İşğalçı Ermənistanın sərgilədiyi mövqe üzündən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli getdikcə daha çox dalana dirənir. Ermənistan daxilində cərəyan edən hadisələr isə bu ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Qarabağ məsələsində konstruktiv mövqe ortaya qoyulacağını ciddi sual altına alır. Belə görünür ki, yaranmış vəziyyətdə ciddi təzyiqlə üzləşməyəcəyi təqdirdə Ermənistan münaqişə ətrafında spekulyativ siyasətini davam etdirəcək. Təbii ki, bununla razılaşmaq niyyətində olmayan Azərbaycan məsələnin hərbi müstəvidə həlli planını reallışdırmaq məcburiyyətində qalacaq.
Hadisələrin məhz qeyd edilən səpkidə inkişaf edə biləcəyini Ermənistanda da aydın sezirlər. Məhz bu fonda rus ekspert Stanislav Tarasov vurğulayır ki, Ermənistanın Azərbaycanla məhz danışıqlar masası arxasında razılığa gəlməsi İrəvan üçün daha məqbul variantdır. O xatırladır ki, bu günlərdə ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamenti Qarabaq münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq barədə məlumat yayıb: “Artıq Elmar Məmmədyarov və Zöhrab Mnatsakyanın növbəti dialoqundan nəticə gözləmək lazımdır. Ən azından, Ermənistan buna çalışmalıdır. Amma təəssüf ki, bu hələ müşahidə olunmur. Elə Xankəndidəki mitinq zamanı baş nazir Nikol Paşinyanın verdiyi bəyanatlar, o cümlədən 30 il bundan əvvəl səsləndirilən “birləşmə” şüarını gündəmə gətirməsi də bunu göstərir. Bu, Paşinyan tərəfindən atılan kobud təxribat addımıdır və indiki məqamda Azərbaycan tərəfindən səsləndiriləcək bütün ittihamlar və əks bəyanatlar tam yerindədir. Biz öz gündəliyi olan Minsk Qrupu prosesində Ermənistanın da iştirak etdiyini, danışıqlar prosesinin olduğunu, “Madrid prinsipləri”nin varlığını və bu cür davam edən prosesləri bilirik. Paşinyan, Minsk Qrupundan çıxması barədə bəyan etsəydi, daha məntiqli olardı”. Tarasov bildirib ki, Paşinyan öncə Ermənistanda inqilab etdi, daha sonra bəyan etdi ki, Qarabağda da inqilab baş verməlidir: “Paşinyan bununla Qarabağda rejimin qeyri-legitim olmasına işarə edib. Belə olan halda sual yaranır, Paşinyan Xankəndi və İrəvanı ayrıca nəzərdən keçirirsə, o halda Qarabağın daxili işlərinə müdaxilə etməyə ixtiyarı yoxdur. Heç olmasa müdaxilə etmədiyini göstərməlidir, lakin o, inqilabın Qarabağ və diaspor üçün olduğunu bəyan edir. Nədir, bəyəm Paşinyan Rusiyadakı erməni icması rayonlarında da inqilab həyata keçirmək istəyir? Paşinyanın hazırda kobud təxribatla məşğul olduğu aydındır. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan və Ermənistan arasında baş verən münaqişə deyil, bu münaqişə beynəlxalq format almış münaqişəyə çevrilib. Bu münaqişə yalnız Bakı və İrəvanda yox, Rusiyada, İranda, Türkiyədə və sair ölkələrdə də izlənilir. Paşinyanın kimin gözlərinə kül üfürdüyü məlum deyil. Lakin Paşinyanın gizli danışıqlar apardığına əminəm. Məmmədyarovla Mnatsakanyan görüşür, qapalı müzakirələr aparır, görüşlər davam edəcək, amma bu görüşlərdən heç bir detal açıqlanmayıb. Azərbaycan görsə ki, növbəti danışıqlarda da istənilən nəticə yoxdur, məsələnin hərbi həllinə çalışacaq. Bakı bu istiqamətdə regionda maraqlı qüvvələrlə də fəal iş aparır və nəticələr də pis alınmır”. Tarasovun sözlərinə görə, Moskvada da Paşinyanın şüurlu şəkildə vəziyyətin kəskinləşməsinə doğru getdiyini düşünürlər: “Paşinyan vəziyyətin kəskinləşdirilməsilə hansısa proseslərin qarşısını almağa çalışır. Çünki onun hakimiyyəti ağır anlar yaşayır, artıq 1 il vaxt keçməsinə baxmayaraq, heç bir nailiyyət əldə edə bilməyib. O, diasporu səfərbər etməyə çalışır. Lakin əldə edilən məlumatlara görə, ABŞ diasporu İrəvana dəstək verməyi dayandırır. Rusiyadakı erməni icması da diaspor üzrə komissarın səfərindən sonra eyni mövqedədir. Daha sonra Paşinyan Ermənistan xüsusi xidmət orqanları dünyada ən güclü olmalıdırlar, deyə təxribatçı bəyanat verir. Problem çoxdur, Paşinyan danışır, məsuliyyətini dərk etmədiyi və daşımadığı nəsə deyir. O, dövlət rəhbəridir, hər bir ifadəsinə görə məsuliyyət daşımalıdır. Amma Paşinyan publisist, jurnalist kimi çıxış edir. Məhz Bakı da bunları diqqətlə izləyir, müvafiq addımlar atmağa hazırlaşır. Ən əsası isə, ordusunu daha güclü hala gətirir. Bu da məsələnin perspektivdə hərbi həll ehtimalının yüksək olduğunu nümayiş etdirir”. Məsələyə eyni prizmadan israilli politoloq Yuri Boçarov da yanaşır. Onun sözlərinə görə, cərəyan edən proseslər göstərir ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsi ilə bağlı real dialoqa, üstəlik, hansısa taleyüklü qərarların qəbuluna hazır deyil: "Necə deyərlər, "demokratik" qüvvələrin qələbəsi və xalqın qəzəbi fonunda Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanda bütün hakimiyyət institutlarını hələ demokratikləşdirə bilməyib. Yeni seçilmiş lider öz qələbəsi ilə həddən çox adama borcludur. Buna görə də o, hər hansı bir mühüm siyasi qərarları qəbul etməzdən öncə Ermənistanın daxilində və xaricində bir çoxlarını görmək məcburiyyətindədir. Sözügedən nüfüz qruplarının maraqları bir-biri ilə o qədər ziddiyyətlidir ki, onların hamısı ilə dərhal razılığa gəlmək, çətin ki, real olsun. Buna görə də Ermənistanın baş naziri qlobal məsələləri həll etməzdən əvvəl həmin "partnyorlar" arasında seçim etməlidir. Daha doğrusu, Paşinyan yalnız bundan sonra onun sponsorlarının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri qərarı səsləndirə bilər. Ancaq belə olan halda onun nazirləri təşkilati-hüquqi məsələləri həll etməyə və bəyanat verməyə başlayacaqlar. Hələlik isə Zöhrab Mnatsakyanın "qeyri-adi bir şey" deyəcəyini gözləməyə dəyməz".
Ekspert vurğulayır ki, Paşinyanın bir-birinə zidd bəyanatları fonunda yaxın vaxtlarda danışıqlar prosesində irəliləyiş gözləmək çətindir: "Paşinyan bütün Ermənistanı, daha doğrusu, ölkənin bütün inzibati-siyasi strukturunu sözün əsl mənasında hələlik idarə etmir. O, rəsmi hakimiyyəti ələ alıb, lakin hər an baş nazirin “qanını qaralda biləcək" bir çoxları yerlərdə qalmaqdadır. Paşinyan bəzən bir-birinə zidd bəyanatlar verməklə həm müxtəlif yerli klanları, həm də ölkədə öz maraqlarını güdən dünyadakı siyasi ağır çəkililəri razı salmaq istəyir. Amma bu çətindir və Azərbaycan daha çox gözləmək istəmir. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin artıq fəaliyyətsiz xarakter daşıması da Bakını narazı salır. Münaqişənin həlli vacibdir. Bu gün dünyada qonşu ölkələrə sıçraya və ya bütün dünyanı alovlandıra biləcək yeni qaynar nöqtələr və lokal müharibələr kifayət qədərdir. Paralellər aparmaq istəmirəm, lakin bizim diyarlarda yazırlar ki, bir tərəfdən Fələstin muxtariyyətinin rəhbərliyinin qənaətincə, "Fələstin problemi" bir çox Yaxın Şərq ölkələrinin gündəliyindən praktiki olaraq yoxa çıxıb, digər tərəfdən, Suriya və Yəməndə gedən müharibələri və İran ətrafında münaqişənin şiddətlənməsi fonunda dünya Qəzzadan İsrailə endirilən raket zərbələrini görmür. Nəticədə İsrail öz problemlərini özü həll etməyə məcburdur. Eyni durumda Azərbaycanı da görmək olar. Bu gedişlə Azərbaycan vasitəçilər olmadan Qarabağ məsələsini həll etmək məcburiyyətində qala bilər. ABŞ, Rusiya və ümumiyyətlə, Avropa İttifaqının yeni problemləri və vəzifələri o qədərdir ki, özgə müharibəyə diqqət ayırmaq istəmirlər. Onları sözügedən münaqişəni ədalətli həll etməyə sövq etmək üçün maraqlandıracaq heç bir şey yoxdur. Məhz bu durumda Ermənistanın müvafiq addımlar atmaması savaşı tətikləyir. Kənar müdaxilə olmayacağı təqdirdə isə Bakı asanlıqla savaşda istədiyi nəticələri alacaq”.
Bütün bu qeyd edilənlərdən aydın olur ki, Ermənistan yaxın tezlikdə Qarabağ məsələsində istənilən addımı atmasa, Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə bərpa etməli olacaq. Bu vəziyyətdə isə rus hərbçi ekspert Pavel Felgenhauer vurğulayır ki, Ermənistanı böyük məğlubiyyət gözləyir. O bunu ilk növbədə ordu amili ilə izah edir. Ekspert xatırladır ki, Ermənistan ordusu döyüş qabiliyyəti, hərbi texnika ilə təminat baxımından Azərbaycan ordusundan çox geridə qalır: “Artıq sirr deyil ki, Azərbaycan ordusu texnoloji cəhətdən mümkün yeni müharibəyə daha yaxşı hazırlaşıb. Ordunun sərəncamında təkcə Rusiyadan alınan yox, həm də İsraildən və digər ölkələrdən alınan müasir texnikalar var. Ona görə də, hazırki vəziyyətdə Ermənistan üçün müharibə qəbuledilməzdir. Bu müharibədə Ermənistan məğlub olmağa məhkumdur. Texnoloji qeyri-bərabərlik bunun əsas səbəblərindən biridir. Münaqişənin eskalasiyası baş versə, bu, Ermənistanın tam məğlubiyyəti ilə nəticələnəcək. Ona görə də Ermənistan danışıqlar prosesində maraqlı olmalıdır. Dağlıq Qarabağdan başqa digər 7 rayon da işğal altındadır. Uzun illərdir ki, həmin rayonların ilkin mərhələdə geri qaytarılması ilə bağlı danışıqlar gedir. Lakin bu danışıqların heç bir nəticəsi olmayıb. Ona görə də bundan sonra da danışıqlarda bu məqamın öz həllini tapmaması savaşı qaçılmaz edir”.
Beləliklə, qeyd edilənlər bir daha aydın göstərir ki, Ermənistan sülh danışıqlarının nəticə verməsi üçün artıq real addımlar atmalıdır. Əks təqdirdə, ekspertlər səviyyəsində də işğalçı ölkəyə çox aydın xəbərdarlıq olunur ki, Azərbaycan tərəfindən olduqca sərt zərbələr alacaq. Bakı özü də bu istiqamətdə hazırlığını davam etdirir. Bu səbəbdən işğalçı ölkənin Qarabağ məsələsində artıq çox az zamanı var.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.