Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" səhifəsində sosial şəbəkəyə aid status paylaşıb:
"Tez-tez bu cür suallarla qarşılaşıram - “Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi bəyan edirəm ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ən ümdə vəzifələrdən biridir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün isə mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır.
Danılmaz həqiqətdir ki, hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır. (Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarakterli çağırışların tirajlanması baxımından da münbit məkandır)
Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəccüblü gəlməməlidir. Bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onları narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram".
Qeyd edək ki, bu postu Əli Həsənov “Facebook” üzərindəki şəxsi hesabı vasitəsilə paylaşıb. Aydındır ki, şəxsi profil şəxsin özü tərəfindən işlədilir. Əli Həsənov ölkə başçısının köməkçisidir. Yəni daima ölkə başçısı ilə birbaşa informasiya mübadiləsində olan adamdır. Onun xalqa öz rəhbərliyi ilə daha asan yollarla birbaşa təmasa girməklə bağlı şərait yaratması həm də Prezidentin sadə əhalidən birbaşa informasiya ala bilməsini şərtləndirə bilər.
Digər tərəfdən daha bir diqqətçəkici məqam dövlət məmurlarının, hakimiyyətə mənsub siyasi partiya təmsilçilərinin, habelə iqtidaryönlü şəxslərin sosial şəbəkələrdə aktivləşməsi, insanlarla ünsiyyətə, dialoqa, hətta polemikalara qoşulması reallığıdır. Bəlkə də bəzilərinə bu reallıq qəribə görünə bilər. Lakin gerçək faktlar üzə çıxdıqca əsas amil budur ki, Prezident İlham Əliyev bir çox çıxışlarında özünü xalqın xidmətçisi olaraq təqdim edibsə, demək ki, bu gün iqtidarı təmsil edən bütün məmurlar bu bəyanatdan yararlanmalı, xalqa xidmət etmək üçün daim fəallıqlarını nümayiş etdirməlidirlər. Məhz bu reallıq cənab Əli Həsənovun paylaşdığı statusunda izah edilməkdədir. Hakimiyyət komandasının bu gedişatlarını necə dəyərləndirmək olar?
Seymur Orucov: “İnformasiyanın xalqa daha operativ çatdırılması və eyni zamanda məlumatların əldə olunub ölkə rəhbərliyinin nəzərinə çatdırılmasında sosial şəbəkələrin imkanlarından istifadə etmək lazımdır”
YAP Gənclər Birliyinin sədri Seymur Orucov “Bakı-Xəbər”ə bildirdi ki, hakim elitanı təmsil edən şəxslərin sosial şəbəkələrdəki fəaliyyətini yüksək qiymətləndirmək lazımdır:“Son vaxtlar görürük ki, YAP rəhbərliyindən təmsil olunan şəxslər, Prezidentin köməkçiləri, millət vəkilləri həmin platformada aktivlik göstərir. Qəbul etməliyik ki, artıq sosial şəbəkələr bizim həyatımızın ayrılmaz parçasına, günümüzün vacib reallığına çevrilib. İnformasiyanın əldə olunması və digər məlumatların ötürülməsində çox ideal vasitədir. Təbiidir ki, bununla hakimiyyətlə xalq arasında bir təmas növü də yaradılır. Özü də daha operativ tərzdə. Əvvəllər insanlar daha çox veb saytlara girib informasiya əldə edirdisə, indi buna o qədər də ehtiyac duyulmur. Bir bəyənmə düyməsini tıklamaqla, həmin saytın sosial şəbəkələr üzərindən paylaşdığı xəbərlərin özü bizim divarımızda görünür. Yəqin ki, hörmətli Əli müəllim və digər rəsmi şəxslər bügünkü günün reallıqlarını nəzərə alırlar. Hesab edirlər ki, informasiyanın xalqa daha opeartiv çatdırılması və eyni zamanda məlumatların əldə olunub ölkə rəhbərliyinin nəzərinə çatdırılmasında sosial şəbəkələrin imkanlarından istifadə etmək lazımdır. Buna görə də, mühüm dövlət postlarında çalışan şəxslərin sosial şəbəkələrdəki aktivliyi yalnız təqdir edilə bilər”.
Məhəmmədəli QƏRİBLİ