İşğalçı Ermənistanın, digər sahələr kimi, xarici siyasətinin də sürətlə iflasa uğramasının Dağlıq Qarabağ münaqişəsinə yaxın tezlikdə ciddi təsir göstərəcəyinə dair ermənilərin öz aralarında həyəcan təbili çalanların sayı artıb. Hesab olunur ki, bu gedişlə Ermənistanın bütün hamiləri ondan üz döndərəcək və belə vəziyyətdə Azərbaycan asanlıqla zəbt edilmiş ərazilərdən erməni silahlı qüvvələrini çıxaracaq. Bu zaman Ermənistanın Azərbaycana qarşı hansısa ciddi müqavimət göstərməsindən isə söhbət gedə bilməz.
Erməni mediası da yazır ki, bu gün Rusiya və Qərbin, faktiki olaraq, Ermənistandan üz döndərməsi ölkəni daha ağır duruma salır. Bu xüsusda ittihamlardan yayınmağa çalışan baş nazir Nikol Paşinyan isə cəmiyyətin diqqətini ikinci dərəcələi məsələlərə yönəltməyə çalışmaqla vəziyyətdən xilas olmağa cəhd edir. Həqiqətən də diqqət yetirdikdə bəlli olur ki, Paşinyan Ermənstanı daha çox emosional, cəmiyyətin diqqətini yönəldə biləcək məsələlərlə idarə edir. Ölkədaxili problemləri həll etməkdə çətinlik çəkən, işğalçı siyasəti davam etdirən Nikol Paşinyan Ermənistan cəmiyyətinin fikrini iqtisadi, sosial problemlərdən aidiyyəti olmayan məsələlərə yönəltməklə məşğuldur. Məsələn, o özünü hakimiyyəti rusiyayönlü Robert Köçəryan və Serj Sarkisyanın adamlarından, Qarabağ mafiyasından təmizləyirmiş kimi aparır. Bununla həm də Qərbə Moskvaya qarşı olduğunu göstərməyə səy edir. Amma eyni zamanda Rusiyanı da ölkənin əsas mütəffiqi elan edir. Bu durumda erməni mediası bildirir ki, indiki hakimiyyətin strategiyası, proqramı və konsepsiyası yoxdur. Eləcə də hökumətin xarici siyasət kursunda müəyyənlik, davamlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Amma onun bu gedişləri nə Rusiyada, nə də Qərbdə təqdir olunur. Erməni mediası yazır ki, hakimyyətin bu davranışının əziyyətini Ermənistan, onun əhalisi çəkir. Çünki konkret mövqeyi olmayan Paşinyan hakimiyyətinə kənar təzyiqlər artır. Məsələn, artıq məlumdur ki, 2020-ci ildən Rusiya Ermənistana satacağı təbii qazın min kubmetrinin qiymətini 165 dollardan 220 dollaradək qaldırmaq istəyir. Qərb də ölkəyə hansısa vəsait ayırmır. Bütün bunlar Ermənistanın xarici siyasətinin ciddi böhrana uğradığını aydın nümayiş etdirir. “Tert.am” portalına açıqlamasında erməni politoloq Hagik Ambaryan da etiraf edir ki, Ermənistan xarici siyasət sferasında zəifdir və hakimiyyət xarici siyasət məsələlərini buraxıb, daha çox daxili siyasət məsələləri, yalançı gündəmin formalaşdırılması ilə məşğuldur: “Belə vəziyyətdə Ermənistanı itirir, Dağlıq Qarabağ məsələsində zəif mövqe sahibi olur. Bundan irəli gəlir ki, Qarabağla dostluq münasibətləri quran Fransa şəhərləri mövcud kontraktların hamısını ləğv etdilər, ABŞ Konqresində Qarabağa yardımın verilib-verilməməsi müzakirə edilir, Moskva ilə münasibətlər qaydasında deyil. Biz Türkiyənin regiona münasibətdə ambisiyalarını görməzdən gəlirik. Problemlər çoxdur, amma hakimiyyət üçün əsas hakimiyyətini qorumaqdır. Paşinyan hakimiyyətə təcrübəsiz komandasıyla gəldi, səhvlər buraxdı və indi bundan onun opponentləri yararlanır.
Xarici işlər naziri Zöhrab Mnatsakanyan daha çox partizan stilində çalışır. Buna görə mediada Mnatsakanyandan sonra müdafiə naziri, polis rəisi və Milli Təhlükəsizlik Xidməti rəisi peyda olub. Diplomatiya ictimailiyi sevir. Ona görə də Azərbaycan və Türkiyə daha aqressiv və açıq diplomatiya tətbiq edirlər. Mnatsakanyanın işlərinin nəticələrini göstərməsi yaxşı olardı. Şarl Aznavur ölən kimi Fransa məhkəmələri Qarabağla bağlı imzalanan memorandumları ləğv etdi”. Ambaryan Paşinyanın ən rusiyayönlü siyasətçi olduğunu, amma Moskvanın hələ ona inanmadığını deyib: “Ehtiyatlı olmağı məsləhət görərdim. Biz Rusiyadan Ermənistanda baza saxlamağı xahiş edirik. Bütün keçmiş prezidentlər yaxşı bilirlər ki, Ermənistan bu bazadan imtina edəcəyi halda hansı çağırışlarla üz-üzə qala bilər. Rusiya və Rusiya prezidentinin ünvanına sərt bəyanatlar səsləndirəndə heç kim unutmasın ki, rifahımız bu ölkədən asılıdır”. Ermənistanın “Qraparak” qəzeti də məsələyə eyni prizmadan yanaşaraq yazır ki, Paşinyanın səhvləri nəticəsində Moskva İrəvana münasibətini dəyişib. Nəşrə görə, Rusiya Baş Prokurorluğu Ermənistan Prokurorluğunun keçmiş millət vəkili, Məhkəmə İşləri İcbari İcra Xidmətinin keçmiş rəhbəri, general Mihran Poqosyanın istintaq məsuliyyətinə cəlb edilməsi məqsədilə İrəvana təhvil verilməsi tələbini rəsmi şəkildə rədd etməsi bunun real təsdiqidir: “Ermənistan Baş Prokurorluğunun Mihran Poqosyanın cinayət təqibi üçün təhvil verilməsi tələbi Rusiya Baş Prokurorluğu tərəfindən 22.01.1993-cü il tarixli “Mülki, Ailəvi Cinayət İşlərində Hüquqi Yardım və Hüquq Münasibətləri Qanunu”nun 19-cü maddəsinin müddəaları əsas götürülərək rədd edilib. Üstəlik, Poqosyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün təhvil verilməsinə dair Ermənistan Baş Prokurorluğunun müraciətinin rədd edilməsinin əsası barədə hər hansı infomasiya təqdim edilməyib. Ermənistan Baş Prokurorluğunun Rusiya Baş Prokurorluğundan Poqosyanın təhvil verilməsinin rədd edilməsi səbəbləri ilə bağlı dəqiq cavab tələb etməsi hələ yaxşı haldır. Bundan daha pisini də gözləmək lazımdır”.
“Qraparak” yazır ki, yaranmış vəziyyət Ermənistan üçün həddən artıq təhqiramizdir: “Əslində nə baş verib? Ermənistanla strateji müttəfiq olmaqdan başqa bir sıra ikitərəfli öhdəlikləri də olan, o cümlədən AİƏT, KTMT kimi beynəlxalq təşkilatlarla bağlı münasibətlərə malik Rusiya bir sıra sənədlərdə əksini tapan müddəaları yerinə yetirməyərək, bir sıra cinayətlərdə ittiham edilən şəxsi Ermənistana təhvil vermir. Buna baxmayaraq, Gümrüdə tam bir ailəni məhv edən rus hərbçini ermənilər təhvil verdilər. Rusiyanın qeyri-səmimi və dost olmayan davranış tərzinə ilk emosional reaksiya ola bilər. Hazırda bədnam real siyasətlə üz-üzə qalmışıq. Məlumdur ki, Kreml çoxdan strateji müttəfiqlik, bərabərlik prinsiplərinə və bu kimi digər münasibətlərə tüpürüb. Tarix çoxdan sübut edib ki, Moskva yalnız bir dildə başa düşür və əsas götürür, nə qədər ki gücüm var, baltalayacam, bir o qalmışdı “çuriklərə” nə isə izah edim və sairə... İsmarıc isə həddindən artıq aydındır. Rusiyada Ermənistanın sabiq iqtidarına gizli kömək edilməsindən, inqilabçıların cəzadan xilas olmasına yardım edilməsindən imtina edilməyib. Burada Kreml üçün ciddi arzuolunan revanşın gözlənildiyi, yaxud İrəvanın yeni hakimiyyətindən güzəştlər qoparılması məqsədi var. Hər iki halda bu məqsədlərin mahiyyətinin dərinliyini öyrənməyə dəyməz, deyildiyi kimi, siyasətdir. Necə deyərlər, buradan müttəfiqlik və ya diplomatiya qoxusu gəlmir. Ən həssas vəziyyətdə olduğu halda belə, İrəvanın da burada düşünəcəyi çox şey var. Məsələn, elə Qarabağ məsələsində. Türikyə və Azərbaycanla yaxınlaşma kursu götürən Moskva sabah İrəvandan tələb edə bilər ki, Azərbaycanın istədyi ərazilər geri qaytarılsın. Bunlar istisna deyil və Bakı bu istiqamətdə fəal çalışır. Xarici siyasətdə yol verilən səhvlər isə Bakının manevr imkanlarını artırır”.
Rusiya ilə yanaşı, Qərb cəbhəsində, xüsusilə ABŞ-la münasibətlərdə də ciddi problemlərin hökm sürməsi heç kimə sirr deyil. "Eurasianet" portalı yazır ki, bunu ABŞ-ın Ermənistana maliyyə yardımlarını azaltması, əvəzində Azərbaycanla əməkdaşlığı genişləndirməsi də aydın surətdə təsdiq edir. Nəşr qeyd edir ki, ABŞ bölgədəki strateji müttəfiqi kimi Azərbaycanın hərbi qüdrətini gücləndirmək üçün tədbirlər görür və bu da erməniləri ciddi narahat edir. Bildirilir ki, ABŞ hər il müxtəlif dövlət kanalları vasitəsilə Azərbaycan Ordusuna getdikcə daha çox hərbi-texniki dəstək verir. Xüsusilə 2019-cu ildə Vaşinqton Xəzər dənizində təhlükəsizliyi gücləndirmək üçün ölkənin dəniz qüvvələrinə 100 milyon dollar məbləğində maliyyə dəstəyi nəzərdə tutur. Pentaqonun Konqresə verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi 2018-ci maliyyə ilində rəsmi olaraq Azərbaycana 56.9 milyon dollar, 2019-cu ildə isə sərhəd və gömrük xidmətlərinin gücləndirilməsi üçün 42.9 milyon dollar təklif edib. Bütövlükdə isə, gələcəkdə daha çox kömək gözlənilir - həm əvvəllər göstərilənlərlə müqayisədə, həm də bölgənin digər ölkələrinə göstərilən yardımı üstələməsi baxımından. ABŞ Beynəlxalq Siyasət Mərkəzinin analitiki Kristina Aravian qeyd edir: "Ola bilsin ki, builki proqramın Azərbaycan üçün xərclədiyi real məbləğ 42,9 milyon dollardan çox, hətta ABŞ-ın bölgədəki ən sadiq və gözəçarpan tərəfdaşı olan Gürcüstana göstərilən yardımdan da artıq olacaq". Analitik qeyd edir ki, son iki ildə Azərbaycan ABŞ-ın terrorizmlə mübarizədə əsas strateji tərəfdaşları olan Livan və İordaniyadan sonra üçüncü ən böyük yardım alıcısıdır. Mövcud maliyyələşdirmə transmilli təhdidlərə qarşı və Azərbaycanın sabitliyini təşviq, sərhədlərinin təhlükəsizliyini təmin etmək, potensiallarını artırmaq üçün təhlükəsizlik qüvvələrini dəstəkləməyə, terror əməliyyatlarını müəyyənləşdirməyə və qarşısını almağa, həm də kütləvi silahlarınn yayılmasına qarşı mübarizəyə yönəldilib. Ümumilikdə isə ABŞ-la hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycanın nə qədər etibarlı tərəfdaş olduğunun göstəricisidir. Amma Ermənistana gəlincə, burada vəziyyət fərqlidir və ABŞ sözügedən ölkəyə yardımlarını azaldır. Ermənilər etiraf edir ki, bu hal ABŞ-ın Qarabağ məsələsinə əd yanaşmasını ortaya qoya biləcək indikator sayılmalıdır. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Ermənistanın Rusiya və ABŞ-a yönəlik siyasəti iflasa uğrayıb və yaxın tezlikdə düzəlməsi də gözlənilmir. Bu durum isə Azərbaycanın maraqlarına cavab verərək, Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə biləcək faktorlardan sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.