Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycan XİN Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
Azərbaycanın özü də separatçılıqdan əziyyət çəkən ölkədir. Bizim ərazimizdə yaradılan qondarma “DQR”-də də tez-tez saxta seçkilər keçirilir. Ancaq təəssüflər olsun ki, biz bənzər operativ reaksiyanı qonşu ölkələrdən görmürük. Bəllidir ki, belə məsələlərdə reaksiya operativ və impulsiv olmalıdır. Bu baxımdan, Azərbaycanın məlum operativ jesti onlar üçün bir nümunə, örnək sayıla bilərmi?
Nəzakət Məmmədova: “Yaxşı olardı ki, Azərbaycanın bu mövqeyi nümunə olsun və separatizmə dəstək verən, yaxud ona qarşı neytral olan ölkələr, təşkilatlar da bu cür davransınlar”
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın mövqeyi təqdirəlayiqdir, qanuna müvafiqdir: ”Separatizm və onun nəticələrini legitimləşdirmək cəhdləri qətiyyən yolverilməzdir və hər bir sivil, demokratik, hüququn aliliyinə dəyər verən ölkə buna öz kəskin münasibətini bildirməli, qətiyyətli mövqe ortaya qoymalıdır. Xüsusilə Azərbaycan kimi separatzmdən əziyyət çəkən ölkələrin belə məsələdə neytral qalmaması doğru mövqedir. Üstəlik də, Azərbaycanla Gürcüstan yaxın strateji əlaqələrə malikdir, Abxaziya və Qarabağ separatçıları arasında yaxın əlaqələr var, onlar Rusiyadakı bəzi dairələr tərəfindən himayə olunur və s.
Azərbaycan özü separatizmdən əziyyət çəkən, beynəlxalq hüquqa riayət edən, qonşu Gürcüstanın ərazi bütövlüyünü tanıyan dövlət olaraq haqlı şəkildə bu prosesə etirazını bildirib. Yaxşı olardı ki, Azərbaycanın bu mövqeyi nümunə olsun və separatizmə dəstək verən, yaxud ona qarşı neytral olan ölkələr, təşkilatlar da bu cür davransınlar. Dağlıq Qarabağın işğalına, Ermənistan rəhbərliyinin bu ərazilərə qanunsuz səfərlər edib nəinki Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən, həm də bütün sivil dünyaya meydan oxuyan Ermənistan rəhbərliyinə səssiz qalmaq bu kimi hallarla gələcəkdə istənilən ölkənin üzləşməsinə şərait yaradır. Azərbaycan, bütün istiqamətlərdə olduğu kimi, bu məsələdə də yaxşı bir örnək modeli ortaya qoyur. Xüsusilə də qonşu və separatizmdən əziyyət çəkən ölkələr bu cür məsələlərdə gözləmə mövqeyində durmamalıdır, onların reaksiyası da operativ olmalıdır. Separatizm elə bir bəladır ki, onunla mücadilədə bütün ölkələr həmrəylik nümayiş etdirməlidir”.
Məhəmmədəli QƏRİBLİ