17/11/2019 18:58
728 x 90

47 erməni alpinist Ağrı dağının başında separatçı “DQR”in bayrağını kimin icazəsi ilə qaldırdı...

“Ermənilərdən ibarət heyət heç Ağrı dağına buraxılmamalı idi”

img

Ermənilər növbəti dəfə təxribata əl atıblar. Ən maraqlısı budur ki, onlar növbəti siyasi məzmunlu təxribatlarını qardaş Türkiyənin ərazisində həyata keçirməyə müvəffəq olublar. Erməni KİV-lərinin verdiyi məlumata görə,  12 ölkədən toplaşan 47 erməni alpinist Türkiyənin Ermənistanla sərhədi yaxınlığında yerləşən Ağrı dağında Ermənistan bayrağı ilə yanaşı, qondarma Qarabağ rejiminin “bayrağı”nı da qaldırıblar.

Tədbir dünya ermənilərini öz sıralarında birləşdirən “Homenetmen” idman təşkilatı tərəfindən təşkil olunub. Xatırladaq ki, ermənilər “Ararat” deyə adlandırdıqları Ağrı dağına iddia edirlər. Dağın təsviri Ermənistanın dövlət gerbində də əks olunub.  Belə olan halda sual yaranır: Belə təxribatçı bir tədbirin  keçirilməsinə niyə icazə verilib?

  • İsmayıl Ağayev: “Ümid edirəm ki, bundan sonra qardaş ölkə belə tədbirlərlə bağlı həssaslıq nümayiş etdirəcək”

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, bu cür məsələrdə qardaş ölkənin və bizim özümüzün də həssas olmağımız lazımdır: “Bilirsiniz ki, ermənilər Türkiyədə bir çox ərazilərə və tarixi abidələrə iddia edirlər. Onların daha çox ayaq açdığı həssas bölgələr Qars, İğdır, Vandır. Buna görə də biz həmin ərazilərdə kopleks tədbirlər keçiririk, layihələr icra edirik. Məsələn ermənilər bölgədə yerləşən Akdamar adasındakı tarixi Akdamar kilsəsini özlərininki kimi qələmə verir.  Ora da mütəmadi ziyarətlər edib, ordan öz xeyirlərinə təbliğat aparırlar. Bir neçə gün əvvəl biz  həmin kilsənin əsl sahiblərini ora apardıq. Ziyarətdə Azərbaycanda fəaliyyət göstərən Alban-Udin Xristian Dini İcmasının sədr müavini Rafik Danakari və icmanın üzvü Sevan Maqari iştirak ediblər. Dini icmanın rəsmiləri tərəfindən kilsədə ayin keçirilmiş və dualar edilib. İcma rəsmisi Rafik Danakari ayindən sonra Türkiyə mətbuatına açıqlama verərək bu bölgədə mövcud olan kilsələri ermənilərin özününküləşdirmə siyasətini pisləyib. O, açıqlamasında Azərbaycanda olduğu kimi Türkiyənin Van bölgəsində də kilsələrin Alban kilsəsi olduğunu və ermənilərlə yaxından-uzaqdan heç bir əlaqələrinin olmadığını bildirib. O, Türkiyə hökumətinə Akdamar kilsəsində ziyarət üçün yaradılmış şəraitə görə təşəkkür edərək, bölgə insanlarını sülhə çağırıb.  Bu faktı təsadüfən xatırlatmadım. Yəni Türkiyədəki həssas bölgələr, yerlərlə işləmək lazımdır. Çox təəssüf edirəm ki, bəzi təşkilatlar gedib qapalı məkanlarda şəkil çəkdirməklə məşğul olurlar. Arğı dağı ilə bağlı da təbliğat güclənməlidir, bizim orda silsilə tədbirlər keçirməyimizə ehtiyac var. Hesab edirəm ki, qardaş ölkənin əlaqədar qurumları da bu məsələdə həssaslıq nümayiş etdirməlidir. Ermənilərdən ibarət heyət heç Ağrı dağına buraxılmamalıydı. Çünki onlar dövlət səviyyəsində o dağa iddia edirlər. Həmin tədbirlə onlar iki hədəfi vurublar. Həm Ermənistan bayrağını qaldırmaqla dağın onlara aid olduğunu bəyan ediblər, ikinci bir tərəfdən isə separatçı qurumun təbliğatını aparıblar. Ümid edirəm ki, bundan sonra qardaş ölkənin əlaqədar yerli hakimiyyətləri belə tədbirlərlə bağlı həssaslıq nümayiş etdirəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər