Nikol Paşinyan son mitinqini bir il bundan əvvəl avqust ayının 17-də Baş nazir kimi vəzifədəki fəaliyyətinin 100 günlük hesabatını verərkən keçirib. Paşinyanın çıxışında verdiyi vədlərin əsasən yerinə yetirilməmiş qalması, yaxud yumşaq desək, reallıqdan uzaq iddialarda olduğu ortaya çıxır.
Bir il əvvəl Paşinyan korrupsiya ilə mübarizə məsələsində bunları demişdi: “Biz sizə vəd etmişdik ki, sıra ilə Ermənistanın bütün talançılarının adlarını açıqlayacayıq və budur, biz sıra ilə talançıların adlarını açıqlayırıq. Lakin biz demək istəyirik ki, korrupsiyaya qarşı mübarizədə qarşımızda duran əsas məsələ türmələri doldurmaq yox, sizdən oğurlanmış vəsaiti qəpiyinədək xalqa və dövlətə qaytarmaqdır”.
Ötən 1 il ərzində Ermənistanda korrupsiyaya qarşı mübarizə sahəsində hər hansı bir hökm verilməyib. Sabiq hakimiyyətin tanınmış siması olan Robert Köçəryandan başqa, qalan bütün talançılar azad gəzərək, bəzi hallarda talan etdiklərini yeni Paşinyan hakimiyyətinin üzvləri ilə əməkdaşlıq etməklə açıq-aşkar istifadə etməkdə davam edirlər. Məsələn, İşxan Zakaryan, ümumerməni oyunlarının təşkilatçısı olaraq qalmaqda davam edir və dəfələrlə onun fəaliyyəti Paşinyan və onun müavini Tiqran Avinyan tərəfindən legitimləşdirilib. Həmçinin qeyd olunur ki, Paşinyan və Avinyanla birlikdə Zakaryan da ümumerməni oyunlarının bağlanış mərasimində iştirak edib. Paşinyan tərəfindən “əsrin rüşvətxoru” elan edilmiş sabiq Təbiəti Mühafizə naziri Aram Harutyunyan 14 milyon rüşvət almaqda ittiham edilsə də, hazırda “təminatlı şəkildə” hüquq-mühafizə orqanlarından gizlənməkdə davam edir. Ermənistanda açıq bəyan edirlər ki, son bir ildəki Paşinyan hakimiyyəti dövründə heç bir şey dəyişməyib. Belə məlum olur ki, ötən bir ildə Paşinyan ya korrupsionerlərlə bacarmadı, ya da özü onlara qoşuldu. Hər halda, fakt ortadadır.
Ramil Hüseynov: “Buna ən parlaq nümunə Amulsar qızıl mədəni ətrafında yaranan vəziyyətdir”
Sözügedən məsələ ilə bağlı fkirlərini “Bakı-Xəbər”lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Paşinyanın korrupsiya ilə bağlı vədlərinin havada qalması onun korrupsiyaya ortaq olmasından xəbər verir: “İlk vaxtlar Paşinyan ağlasığmaz vədlər verirdi. Hakimiyyətdə yavaş-yavaş mövqelərini bərkidəndən sonra verilən vədlər arxa plana keçdi. Ölkədəki oliqarxlarla ortaq olmağa başladı. Buna ən parlaq nümunə Amulsar qızıl mədəni ətrafında yaranan vəziyyətdir. Məlum olduğu kimi, sözügedən yatağın istismarı zamanı yarana biləcək ekoloji fəlakətlərə rəğmən, Paşinyan gəlir əldə etməkdən ötrü Amulsarın istismarında qərarlıdır. O yaxşı bilir ki, həmin qızıl mədəni ona milyonlar qazandıracaq. Həmin milyonları da hakimiyyətini qorumağa yönəldəcək. Ona görə də Paşinyan ötən bir ildə korrupsiya ilə mübarizə aparmayıb. Əksinə, korrupsionerlərlə ortaq olub. Digər tərəfdən, Paşinyan Köçəryanı ona görə içəri salıb ki, adıçəkilən şəxsin ona qarşı ciddi bir siyasi rəqib olacağından qorxur. Yoxsa bunun korrupsiya ilə heç bir əlaqəsi yoxdur”.
Vidadi ORDAHALLI