Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bəyan edib ki, Nikol Paşinyan BMT Baş Assambleyasının 74-cü sesiyasında iştirak etmək üçün ABŞ-a yollancaq. Onun senyabrın 17-sində BMT tribunasından mərüzə edəcəyi də planlaşdırılır.
Çox maraqlıdır, BMT rəhbərliyi Paşinyana bu şəraiti yaratmalıdırmı? Dünyada sülh və əminamanlığın bərqərar olması kimi ali missiyanı üzərinə götürən BMT hər halda bəzi incə detallara ciddi fikir verməlidir. Başa düşürük, BMT platformasından istənilən ölkənin başısının çıxış etmək kimi hüququ var. Ancaq Paşinyanın bütün fəaliyyəti BMT-nin nizamnaməsi ilə ziddiyyət təşkil edir. Nikol Paşinyan və indiyə qədər ona qədər olan bütün Ermənistan rəhbərləri BMT tribunasından əsasən Dağlıq Qarabağdakı separatizmə haqq qazandırmaq üçün istifadə ediblər. Onların indiyə qədər BMT-də olan çıxışlarına qulaq asılsa, bu qənaət hasil olar. Ancaq onlar Dağlıq Qarabağdakı separtçıları hər zaman “müstəqil” olan bir qurum kimi qələmə veriblər, sadəcə, erməni təssübkeşliyi baxımından həmin rejimin “haqq səsini” BMT-də səsələndirkilərini bildiriblər. Nikol Paşinyan da hakimiyyətə gələndə bəyan etdi ki, onun başqa dövlətin rəhbəri kimi Dağlıq Qarabağdakı separatçı rejimin adından danışmaq kimi səlahiyyəti yoxdur. Ancaq üstündən bir müddət keçəndən sonra o, işğal altında olan Dağlıq Qarabağ ərazisinə gələrək, ordakı mitinq iştirakçıları qarşısında “miatsum” şuarını səsləndirdi. Qeyd edək ki, Ermənistanla Dağlıq Qarabağın birləşməsi mənasını verən bu şuar 1988-ci ildən sonra ilk dəfəydi ki, Ermənistan rəhbəri tərəfindən açıq şəkildə səslənirdi. Bundan əlavə, Paşinyan məhz həmin mitinqdə Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bəyan etdi. Bununla da Paşinyan faktiki olaraq bir ölkə rəhbəri kimi, Dağlıq Qarabağın işğalının başında Ermənistanın durduğunu rəsmən təsdiqləmiş oldu. Hətta Paşinyan başqa arqumentlərə də əl ataraq, Dağlıq Qarabağdakı separatizmə qanuni don geyindirməyə çalışır. O, bəyan edib ki, Azərbaycan necə SSRİ-dən çıxmaq haqqına və hüququna sahib olubsa, Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycanın tərkibindən çıxmaq səlahiyyətində olub.
Ermənistan diplomatiyasına rəhbərlik edən şəxs isə Azərbaycanı birbaşa separatçı rejimlə danışıqlara getməyə dəvət edir. Hətta hədələyici tonda bəyan edir ki, güya Azərbaycan hərbi-siyasi balansı pozur və regional stabilliyə təhdid yaradır. Bakını təhdid edən nazir Ermənistan və Qarabağın regionda sülhün tətbiqi üçün yetərli qədər gücünün olduğunu deyib.
Mnatsakanyan bildirib ki, əgər Bakı konfliktin sülh yoluyla həllində maraqlıdırsa, o zaman Qarabağdakı rejimlə danışıqlarda maraqlı olmalıdır.
Bu, Ermənistan rəsmilərinin beynəlxalq hüququn pozulmasını özündə əks etdirən ilk açıqlaması deyil.
Bir müddət əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan bəyan etmişdi ki, onlar “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyiblər.
Tonoyan bunu Nyu Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh edərkən deyib:
“Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, “ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür”.
Tonoyan onu da bildirib ki, bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq: “Biz bu “xəndək vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq” .
Ən maraqlısı isə müdafiə nazirinin bu bəyantına Paşinyanın reaksiyası olub. Paşinyan demişdi: “Tonoyan düz danışıb, elə danışmasaydı onu işdən çıxarardım”.
Bütün bu faktlar sübut edir ki, Paşinyan və onun idarə etdiyi komanda BMT-nin prinsiplərinə heç bir sayğı göstərmir, əksinə, onunla daban-dabana zidd olan mövqe sərgiləyirlər. Hər halda, BMT rəhbərliyi bütün bunları nəzərə alıb, Paşinyan kimi separatizmi dəstəkləyən bir ölkə rəhbərinə öz tribunasından məruzə etməyə imkan verməməlidir. Belə icazəni verməklə BMT öz reputasiyasını zədələmiş olur. İşğalı, separatizmi, müharibəni təşfiq edən rejimin başçısı və BMT tribunası heç də bir-biri ilə harmonya yaratmır. Hər halda, BMT rəhbərliyi bununla bağlı ciddi düşünüb və obyektiv qərar qəbul etməlidir...
Məhəmmədəli QƏRİBLİ