Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib. Separatçı qurumun rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib. Onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb.
Sözügedən nümayəndə heyəti işğal altında olan ərazilərə Daşnaksutyun Avropa “Hay Dat” komissiyasının rəhbəri Qaspar Karapetyan və ofisin direkoru Heğine Evinyanın müşayiəti ilə gəlib. Qanunsuz səfər zamanı deputat Martin Zonneborun bir sıra görüşlər keçiridiyi bildirilir.
Həyasızlığın dərəcəsinə bax ki, Zoneborn öz Facebook səhifəsində istehza ilə qanunsuz səfər edənlərin “qara siyahıya” salınması məsələsinə toxunub. O qeyd edib ki, gələn il turistlərin böyük bir qrupu ilə “Artsaxa” getməyi planlaşdırır və bununla da siyahıdakı sayı 1000-ə çatdırmağı vəd edir.
Qeyd edək ki, Zonneborn işğal altında olan ərazilərimizə 2018-ci ilin 29 avqust tarixində də gəlib. Onun arvadı milliyyətcə ermənidir. Azərbaycanın qanunvericiliyə əsasən, işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Görünən odur ki, Avropa Parlamentinin bəzi deputatları erməni lobbisinin təsir dairəsinə düşərək açıq formada beynəlxalq hüququ pozurlar. Halbuki, Martin Zonnebornun təmsil etdiyi Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Ramil Hüseynov: “Pul qarşılığında onlar nəyə desən gedər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu onu göstərir ki, bəzi avropalı deputatlar erməni lobbisinin təsiri altındadır: “Düzdür, Avropa Parlamentinin hansısa deputatının qanunsuz olaraq Dağlıq Qarabağa səfər etməsi Avropa İttifaqının, yaxud da qurumda təmsil olunan hansısa ölkənin rəsmi mövqeyini ifadə etmir. Aİ üzvü olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Ancaq məsələ ondadır ki, erməni tərəfi bu cür qnunsuz səfərlərdən maksimum təbliğat məqsədi üçün istifadə edir. Qondarma qurumun bu yolla təbliğ edilməsi ilə bağlı kampaniya aparırlar. Bu nə birincidir, nə də sonuncu. Bundan əvvəl də işğal altında olan Qarabağa qanunsuz səfərlər olub. Erməni təəssübkeşliyindən çıxış edən bəzi avropalı deputatlar yaxşı bilir ki, separatçı qurumda nə turizm inkişaf edər, nə də digər sahələr. Sadəcə, erməni lobbisindən bəsləndikləri üçün belə qanunsuzluqlara gedirlər. Bu həm də Avroparlamentdə təmsil olunan bəzi deputatların iç üzünü ortaya qoydu. Yəni pul qarşılığında onlar nəyə desən gedər. Fikrimcə, Azərbaycan tərəfi bununla bağlı Avropa Parlamentinə nota verməlidir”.
Vidadi ORDAHALLI