-stabilliyə gətirib çıxaran layihələrdən, xüsusilə Samvel Babayanın fəallaşmasından istifadə edirdi. Paşinyan görəndə ki, Qarabağın “hərbi siyasi rəhbərliyi” kifayət qədər möhkəmdir və bütün bunlara yol verməyəcək, o zaman bu cür iş üslubuna keçid etməyə başladı. Yəni qeyd edilən təşkilatların vasitəsilə inqilabın Qarabağa sürüklənməsinə, ixrac edilməsinə cəhd edir. Həmin antikorrupsiya təqibləri məqsədi daşıyan “Transperency İnternational” təşkilatı bu müddət ərzində Paşinyan hakimiyyəti daxilindəki korrupsiya faktları barədə heç bir şey demir”. Amma Paşinyanın erməni hərbçilərini Suryiadan çıxarmaq cəhdləri, ABŞ-a bağlı təşkilatlarla yenidən sıx işbirliyi Moskvanı qəzəbləndirəcək addımlar sayılır. Digər tərəfdən, onun Vaşinqtona yarınmaq cəhdləri ABŞ-ın Ermənistana maliyyə yardımını azaltmaq niyyətinin də qarşısını almayıb.
“Qraparak” yazır ki, Paşinyanın Rusiya ilə bağlı yeni gedişləri də ABŞ-ı narazı salmaqda davam edəcək. Nəşr bu xüsusda maraqlı faktlara toxunur: “Baş nazir Nikol Paşinyan sentyabr ayının 3-4 tarixlərində Polşanın Kriniza-Zrduy şəhərində keçiriləcək 29-cu Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Polşaya dəvət edilib. Bununla yanaşı, sentyabr ayının əvvəllərində Polşada İkinci Dünya müharibəsinin 80 illiyinə həsr edilmiş tədbirlərin keçirilməsi də nəzərdə tutulurdu. Lakin Polşa tərəfinin dəvət etdiyi çoxsaylı qonaqlar arasında Rusiya prezidenti Vladimir Putin yer almadığına görə Rusiyadan verilən təlimat əsasında Paşinyan da səfərdən imtina edib. Suveren dövlət hesab edilən Ermənistan baş naziri bu yolla Rusiyanı razı salmağa, rəğbətini qazanmağa çalışıb”. “Jamanak” qəzeti isə yazır ki, əslində, Rusiya da Paşinyanın cəhdlərinə rəğmən, ona etibar etmir və təzyiq siyasətini genişləndirir. Bu fonda Moskva gələn ildən Ermənistana satdığı qazın qiymətini 165 dollardan 220 dollara qaldırmağa hazırlaşır. Eyni zamanda, Ermənistana ayrılan hərbi kreditlər məsələsində də Kreml mövqeyini dəyişir: “Ermənistan Rusiyadan 100 milyon dollar dəyərində dördüncü hərbi kreditin alınması məsələsi ətrafında danışılar aparır. Bu təkcə Ermənistanın müdafiə qabiliyyətinin artırılması yox, eyni zamanda Ermənistanın xarici siyasət oriyentasiyasını dəyişdirməyə hazırlaşmadığını və bunun ən parlaq nümunəsi kimi Rusiyanı hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi olduğuna əmin etmək üçün hakimiyyətin səylərini əsirgəməməsidir. Ruslar kredit verməyə tələsmir, həm də erməni hakimiyyətinin səmimiyyətinə inanmırlar. Bu səbəbdən münasibətlərdə problem davam edəcək”. Bütün bunlardan aydın görünür ki, Ermənistan həm ABŞ, həm də Rusiya cəbhəsində ciddi problemlərlə üzləşib. Paşinyanın bu ölkələrlə bağlı gedişləri isə ciddi şəkildə iflasa uğramaqdadır. Məhz bu vəziyyətdə Ermənistana qarşı adıçəkilən ölkələrin təzyiqlərinin daha da artması gözlənir.
Tahir TAĞIYEV