Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti sərsəm bəyanatla çıxış edib. Bu dəfə Paşinyan güya tarixə ekskurs edərək, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən “çıxmasını” SSRİ amili ilə əlaqələndirməyə çalışıb. Ermənistanın baş naziri bildirib: "...Azərbaycan SSRİ-ni tərk etdi və burada qəribə bir şey yox idi, Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycan SSR-ni elə tərk etdi və bu da qəribə bir şey sayılmamalıdır".
Aydın şəkildə görünür ki, Paşinyan siyasətdə diletantdı. Çünki o bilməlidir ki, Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi təyin olunduğu beynəlxalq təşkilatların rəsmi sənədləri var və heç bir beynəlxalq qurum sərhədlərimizə etiraz etməyib. Əksinə, dünya ərazi bütövlüyümüzü tanıyıb. SSRİ Konstitusiyasına görə, Azərbaycan, bütün ittifaq respublikaları kimi, İttifaqdan ayrılmaq hüququna sahib idi, ancaq muxtar qurumlarda belə hüquq olmayıb. Bundan əlavə, Azərbaycan BMT və digər beynəlxalq qurumlara Dağlıq Qarabağla birlikdə daxil olub və bu, rəsmi sənədlərdə öz əksini tapıb.
Belə olan təqdirdə, Paşinyanı məlum savadsız və heç bir əsası olmayan bəyanatı verməyə nə sövq edib?
Aydın Mirzəzadə: “Paşinyanın Dağlıq Qarabağdakı separatizmə yeni don geyindirməsi onların arqumentlərinin tükəndiyinə dəlalət edir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın səsləndirdiyi bu bəyanat doğrudan da gülməlidir: “Hər halda, dövlət başçısı nə danışdığının fərqində olmalıdır. Biz Paşinyan tərəfindən belə əsassız bəyanatların səsləndirilməsinin ilk dəfə deyil ki, eşidirik. Muxtar Vilayətlərin heç vaxt belə səlahiyyəti olmayıb. Bununla bağlı hər hansı variant ortya qoyula bilməz. Yəqin ki, belə mexanizm olsaydı, bir çox Muxtar Vilayətlər öz müstəqilliklərini elan etmiş olardı. SSRİ-nin tərkibi isə 15 müttəfiq respublikadan ibarət idi və onların müstəqil qərar vermək kimi səlahiyyəti vardı. Buna görə də, onlar SSRİ-dən çıxmaq qərarını verdilər. Həmin qərar müttəfiq respublikalar tərəfindən kollegila şəkildə verilib. Paşinyanın Dağlıq Qarabağdakı separatizmə yeni don geyindirməsi, onların arqumentlərinin tükəndiyinə dəlalət edir. Azərbaycan başqa müttəfiq respublikalar kimi öz müstəqilliyini tam qanuni əsaslarla elan edib. Bununla sübut olunur ki, Nikol Paşinyanın tarixdən anlayışı yoxdur. O, hakimiyyətə gəldiyi dövrdən qısa müddət sonra bəyan etdi ki, onun Dağlıq Qarabağın adından danışmaq kimi səlahiyyəti yoxdur. Belədirsə, nədən o son dövrlər Qarabağla bağlı özünə aidiyyəti olmayan bəyanatlar səsləndirir? Artıq necənci dəfədir ki, Azərbaycan ərazisinin bir hissəsini Ermənistana aid edir və bunu müxtəlif yollarla əsaslandırmağa çalışır. Mümknüdrü ki, Paşinyan bunları məqsədli şəkildə ortaya atır. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqla bağlı verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün edir. Bir növ populizmlə əhalinin başını qatmaq istəyir. Dağlıq Qarabağ kartı həssas olduğundan, o bu yola əl atıb və bir müddət özünün dediklərini də tam unudaraq, separatçıların sözçüsü qismində çıxış edir. İstənilən halda, bu gedişlər Paşinyanı məsuliyyətdən azad etmir. Artıq erməni xalqı onları aldadan Paşinyandan verdiyi vədləri yerinə yetirməyin hesabatını tələb etməyə başlayıb”.
Məhəmmədəli QƏRİBLİ