Bakı yalnız qədimliyinə, inkişafına, tərəqqisinə və gözəlliyinə görə deyil, həm də təhlükəsiz bir məkan olduğuna görə dünyada maraq doğurur. Son zamanlar müxtəlif beynəlxalq analitik mərkəzlərin həyata keçirdiyi “təhlükəsiz ölkə” və “təhlükəsiz şəhər” rəy sorğularında Azərbaycan və Bakı bu sahədə öndə olan məkanlar sırasında qərarlaşır.
Bu günlərdə “The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə “The Economist” dərgisi tərəfindən tərtib edilən illik hesabatdakı reytinqə görə, Bakı dünyanın 2019-cu ildə ən təhlükəsiz şəhərləri reytinqində yer alıb. Bu qurumların illik hesabatdakı reytinqə görə, paytaxt Bakı maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub.
Reytinqdə qeydə alınan 60 şəhər rəqəmli təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici əsasında dəyərləndirilib. Belə ki, Kopenhagen, Dubay, Laqos şəhərləri ilə yanaşı, reytinqə ilk dəfədir qiymətləndirilən Bakı rəqəmli təhlükəsizliklə bağlı siyahıda 51,7 xalla 46-cı yerdə, səhiyyə təhlükəsizliyi ilə bağlı siyahıda 64 xalla 41-ci yerdə, fərdi təhlükəsizlik baxımından 63,7 xalla 49-cu yerdə, infrastruktur təhlükəsizliyi üzrə isə 46,3 xalla 54-cü yerdə qərarlaşıb.
Qeyd edilənə görə, reytinqdə birinci yeri Tokio tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul, Melburn qərarlaşıb. Araşdırma müəlliflərinə görə, hazırda bəşəriyyətin 56 faizi şəhərlərdə yaşayırsa, 2050-ci ildə bu rəqəm 68 faizə çatacaq.
Bakı hansı göstəricilərinə görə dünyanın ən təhlükəsiz şəhərləri sırasına düşüb?
Azər Allahverənov: “Paytaxtımızın top 50-yə daxil olması müsbət hadisədir və bu, turizmin təşkili, Bakıya yeni turizm marşrutlarının yönəldilməsi baxımından çox əhəmiyyətlidir”
Sosial sahə üzrə ekspert Azər Allahverənov “Bakı-Xəbər”ə bildirdi ki, Bakının dünyanın təhlükəsiz şəhəri kimi bu reytinqdə yer alması təsadüfi deyil. O hesab edir ki, paytaxtımız həqiqətən də təhlükəsiz bir şəhərdir və bunu xarici qonaqlar da, turistlər təsdiqləyir. “Bu cədvəl kifayət qədər nüfuzlu Britaniya təşkilatı tərəfindən tərtib edilib. Burada 60 şəhərin adı yer alıb. Səhv etmirəmsə, bu cədvəldə MDB məkanından yalnız Moskvanın və Bakının adı var. Moskva 37, Bakı isə 49-cu yerdədir. Təbii ki, paytaxtımızın top 50-yə daxil olması müsbət hadisədir və bu turizimin təşkili, Bakıya yeni turizm marşurutlarının yönəldilməsi baxımından çox əhəmiyyətlidir. Çünki məlumdur ki, bir çox turistlər bu və ya digər ölkəyə səfər edərkən həmin ölkənin təhlükəsizlik reytinqinə nəzər salırlar və təbii, daha təhlükəsiz şəhərlərə üz tuturlar. Bu baxımdan da, alət kimi həmin cədvəllərdən istifadə edirlər. “The Economist İntelligence Unit” tərəfindən hazırlanan cədvəl bizim üçün həm də ona görə əhəmiyyətlidir ki, Bakı burada 4 istiqamət, blok, mövzu üzrə qiymətləndirilib”.
Azərbaycanın təhlükəsiz şəhər kimi qiymətləndirilməsinə səbəb kimi burada ətraf mühitlə bağlı görülən işlər, səhiyyə qurumlarına çıxış, xəstəxanaların, həkimlərin sayı, səyiyyə xidmətlərinin keyfiyyəti, təhlükəsiz qida göstərilə bilər. “Paytaxtımızın bu reytinqdə yer alması təsadüfi deyil. Bakı həqiqətən də təhlükəsiz şəhərdir. Ölkəmizdəki siyasi sabitlik, eləcə də digər amillər Bakının təhlükəsiz şəhərlər sırasına düşməsinə şərait yaradıb”.
A.Allahverənov hesab edir ki, Bakının təhlüksiz şəhər kimi başqa reytinq cədvəllərində yer alması üçün əlaqədar dövlət qurumları daha səylə çalışmalıdır. O hesab edir ki, belə olarsa, növbəti siyahı dərc edilərkən Bakı daha üstün yerlərdə qərarlaşa bilər. “Bu reytinq cədvəli götürülməli və bu indikatorlar nəzərdən keçirilməlidir. Hər bir indikator üzrə konkret olaraq profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılmalıdır. Söhbət kibercinayətkarlıqla mübarizədən gedirsə, bizdə bir neçə icra qurumu var ki, onlar bu sahədə təmsil olunurlar”.
İradə SARIYEVA