Bu günlərdə Ermənistan Baş naziri, Müdafiə naziri, Xarici İşlər naziri və bəzi səfirlərin iştirakı ilə qapalı müzakirələr keçirilib. Bu barədə Ermənistanın “Hraparak”qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, sözügedən qapalı görüşdə müzakirə mövzusu ABŞ hakimiyyəti tərəfindən mənfi qarşılanan Suriyaya göndərilmiş hərbi heyət olub.
Məlumata görə, ABŞ tərəfi bu günlərdə təkrarən məsələnin Ermənistan-ABŞ münasibətlərinə mənfi təsir etdiyinə dair Paşinyan hakimiyyətinə narazılığını ifadə edib. Müzakirələrin məqsədi yaranmış vəziyyətdən çıxış yolu tapmaq, ABŞ-ın rəğbətini qazanmaq və razı salmaq yollarının axtarışı olub. Lakin Suriyadan hərbi heyətin çıxarılması müzakirə mövzusu deyil, çünki belə olan halda Rusiya ilə problemlər yarana bilər.
Ermənistan Xarici İşlər Nazirliyi belə bir müzakirənin keçirildiyini inkar etsə də, nəşr müzakirə edilən mövzu, detallar və qəbul edilən qərarla bağlı məlumatlı olduğunu qeyd edir.
Ancaq yazıda ABŞ-ı razı salmaq üçün Ermənistanın hansı addımı ata biləcəyindən, hansı məsələdə güzəştə gedəcəyindən heç nə deyilmir. O da məlumdur ki, Paşinyan hakimiyyətinin və erməni lobbisinin ciddi səylərinə baxmayaraq, ABŞ-Ermənistan münasibətlərində bir sıra problemlər qalmaqdadır. Ermənistan rəsmiləri ABŞ-da yüksək səviyyədə qarşılanmır, bu ölkədən sərmayələrlə bağlı gözləntilər özünü doğrultmadı və s.
Bütün bu deyilənlərlə yanaşı maraqlıdır, Ermənistan ABŞ-ı razı salmaq üçün hansı güzəştə gedə bilər?
Elman Nəsirov: “Hazırkı şəraitdə Ermənistanın Birləşmiş Ştatları qane edəcək hansısa addım atacağını mümkün hesab etmirəm”
Məsələyə münasibət bildirən millət vəkili Elmən Nəsirovun sözlərinə görə, Ermənistanda Paşinyan hakimimiyyətinin yeritdiyi daxili və xarici siyasət əslində ölkəni dalana dirəyib: “Nə daxili, nə də xarici siyasətdə bir konkretlik, müəyyənlik var. Xüsusilə xarici siyasətdə qeyri-müəyyənlik çox pis hal sayılır. Dövlətin daxili və xarici siyasətinin aydın və dəqiq konturları olmalıdır. Bunu isə Paşinyan hakimiyyətinin yeritdiyi siyasət barədə söyləmək mümkün deyil. Xüsusiilə də Paşinyanın eyni zamanda həm Rusiyanın, həm də ABŞ-ın yanında olmaq siyasəti qəbul edilmir. Buna eyni vaxtda iki stulda oturmaq siyasəti kimi qiymət verilir. Ona görə də nə Moskva, nə də Vaşinqton Ermənistanın indiki hakimiyyətini özünün yaxın müttəfiqi hesab etmir. Müəyyən mənada bu hakimiyyətə olan etimadsızlığın bütün elementləri göz qabağındadır. Məlum qapalı toplantının keçirilməsi, orada Birləşmiş Ştatlarla münasibətlər məsələsinin müzakirə edilməsi Paşinyanın narahatlığından irəli gəlir. Bununla ABŞ-ın Ermənistana olan soyuq münasibətini etiraf edirlər. Məlum olur ki, Birləşmiş Ştatlar Paşinyan hakimiyyətinin yeritdiyi xarici siyasət kursundan məyusdur. Ermənistanın Suriyaya hərbi heyət göndərməsi və birmənalı şəkildə Rusiyanın yanında yer alması Vaşinqtonu məyus edir. Həmçinin, Paşinyan hakimiyyətinə qarşı etimadsızlıq mühiti formalaşdırır. İndi Ermənistan hakimiyyəti ABŞ-ı razı salmaq üçün yollar axtarır, amma bu mümkün görünmür. Çünki həm Moskvanın, həm də Vaşinqtonun yanında olmaqla buna nail olmaq real görünmür. İstəyirlər ki, Azərbaycan kimi balanslaşdırılmış siyasət yeritsinlər. Ancaq bu da Ermənistanda alınmayacaq. Çünki Ermənistan müstəqil dövlət deyil. O baxımdan hazırkı şəraitdə Ermənistanın ABŞ-ı qane edəcək hansısa addım atacağını mümkün hesab etmirəm”.
Vidadi ORDAHALLI