Son dövrlərdə Ermənistanda getdikcə genişlənən etiraz aksiyaları bu ölkədə hökumətin fəaliyyətini tədricən iflic vəziyyətinə salmaqla yanaşı, yeni iqtidar çevrilişini də istisna etmir. Artıq Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan vətəndaşları baş nazir Nikol Paşinyan əleyhinə üsyana qalxmağa çağırıb.
Hazırda xaricdə yaşayan Mikayıl Minasyan yeni hökuməti səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə əvvəlki hökumət üzvlərindən qisas almaq məqsədilə gəlib: “Paşinyan Robert Köçəryanı həbs etdirib. Yaxın günlərdə isə keçmiş müdafiə naziri Seyran Ohanyanın və başqa generalların həbs tapşırığını verəcək”. Xatırladaq ki, Mikayıl Minasyanın özünü də həbs gözləyir. Onun adı korrupsiyada hallanır. Amma Mikayıl Minasyanın da daxil olduğu “Qarabağ klanı” ölkədə artan etrazlardan istfiadə edib Paşinyanı devirməyə çalışır.
Hazırda baş verənlər isə Paşinyanın mövqelərinin sürətlə laxlamaqda olduğunu göstərir. Müxtəlif vilayətlərdə artıq Paşinyan əleyhinə genişmiqyaslı aksiyalar təşkil olunur. Məsələn, Tavuş vilayətində təşkil edilən aksiyaya qatılanlar bildirir ki, bir il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan problemlərin öhdəsindən gəlməkdə acizdir və bu səbəbdən istefaya getməlidir. Məmur özbaşınalıqları da vətəndaşların səbrini tarıma çəkib. Bunlar fonunda Rusiyanın “Kommersant” qəzeti yazır ki, Paşinyana ən böyük zərbə Amulsar mədəninin istismarı ətrafında yaranmış qalmaqala görə dəyə bilər. Nəşr qeyd edir ki, mədənin istismarı Göyçə gölünü və Cermuk mədən bulağını çirkləndirə bilər: “İndiyədək Paşinyan nümayişçiləri inandırmağa çalışsa da, hazırda fasilə götürərək, əlavə ekspertiza keçirilməsinə qərar verib. Amulsar mədənində geoloji tədqiqat işləri hələ 2006-cı ildən aparılmağa başlayıb. 2014-cü ildə hökumət mədənin istismarına icazə verib, lakin işlər 2016-cı ildən başlayıb. Həmin dövrdə də yerli sakinlər qəbul edilən qərardan narazılıq bildirib. Buna baxmayaraq, mədəni istismar edən şirkət vəd verib ki, fəaliyyətləri beynəlxalq standartların tələblərinə cavab verəcək və layihə Ermənistan tarixində ən böyük xarici sərmayə olacaq”. Nəşr qeyd edir ki, Paşinyan, həmçinin bir çox müxalifət liderləri hakimiyyətə gəlmədən öncə ekoloqların fikri ilə həmrəy idi. Lakin indi həmin həmrəylik birliyinin dağıldığını demək olar: “İnqilabdan sonra 2018-ci ilin iyun ayında yerli sakinlər mədənə gedən yolu bağlayıb. 2019-cu ilin avqust ayında hökumət nümayəndələri və “Mənim addımım” hakim ittifaq deputatları fəal şəkildə Amulsar mədəninin istismarının iqtisadi faydaları haqqında manipulyasiya etməyə başladılar. Bir həftə öncə nəhayət Paşinyan mədənin istismar edilməsinin lehinə çıxış edib. Ekoloqların və əhalinin böyük bir hissəsi Paşinyanın bu qərarı ilə razı olmayıb. Paşinyan “Facebook” səhifəsində canlı yayıma çıxaraq, bir illik fəaliyyətsizlikdən sonra “Lydian İnternational” şirkətinə öz fəaliyyətinə davam etdirməyə icazə verəcəyini bildirib. Paşinyan yeraltı su sisteminin Cermuk, Koçut su anbarları və Göyçə gölünün suları ilə əlaqəsinin olmadığını, hətta zəlzələ olduğu halda belə suyun qarışmasının mümkünsüz olduğuna dair ELARD beynəlxalq ekspertizasının rəyinə münasibət bildirib. Baş nazirin çıxışından dərhal sonra onun səhifəsinə çox sayda şərhlər gəlməyə başlayıb. Bundan sonra Paşinyan qısa fasilə götürməyə məcbur olub. Paşinyan, Ermənistan hökuməti tərəfindən Amulsar mədəni ilə bağlı ELARD beynəlxalq şirkətinin rəyinin Təbiəti Mühafizə Nazirliyinə göndəriləcəyini, ikinci ekspertizaya ehtiyacın olub-olmadığının müəyyən ediləcəyini bildirib. Yeri gəlmişkən, bundan öncəki ekspertiza Ermənistan büdcəsinə 400 min dollar hesabına başa gəlib. Ötən bir həftə ərzində Paşinyan və onun komandasının üzvləri mədənin istismara verilməsinin məqsədəuyğunluğuna dair cəmiyyətin fikrini dəyişməyə çalışır. Baş nazirin Cermuka gözlənilməz səfəri də həmin məqsədə xidmət edib. Lakin bu səfər onun hakimiyyətə gəlməsindən sonra baş verən ən uğursuz səfəri olub”. Rusiyalı politoloq, tarixçi qafqazşünas Oleq Kuznetsov isə diqqəti maraqlı bir məqama çəkərək bildirir ki, Amulsar mədənində ekoloqlar və onları dəstəkləyən yerli icmaların etirazlarına əks olaraq işlərin yenilənməsinə icazəni Paşinyan sərt xarici pressinq altında verib. Onun sözlərinə görə, Paşinyanı bu addıma iki makroiqtisadi səbəb məcbur edib. O, birinci səbəbin hətta xarici borclanma hesabına qapadılmasının qeyri-mümkün olduğu dövlət büdcəsindəki xroniki defisitlə əlaqədar olduğunu bildirib: “Son üç il ərzində Ermənistanda büdcə defisiti ildə 340-370 milyon dollar təşkil edib. Son üç il ərzində ölkənin hakimiyyəti 1 milyard dollardan çox borclanıb ki, bu da illik dövlət büdcəsinin 30-40%-ni təşkil edir. Belə şəraitdə qızıl hasilatı üçün işlərin yenilənməsi pul əvəzində borc vərəqələri ilə dolu olan boş dövlət xəzinəsi üçün ən sürətli vasitə mənbəyidir”.
Kuznetsov Paşinyanın Amulsar mədənini işə salmasının ikinci səbəbinin Ermənistanın dünya kredit bazarındakı imiciylə əlaqədar olduğunu deyib: “Ölkə təkcə qlobal borc çuxuruna yuvarlanmır, həm də bundan necə çıxacağıyla bağlı heç bir dəqiq təsəvvürü yoxdur. Ermənistanın qarşılığında kredit alacağı və ya investisiya cəlb edəcəyi heç nəyi qalmayıb. SSRİ zamanından qalan energetika şəbəkələri total olaraq köhnəlib, mühəndis infrastrukturası kollapsa yaxındır. Bir müddət əvvələ qədər ölkə elə bir situasiyada idi ki, büdcə vasitələri hesabına bütün ölkədə xüsusi ehtiyacı olanlara yalnız bir yaşayış evini tikmək mümkün olub. Belə şəraitdə qızıl hasilatına xarici investisiyaların cəlbi Paşinyan hökumətinin iqtisadi siyasəti üçün tunelin sonundakı yeganə işığa bənzəyir. Əgər Paşinyan ekoloqlar və yerli əhaliyə güzəştə getsə, öz ölkəsinin yerdə qalan investisiya cəlbediciliyini xarici kapital üçün tam olaraq itirmək riskiylə üz-üzə qalacaq”. Ekspert ”axar” portalına açıqlamasında hökumət və ictimaiyyət arasında bu mədən ətrafında yaranmış konfliktin Paşinyan və ətrafının populist siyasətinin final nöqtəsi olduğunu deyib: “Məsuliyyətli hökumət məsuliyyətli qərarlar verməlidir. Bu, təxminən təqaüd yaşının artırılmasına bərabərdir. Yəni tədbir qeyri-populyardır, amma mövcud sosial-iqtisadi reallıq üçün həddən artıq vacibdir. Bununla əlaqədar olaraq, mən hələ də sağlam məntiqə zidd olaraq, guya əhalini doyuzdurub, müdafiə edən müdrik sərkərdə haqqında deyilən nağıllara inanan erməni xalqının sadəlövhlüyünə təəccüb edirəm. Əslində isə real həyatda belə olmur. Məxməri inqilab illüziyalarının cəlbediciliyi sona çatır. “Erməni qızılı Ermənistan hakimiyyətini doyuzdurmaq məcburiyyətindədir” tezisi artıq İrəvanda müzakirə edilmir. Paşinyanın böyük populizm dövrü keçmişə qarışır, Ermənistana sosial etirazlar və ictimai konfliktlər dövrü gəlir”. Bunu Rusiyanın ”reqnum.ru” poratlı da təsdiq edir. Portal yazdığına görə, durum o dərəcədə ciddiləşib ki, Nikol Paşinyan postunu tərk edə bilər: ”Paşinyanın hər bir yeni hərəkəti artıq xalqda məyusluq doğurur. Mədənin istismarı haqda qərar hətta hakim“Vətəndaş müqaviləsi” partiyasının özündə də üzvləri iki düşərgəyə böldüsə, deməli, tezliklə yeni etiraz hərəkatlarının yeni liderlərini görərik. İstisna deyil ki, etirazlar sürəkli olacaq, qışın gəlişilə fəallıq azalacaq, hakimiyyət də hər yolla onu boğacaq: həbslər, saxlamalar, aksiya keçirməyə qadağalar. Bu, yeni inqilaba, ya da ola bilsin, hətta çevrilişə dönə bilər”.
Nahid SALAYEV