Məlum olduğu kimi, özünü virtual dünyanın “qəhrəmanı” hesab edən radikal müxalifət təmsilçiləri Azərbaycan dövləti əleyhinə anti-təbliğat kampaniyası aparmaqda davam edirlər.
Sosial şəbəkələrdə baş alıb gedən hərcmərclik o yerə gəlib çatıb ki, radikallar Azərbaycan xalqına xas olmayan ifadələr işlədirlər. Bu da milli dəyərlərimizə kölgə salır. Sosial şəbəkələr informasiya vasitəsi kimi müasir texnologiyanın yaratdığı bir şəbəkədir. Bu vasitədən normal insanların istifadə etməsi hər bir kəsin intellektinin inkişafına, informasiyanın yayılmasına və digər mühüm əhəmiyyət kəsb edən proseslərin getməsinə xidmət edir. Adətən mübarizəni sivil qaydada apararlar. Ancaq bu gün ölkədə sivil qaydada mübarizə apara biləcək radikal müxalifət yoxdur.
Müşahidələr göstərir ki, radikal, söyüşcül müxalifətin sosial şəbəkənin imkanlarından geniş müstəvidə istifadə etməsinə rəğmən, onların heç biri yüksək intellektual səviyyə nümayiş etdirə bilmir. Əvvəlki kimi qaraguruhçu mövqedən çıxış edərək söyüş söyməklə, istənilən məsələyə qərəzli yanaşmaqla, ortaya tutarlı arqument qoymamaqla özlərini ifadə edirlər. Ötən 26 ildə dəyişmədiklərini açıq formada ortaya qoyurlar. Bir nəfər belə olsun radikal müxalifət nümayəndəsi göstərmək olmaz ki, sosial şəbəkələrin timsalında yüksək intellektual səviyyə, geniş bilik dairəsi ortaya qoysun.
Maraqlıdır, bütün bunlar nəyin göstəricisidir?
Azər Həsrət: “Bu adamların təfəkkürləri sadəcə olaraq quruyub və qalıb keçmişdə...”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət bunu bir sıra faktorlarla əlaqələndirdi: “Radikalların sosial şəbəkələrdəki davranışları onların intellektdən uzaq olduqlarını göstərir. Bu adamlar 30 il öncə hansı təfəkkürün sahibi idilərsə, bu gün də o düşüncə ilə hərəkət edirlər. Otuz il əvvəl hardasa bunu başa düşmək olardı. Azərbaycan müstəqillik əldə edirdi, SSRİ sistemindən qurtulurduq, insanların təcrübəsi yox idi, bolşevizum təsirləri var idi. O baxımdan onları başa düşmək olardı. Ancaq aradan bu qədər müddət keçdikdən sonra da radikalların həmin təfəkkürlə hərəkət etməsi nörmal deyil. Sosial şəbəkələrdə söyüş söyməklə, qərəzli danışmaqla özlərini ifadə edirlər. Bu ondan xəbər verir ki, radikalların inkişaf potensialı, zamanla ayaqlaşmaq imkanları yoxdur. Bu adamların təfəkkürləri sadəcə olaraq quruyub və qalıb keçmişdə. İndi də həmin düşüncə ilə də hərəkət edirlər. Ona görə də radikalların heç bir uğuru haqqında danışa bilmirik. Yəni onlar siyasi səhnədə hər hansı bir uğur qazana bilmirlər, ətraflarına adam yığa bilmirlər. Xalqın böyük əksəriyyəti ümumiyyətlə onlarla məsafəli davranır. Hər keçən gün radikallar ətrafındakı adamları itirirlər. Niyə? Ona görə ki, az-çox siyasi müxalifətçilik etmək istəyən, normal siyasi mübarizə aparmaq istəyən adamlar bunları müxalifətçi sanıb yanlarına gəlir, onlarla birlikdə hərəkət etmək istəyir. Ancaq görürlər ki, bunlarda intellektdən əsər-əlamət belə yoxdur. Ona görə də onların ardınca getmirlər. Bu onu göstərir ki, radikalların heç bir potensialı yoxdur”.
Vidadi ORDAHALLI