Hayların Qafqaza kütləvi şəkildə köçürülməsinin tarixi məlumdur. Buna baxmayaraq, onlar bu torpağın “qədim sakin”ləri olduqlarını iddia etməkdə davam edirlər və öz uydurmalarını “sübut” etmək üçün cild-cild kitablar yazır, xəritələr nəşr edirlər. Özlərini gah Urartuya, gah Albaniyaya, gah İberiyaya, gah da Bizansa calaq etmək istəyən hayların gerçək tarixi bizə onlar haqqında çox informasiyalar verir.
Əlbəttə, həm XIX, həm XX, həm də XXI əsrlərdə haylar (ermənilər) “Böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə cəhd ediblər və bununla bağlı layihələr, konsepsiyalar hazırlayıblar. Lakin onların bu “sənəd”ləri heç bir dövr üçün etibarlı olmayıb.
Onlar özlərinin Qafqazın “yerli sakin”ləri olmasını “sübut” etməsi üçün Sovet dövründə olduqca geniş fəaliyyət göstərsələr də, Sovet tarixşünaslığında onların bu yalanının yayılmasına elə də rəvac verilməyib. Yeri gəlmişkən, Sovet tarixşünaslığının yaradılmasında hay alimləri yaxından iştirak ediblər. Lakin onların qondarma və cəfəng fikirlərinin Sovet tarixşünaslığında, tarix dərsliklərində “ayaq tutub yeriməsi”nə o qədər də şərait yaradılmayıb. Sovet dövründə nəşr edilən tarix dərsliklərində “qədim Ermənistan dövləti”, yaxud “erməni çarlığı” anlayışına təsadüf edilmir. Lakin bu dərsliklərdə Azərbaycan xanlıqları, eləcə də gürcü çarlıqları barədə məlumatlara rast gəlinir. Doğrudur, bu dərsliklərdə Azərbaycan və gürcü xalqlarının tarixinin geniş şəkildə öyrənilməsinə şərait yaradılmırdı. Yalnız xanlıqların və çarlıqların bir-birinin torpaqlarına hücum etməsi haqqında danışılırdı. Şübhəsiz, Sovet tarixşünaslığının qarşısında duran əsas vəzifələrdən biri SSRİ tərkibində olan respublikaların tarixini unutdurmaq, vahid Sovet tarixşünaslığı yaratmaq idi.
Qasım Hacıyev: “Ermənilərin uydurması, yalanları, saxta dövlətləri haqqında fikirləri Sovet tarixçiləri tərəfindən qəbul edilmirdi”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Sovet tarixşünaslığında xalqların öz tarixlərini dərindən öyrənməsinə heç bir şərait yaradılmırdı. Onun qeyd etdiyinə görə, erməni əsilli tarixçi alimlər Sovet tarixşünaslığının formalaşdırılmadığı dövrlərdə, yəni keçən əsrin 20-30-cu illərində “Böyük Ermənistan” tarixinin yaradılması ilə bağlı müəyyən işlər görür, kitablar nəşr edir, Urartu dövlətinə qarşı açıq iddialar ortaya qoyurdular. Sovet tarixşünaslığının yaradılmasında erməni alimlərinin canfəşanlıq göstərdiyini deyən Q.Hacıyevin bildirdiyinə görə, Yeremyan və digər erməni tarixçilərinin əsas hədəfi tarix dərsliklərinə “Qədim erməni dövləti” anlayışını daxil etmək olub. Onların müxtəlif nəşrlər vasitəsilə yayılan bu məsələnin dərsliklərdə də əks olunmasına çalışdıqlarını deyən Q.Hacıyevin sözlərinə görə, onların bu niyyəti alınmayıb. “O dövrdə Yeremyanın rəhbərliyi ilə Sovet tarixşünaslığında erməni mafiyası dərin kök salmışdı. Yeremyan SSRİ Elmlər Akademiyasının Şərq bölməsinə rəhbərlik edirdi. Ümimiyyətlə, Gürcüstan, Azərbaycan və digər respublikalar haqqında yazılan kitablara o rəy verirdi, bu məsələyə nəzarət edirdi. Sovet dövrünün ilk illərində Yeremyanın, Kalantaryanın, Canpoladyanın və başqa alimlərin yazdıqlarının əsas qayəsini “qədim erməni dövləti yaratmaq” və onu Qafqazda yerləşdirmək təşkil edirdi. Erməni alimləri bu mövzuda kitablar çap edirdilər. Bu alimlərin kitabları nəşr edilsə də, sonrakı dövrlərdə onların “Qafqazda erməni dövləti”ni təbliğ edən fikirlərinə Sovet tarixşünaslığında və tarix dərsliklərində yer verilmədi. Şübhəsiz, onlar Ermənistan tarixi dərsliyini yazarkən burada Urartu dövlətinə qarşı iddialarını ortaya qoyurdular. Amma bütövlükdə bu məsələ Sovet tarixşünaslığında əks olunmurdu. Sovet tarixşünaslığında obyektivlik vardı. Rus, Ukrayna, Belarus alimləri ilə dəfələrlə konfranslar keçirmişik. Yadımdadır, Bakıda 1965-ci ildə Beynəlxalq Arxeologiya konfransı keçirilən zaman erməni alimləri onların cəfəng fikirlərini tənqid edən Sovet alimlərinin çıxışlarına etiraz olaraq zalı tərk etmişdilər. Onlar 1985-ci ildə keçirilən konfransda da eyni addımı atdılar. Erməni alimləri o konfransları ona görə tərk edirdilər ki, deməyə sözləri yox idi. Ermənilərin uydurması, yalanları, saxta dövlətləri haqqında fikirləri Sovet tarixçiləri tərəfindən qəbul edilmirdi. Sovet tarixçiləri yaxşı bilirdilər ki, Qafqazda erməni dövləti olmayıb və ona görə də Sovet tarixşünaslığında, dərsliklərdə onların uydurmalarının yayılmasına qarşı çıxırdılar. Bilirsiz, Sovet tarixşünaslığında senzura var idi və o senzuranın da yaxşı cəhəti o idi ki, erməni yalanının, uydurmasının dərsliklərdə yer almasına imkan verilmirdi. Ermənilər öz qondarma dövlətçilik anlayışlarını Sovet tarixşünaslığına saldıra bilmədilər”-deyə Q.Hacıyev bildirdi.
Onun qeyd etdiyinə görə, erməni alimlərinin cəfəngiyat dolu yazılarının, məqalələrinin əsasını Gürcüstan, Azərbaycan torpaqlarına qarşı əsassız iddilar təşkil edirdi, lakin bunlar dərsliklərdə əks olunmurdu.
Ülviyyə NAĞIYEVA