Məlum olduğu kimi, Paşinyan və komandası tez-tez qanunsuz olaraq işğal altında olan Dağlıq Qarabağa səfər edir. Ermənistan danışıqlarda tərəf olduğu üçün ölkə rəhbərliyinin atdığı bu cür addımlar münaqişənin həllini yubadır. Eyni zamanda, separatçı qurumun mənafeyinə xidmət edir. Düzdür, Azərbaycan ərazilərini təkcə Dağlıq Qarabağdakı erməni separatçıları deyil, Ermənistan silahlı qüvvələri də işğal edib. Yəni separatçılar məhz Ermənistan ordusu ilə birlikdə ərazilərimizi işğal edib. Ancaq Ermənistan hər fürsətdə bunu inkar etməyə çalışır.
O da məlumdur ki, Dağlıq Qarabağdakı separatçı qurumu nəinki dünya dövlətləri, heç Ermənistanın özü də müstəqil dövlət kimi tanımır. Belə olduğu halda, Ermənistan baş naziri başda olmaqla, digər ölkə rəsmilərinin məlum səfərləri tam qanunsuz və beynəlxalq hüquqa ziddir. Azərbaycanın bununla bağlı dəfələrlə öz etirazını bildirib. Ancaq qarşı tərəf bütün bunlara məhəl quymur. Belə olan halda Azərbaycan ATƏT-in Minsk Qrupu, vasitəçilər qarşısında bu cür səfərlərin qadağan edilməsi ilə bağlı tələblə çıxış etməlidir. Yəni münaqişə həll edilənə qədər belə səfərlər qadağan edilsin.
Maraqlıdır, belə bir təklifin irəli sürülməsi perspektivinə ekspertlər necə yanaşır?
Məhəmməd Əsədullazadə: “Nəzərə almaq lazımdır ki, işğal olunmuş ərazilər Azərbaycanın beynəlxalq müstəvidə tanınan əraziləridir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, prinsipcə Azərbaycan belə bir təşəbbüslə çıxış edə bilər: “Ermənistan rəhbərliyinin qanunsuz olaraq işğal olunmuş ərazilərə səfəri birbaşa danışıqlara zərbədir. Təbii ki, ATƏT-in Minsk Qrupu qarşısında Azərbaycan bu məsələni qaldırmalı və belə səfərlərin qarşısı alınmalıdır. Diplomatik yolla erməni tərəfi buna əməl etməyəcək. Yalnız Azərbaycan elə bir vəziyyət yaratmalıdır ki, erməni rəsmilər işğal olunmuş ərazilərə gəlməyə çəkinsinlər. Hələlik çəkindirici faktor olmadığına görə belə bir situasiya ilə üz-üzə qalırıq. İlk növbədə nəzərə almaq lazımdır ki, işğal olunmuş ərazilər Azərbaycanın beynəlxalq müstəvidə tanınan əraziləridir. Ölkəmizin tam hüququ var ki, bu kimi səfərlərin qarşısını alsın. Erməni rəsmilər işğal olunmuş ərazilərə gələrək Azərbaycanın suverenliyi əleyhinə bəyanatlar verirlər. Belə bəyanatlar, təbii ki, aparılan danışıqlara zərbədir. Minsk Qrupunun əhəmiyyətli bir vasitəçilik missiyası fiaskoya uğrayıb. Onlardan işğalçıya qarşı hüquqi ölçünun götürüləcəyini gözləmirəm. Onlar maraqlıdırlar ki, danışıqlar davam etsin və öz vasitəçiləri vasitəsilə regionda təsirlərini saxlasınlar. Azərbaycan tərəfi belə bir gedişata qarşı durmalı və ciddi şəkildə siyasi-hərbi hərəkətə başlamalıdır”.
Vidadi ORDAHALLI