Azərbaycanın əsas strateji mütəffiqi olan Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud siyasəti, ölkəmizə verdiyi dəstək Ermənistanda hər zaman xüsusi narahatlıq doğurub. Bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan diplomatik korpuslarının rəhbərləri ilə görüşü zamanı bir daha təsdiqlədi. Onun sözlərinə görə, Ermənistanın blokadası və Azərbaycana Qarabağ məsələsində Türkiyə tərəfindən dəstək verilməsi ermənilərin təhlükəsizliyi üçün təhdid yaradır: “Türkiyənin Ermənistanla diplomatik münasibətlərin bərpasından imtinası, iqtisadi blokada, “erməni soyqırımı”nın inkarı, eləcə də Azərbaycana Qarabağ məsələsində dəstək Ermənistan üçün ciddi təhlükəsizlik təhdidi yaradır”.
Ekspertlər bildirir ki, əslində, erməni tərəfinin bu narahatlıqları heç də əbəs deyil. Məsələ bundadır ki, Azərbaycan-Türkiyə münasibətləri indi Qafqazın geosiyasətində mühüm rol oynayır və regionun digər ölkələri ilə, xüsusən də Qarabağ bölgəsini işğal etmiş Ermənistan üçün ciddi problemlər yaradır. Məhz belə vəziyyətdə Ermənistan üçün böyük qorxu yaradan amillərdən biri Türikyənin Qafqazda daha da möhkəmlənmək niyyəti və bu prosesə Rusiyanın müvafiq şərait yarada bilməsi ilə bağlıdır. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Moskva vilayətinin Jukovsk şəhərində son görüşü fonunda Ermənistanda bu narahatlığın daha da artması müşahidə olunur. Məsələ bundadır ki, Türkiyə düşmənləri, o cümlədən də Ermənistan Suriyanın İdlib şəhəri ətrafında yaranan ziddiyyət üzündən Ankara və Moskva münasibətlərində ciddi çat yarancağını gözləyirdilər. Amma səfər zamanı aparılan müzakirələr və razılaşmalar bu ümidərin üzərindən xətt çəkdi. Əksinə, Rusiya-Türkiyə münasibətlərinin bundan sonra daha da möhkəmlənməsi proqnozlaşdırılır. Xüsusən də hərbi sahədə. Rusiya və Türkiyə prezidentləri Su-35 və Su-57 qırıcı təyyarələri ilə bağlı müzakirə aparıblar. Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib ki, Su-35 və Su-57 qırıcı təyyarələri barədə müzakirə aparıblar: "Təkcə almağı yox, həm də birlikdə istehsal etməyi müzakirə etdik". Artıq istisna deyil ki, S-400 raketlərindən sonra Türkyə həm də Rusiyadan qırıcı təyyarələr alacaq. Bu isə iki ölkənin hərbi əlaqələrinin daha da möhkəmlənməsi deməkdir.
Birgə təyyarə istehsalı iəl yanaşı, tərəflər Suriya məsələsini, kosmosda əməkdaşlığı, iqtisadi münasibətləri və digər məsələləri də müzakirə ediblər. Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov isə bağlı qapılar arxasınad tərəflərin Qafqazı, o cümlədən Qarabağ məsələsini də müzakirə obyektinə çevirdiklərini istisna etmir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar prosesində formalaşan vəziyyətlə bağlı iki prezidentin fikir mübadiləsi aparması tamamilə normaldır. Ekspert qeyd edib ki, iki lider Qarabağ münaqişəsi ilə bağlı yaranmış durumdan narahatdır: "Qarabağ məsələsinə gəlincə, bu mövzu da Putin və Ərdoğan arasında şübhəsiz ki, müzakirə olunub, ən azından fikir mübadiləsi aparılıb. Bundan başqa, daha vacib dünya problemləri var. Onlara, o cümlədən, Azərbaycanı cəlb etmək yolu ilə birgə səylərlə nəzarət etmək lazımdır. Mən, həmçinin radikal erməni ekstremistlərdən ibarət terror qruplarının Dağlıq Qarabağ ərazisində qanunsuz hərbi birləşmələrin möhkəmləndirilməsi məqsədilə Suriyadan Azərbaycanın işğal olunmuş torpaqlarına daxil olmasının qarşısının alınmasını nəzərdə tuturam". Onun fikrincə, son vaxtlar Azərbaycan və Ermənistanın rəsmi nümayəndələri arasında müxtəlif səviyyədə keçirilmiş görüşlər “bir qədər birtərəfli xarakter” daşıyır: "Bir tərəfdən, Bakı danışıqlar prosesini davam etdirmək və İrəvanla hansısa konsesusa gəlmək istəyir, digər tərəfdən isə İrəvanın heç bir razılığa gəlməmək istəyi göz qabağındadır. Baş nazir Nikol Paşinyanın "miatsum"la bağlı cəfəng bəyanatları da Ermənistanın destruktiv mövqeyini gücləndirir". Ekspert diqqətə çatdırıb ki, hazırda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlar prosesində pat vəziyyət formalaşır: "Çox güman ki, daha sərt və üçüncü ölkələrlə razılaşdırılmış üsullardan istifadə etməklə bu vəziyyətdən çıxmaq lazım olacaq. Məhz bu məqama Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın toxunması tamamilə məntiqli və normaldır. Çünki iki ölkə üçün Qafqaz da mühüm əməkdapşlıq məkanıdır". Ekspert xatırladır ki, tərəflər məhz Azərbaycanın iştirakı ilə birgə mühüm layihələr həyata keçirir. Digər tərəfdən onu da nəzəər almaq lazımdır ki, Azərbaycan Rusiya və Türkiyə arasında əməkdaşlığın daha da dərinləşməsini istəyən ölkələrdəndir və bu proses Bakının maraqlarına tam cavab verir. Məsələ bundadır ki, Rusiya və Türkiyə Avrasiyada söz sahibi olan ölkələrdir. Son illər isə Moskva ilə Ankara arasında əlaqələr sürətlə inkişaf edir. Türkiyənin NATO üzvü olmasına baxmayaraq, bu, hərbi sahəni də əhatə etməyə başlayıb. Bunun fonunda iki böyük dövlət arasında siyasi, mədəni, nəqliyyat, enerji, turizm və başqa vacib sferalarda qarşılıqlı faydalı əməkdaşlıq inkişafdadır. Görünən budur ki, Ankara və Moskva əlaqələri daha yüksək səviyyəyə yüksəltməkdə qərarlıdırlar. Azərbaycan da iki böyük qonşu dövlət arasında əməkdaşlığın inkişafına özünün töhfələrini verməkdədir. Bu fonda isə faktiki olaraq bir çox sahələr üzrə bu üç ölkənin əməkdaşlığından danışmaq mümkündür. Hazırda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı regional və qlobal miqyasda geosiyasi və enerji-təhlükəsizlik sisteminin yaradılmasına ciddi töhfələr verir. Digər tərəfdən, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı Cənubi Qafqazda geosiyasi mühitin sabitləşməsinə töhfələr vermək iqtidarındadır. Ermənistan məhz bu məqamı hiss edib ciddi narahatlıq keçirir. Ermənistanın “İravnuk“ qəzeti yazır ki, Azərbaycan Rusiya və Türkiyə yaxınlaşmasından istfiadə edib regionda özü üçün daha əlverişli şərait yarda bilsə, onda İrəvanı daha ciddi problemlər gözləyir: “Görünən budur ki, Qərb təzyiqlərinə rəğmən, Ankara Moskva ilə daha da yaxınlaşacaq və bu hal mütləq mənada Qafqaza da təsirsiz ötüşməyəcək. Onda Azərbaycan Qarabağ məsələsində mövqelərini bir qədər də gücləndirə biləcək“. Beləliklə, real mənzərə göstərir ki, getdikcə daha da dərinləşən və genişlənən Türkiyə-Azərbaycan-Rusiya əlaqələri regionda Bakının mövqeyini gücləndirsə də, Ermənistanı daha zəif duruma salır. Bunların fonunda Ermənistanın heç bir real addımı gözə dəymir və o, daha aciz vəziyyətə düşür. Ekspertlər qeyd edir ki, bu durumda İrəvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə real addımlar atması zərurətə və qaçılmaz reallığa çevrilir. Əks təqdirdə Ermənistanın buna savaş yolu vadar edilməsi də qaçılmaz sayılır.
Qeyd edilənlərdən bəlli olur ki, regionda yaranmış vəziyyət Qarabağ münaqişəsinin də həlli baxımından yeni bir durum formalaşdırıb. Burada ümumi mənzərə Azərbaycanın lehinədir və Ermənistanın da bunu nəzərə alıb münaqişənin dinc müstəvidə həlli istiqamətində real addımlar atması lazımdır. Əks təqdirdə İrəvanı Bakının sərt zərbələri gözləyir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Zöhrab Mnatsakanyan diplomatik korpuslarının rəhbərləri ilə görüşündə separatçı rejimi münaqişədə ayrıca tərəf kimi təqdim etmək niyyətinə cavab olaraq yaydığı bəyanat da aydın surətdə təsdiq edir. Bəyanatda qeyd olunub ki, Ermənistan xarici işlər nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması, Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır: “Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəsüflə qeyd olunmalıdır ki, bu gün rəsmi İrəvan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil”. Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da qeyd edir ki, Azərbaycanın hər bir imkandan istifadə edərək, öz hərbi-siyasi və iqtisadi gücünü artırmaq hüququ var. O, Azərbaycan və Türkiyənin Ermənistanla bağlı hazırda yürütdüyü siyasəti alqışladığını bildirib: “Ermənilər Azərbaycan torpaqlarını işğal edib və etnik təmizləmələr aparıblar. Hazırda Ermənistan tərəfinin bu reaksiyası təəccüblü görünür. Çünki özləri güc yolu ilə bizim torpaqlarımızı işğal altında saxlayarkən narazılıq edirlər ki, Azərbaycan bunun aradan qaldırması üçün cəhd göstərir. Çox qəribə bir məntiqdir. Bunu “erməni məntiqi” adlandırardım. Azərbaycan hər bir imkandan istifadə edib, öz torpaqlarını azad etməli və etnik təmizləmələr nəticəsində didərgin düşmüş vətəndaşlarını evlərinə qaytarmaq üçün hər bir addımı atmalıdır. Azərbaycan öz konstitutsion hüququnu istifadə etmək haqqına sahibdir və bunun üçün hər bir imkandan istifadə etməlidir”. Beləliklə, real vəziyyət bir daha təsdiqləyir ki, Ermənistan indiki siyasətindən geri çəkilməsə, onda Qarabağ məsələsi güc yolu iəl həllini tapacaq. Bu zaman regionda yaranan geosiyasi vəziyyət də tamamilə Azərbaycanın lehinə olacaq. Çünki Ermənitstanın bu vaxta kimi güvəndiyi Rusiya indi İrəvan yox, Bakı, Ankara ilə münasibətlərin inkiaşfında daha çox maraqlı tərəf qismində çıxış edir. Bu isə regionda, o cümlədən Qarabağ münaqişəsi ətrafında tamamilə yeni geosiyasi vəziyyət yaradır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.