Azərbaycanla Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq barədə yeni saziş layihəsi üzərində danışıqlarda yaranmış əsas əngəllər məlum olub. Bu haqda Brüsseldəki diplomatik mənbələr eurastiv.com portalına məlumat sızdırıblar.
Sayt yazır ki, Yunkerin komissiyası (Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker) Azərbaycanla yeni ticarət-siyasi razılaşmaya dair danışıqların qarşıdakı iki ay ərzində yekunlaşacağına ümid edir, bir şərtlə ki, Bakı layihənin ticarət hissəsində irəliləsin. Yəni bir az hərəkət etsin.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına əsaslanır. 2017-ci ilin fevralından tərəflər yeni çərçivə razılaşmasına dair danışıqlara başlayıblar. Bu danışıqlar sona yaxınlaşır, amma bəzi həll edilməmiş məsələlər var.
Ötən ilin oktyabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sözügedən sayta açıqlamasında demişdi ki, ölkəsi razılaşmanın indiki komissiyanın səlahiyyət müddətinin başa çatmasına qədər imzalanacağına ümid edir. Yunkerin komissiyasının səlahiyyətləri 2019-cu il noyabrın 1-də başa çatır.
2019-cu ilin aprelində isə Brüsseldə E.Məmmədyarovla danışıqlardan sonra Aİ-nin xarici siyasət komissarı Federiko Mogerini tərəflərin danışıqların “yekun, həlledici fazasına” daxil olduqlarını açıqlamışdı.
Onu da qeyd edək ki, Brüssellə müzakirələri aparan azərbaycanlı rəsmilərin dəfələrlə bildirdiyi kimi, Azərbaycanın Aİ ilə danışıqlarda öz strategiyası var. Azərbaycanın Aİ ilə əməkdaşlıq gündəminə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə münasibətlərin dərinləşməsi daxildir. Lakin Bakı regiondakı və dünyadakı bütün amilləri, güc mərkəzlərini nəzərə almaqla bundan sonra da praqmatik siyasət aparacaq. Yəni müstəqil, özünün milli, iqtisadi, siyasi və geosiyasi maraqlarına əsaslanan siyasətini davam etdirəcək.
Bütün bu deyilənlərin fonunda, maraqlıdır, sözügedən sazişlə bağlı səsləndirilən şərt (Bakı layihənin ticarət hissəsində irəliləsin) nə deməkdir? Burada söhbət nədən gedə bilər?
Fikrət Yusifov: “Azərbaycan daxili bazarı qorumaq nöqteyi-nəzərindən buna hələ tələsmir”
Məsələyə aydınlıq gətirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, tələb Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlıdır: “Yəni söhbət ÜTT-yə üzv olmaqla bağlı işlərin sürətləndirilməsindən gedir. Məsələ ondadır ki, Azərbaycan hələlik bu quruma üzv olmaq istəyində deyil. Bunun da bəlli səbəbləri var. Səbəb onunla bağlıdır ki, daxili bazarı qorumaq nöqteyi-nəzərindən ÜTT-yə daxil olmağa tələsmir. Baxmayaraq ki, müstəqilliyin ilk illərindən ÜTT-yə üzv olmaqla bağlı danışıqlar gedir, görüşlər keçirilir. Ancaq hələlik bu yöndə nəticə yoxdur. Bunun başlıca səbəbi onunla bağlıdır ki, Azərbaycanın qeyri-neft sektoru hələ arzuolunan səviyyədə inkişaf etməyib. Qeyri-neft sektorunun hazırkı inkişaf səviyyəsi, hələ ki, bizə imkan vermir bu quruma qoşulaq. Quruma qəbul edilsək, o zaman başqa ölkələrdə istehsal olunan qeyri-neft məhsulları yerli məhsulları bazardan sıxışdıracaq. O səbəbdən daxili bazarı qoruyuruq. Aİ isə standartlar tətbiq edir. Həmin standartlar ondan ibarətdir ki, Aİ ilə əməkdaşlıq sazişi imzalamaq istəyən ölkə ÜTT üzvü olmalıdır. Bax, problem bundan ibarətdir”.
Vidadi ORDAHALLI