Ermənistanda son günlərdə davamlı xarakter almağa başalyan etiraz aksiyaları hakimiyyətlə cəmiyyət arasında ziddiyyətlərin sürətlə dərinləşməkdə olduğunu da aydın şəkildə nümayiş etdirir. Xüsusən də Amulsar qızıl mədəni ətrafında baş verənlər indi Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemlər mənbəyinə çevrilib. Belə görünür ki, əhali bu qızıl mədənində işlərin dayandırılmasını istəsə də, hökumət fərqli mövqedədir.
Cəmiyyətdə hesab olunur ki, hökumətin guya Livan şirkətinin ekspertləri tərəfindən bu qızıl yataqlarının ekoloji cəhətdən zərərsiz olması barədə bəyanatı tamamilə yalandır və ictimai rəyin manipulyasiya olunmasına yönəldilib. Onların sözlərinə görə, Ermənistanın İstintaq Komitəsi ekspert rəyindən yalnız özü üçün sərfəli olan maddələri açıqlayıb. Ekoloq Anna Şahnazaryan bildirib ki, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərtib olunmayıb və qızıl yataqlarının işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. O, müstəqil ekspertlər tərəfindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb. Baş verənlərlə bağlı “1in.am” portalı isə yazır: “Əlbəttə, hökumət hansısa bir dönüşlə mədənin istismarı haqqındakı qərarını dəyişməzsə, Amulsar məsələsi Ermənistanda inqilabsonrası durumda, ən azı, bir prinsipial sınmaya – dönüşə səbəb olacaq. Mədənin istismarı haqqındakı qərarın reallaşdırılması, faktiki olaraq, yeni hakim qüvvəni və uzun illər ərzində keçmiş rejimə qarşı mübarizə aparmış, inqilab dövründə isə öz dəstəyilə bu qüvvəni praktiki olaraq tamamlamış vətəndaş fəallarını və ya təbəqəsini bölür. Beləliklə, inqilab mərhələsinin “yekun protokolu”, ən azı, siyasi və vətəndaş komponentlərinin ayrılması şəklində təsbit olunur. İnqilabdan sonra ən çox toxunulan və yayğınlaşan suallardan biri o idi ki, inqilabla hakimiyyətə siyasi-mülki “blok” gəlibsə, vətəndaş, qeyri-hökumət sektoru necə olacaq? Çünki fəal vətəndaş mövqeyində olanların böyük hissəsi – mütləq əksəriyyəti ya birbaşa hakimiyyətdə təmsil olunmağa, ya da onun sıx və açıq tərəfdarı olmağa başlamışdı.
Keçmiş hakim sistem, onun müxtəlif qanadları isə vətəndaş cəmiyyətində yaranmış bu “açıq” sahəni doldurmağa yönəlik fəaliyyətə başladı. Keçmiş hakimiyyətin nəzərəçarpan himayəsi altında yeni vətəndaş cəmiyyəti, qeyri-hökumət strukturları formalaşdı. Keçmiş iqtidar yalnız yeni hakimiyyətə, inqilaba qarşı siyasi müxalifət yaratmayıb, eyni zamanda vətəndaş və ya qeyri-hökumət qüvvələrinə qarşı da müxalifət yaradıb. Bununla da, inqilabdan sonra yaranmış “vətəndaş boşluğunu” faktiki doldurub. Ən azı, belə təəssürat yaranır. Amulsar məsələsi bu fonda praktiki elə bir güclü “partlayış”dır ki, görünür, inqilabi siyasi-mülki ittifaqı bölür, inqilabın siyasi və vətəndaş seqmentlərini bir-birindən ayırır. Yəni mülki seqmenti siyasi iqtidardan de-fakto ayırır. Bu, müəyyən mənada obyektiv reallıqdır, müxtəlif səbəblər üzündən, şübhəsiz, tədricən baş verməli olan, yavaş və ya sürətli gedəcək bir prosesdir. Bu halda, Amulsar məsələsi prosesi sürətləndirən və ona böyük vüsət verən amil rolunda çıxış edir.
Bölünmə, şübhəsiz, mütləq riyazi təriflərlə və ya dəqiqliklə qiymətləndirilməməlidir. Söhbət ümumi meyldən gedir. Siyasi hakimiyyətlə birləşmiş vətəndaş cəmiyyəti Amulsar məsələsinə görə bu formada, deyəsən, ilkin mövqeyinə“qayıdır”. Amulsarla bağlı mövqe aydındır, bəs bundan sonra vətəndaş cəmiyyəti hara və necə hərəkət edəcək? Köhnə hakimiyyət tərəfindən formalaşdırılan komponentlərin və “ilkin mövqeyə” qayıdan təbəqələrin vətəndaş məkanında nisbəti necə olacaq? Yaranan bölünmə indi sürətlə hakimiyyətin əleyhinə işləyir”. Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan isə vurğulayır ki, yaranmış vəziyyətdə Ermənistan hökumətinin qeyri-adekvatlığı erməni xalqına böyük qan hesabına başa gələ bilər: “Paşinyan qeyri-adekvat addımlar atmağa hazırdır. Hökumət binası qarşısında 10 min nəfər toplanıb istefasını tələb edərsə, onun necə davranacağını biz bilmirik. Ermənistanda payızda başlayacaq proseslər nəticəsində hakimiyyətin dəyişməsi qaçılmazdır. Ona görə də cəmiyyət bu proseslərə hazırlanmalı və qan axıdılmasından qaçmalıdır”. Arutyunyan Paşinyana qarşı formalaşacaq yeni birliyə Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik edəcəyini deyib. Digər erməni ekspert Vartan Zaloyan da vəziyyətin ağır olduğunu qeyd edir: “Paşinyan üçün bu, çətin seçimdir. O bilmir ki, onlarla ekoloqların rəyini, yoxsa Ermənistan əhalisinin böyük bir hissəsinin mövqeyini müdafiə etsin. Ekoloqlar azlıq təşkil etdiklərini dərk etməkdə çətinlik çəkirlər. Lakin ekoloqların Amulsar mədəninin istismarı ilə bağlı rəylərinin yalan olduğu həqiqətdir. Keçən əsrin 90-cı illərində Ermənistan inqilab hərəkatı həm ekologiya, həm də Qarabağ variantını seçməkdə idi. Cəmiyyət dözülməz təzyiq altına düşür”. O qeyd edib ki, Levon Ter-Petrosyan ekologiyanı seçir, Vazgen Sarkisyan və Köçəryan isə Qarabağı seçməyə üstünlük verir: “Bununla da ikinci seçim, yəni Qarabağ mövzusu qalib gəlir. Daha sonra mədən qələbə yürüşü və sair başlayır. İndi yeni hakimiyyətə eyni təzyiqi göstərməklə Ter-Petrosyan hakimiyyətinin istefa verdiyi aqibəti yaradırlar. Ssenari təkrarlanır. Cəmiyyət eşşəkdir, razıyam, lakin bu iki yükə davam gətirə bilməz, seçim edin.... Fikrim nədən ibarətdir, əvvəlcə Qarabağı azərbaycanlılara qaytarın, daha sonra Amulsar mədənini nə qədər bağlayırsınız, bağlayın. Əldə iki yük tutmaq olmaz”.
Ermənistanın “Jamanak” nəşri də vəziyyətin yaxşı olmadığını vurğulayır. Nəşrə görə, Ermənistan hökumətinin son 1 illik fəaliyyətinin xüsusiyyətləri təhlil etməyə çalışılsa, bu halda 3 əsas yanaşma üzərində dayanılacaq: “Bu yanaşmalar qısamüddətli populist qərarların verilməsi, statistika manipulyasiyası və plagiat fəaliyyətlərdir. Bu yanaşmanın sübutu təəssüfdoğurucu həqiqətdir. Paşinyanın rəhbərlik etdiyi kabinetin hətta 1 illik fəaliyyətdən sonra belə uzunmüddətli siyasi fəlsəfə və ideologiya yaradılması və bunun həyata keçirilməsi imkanlarına dair aydın strategiyası yoxdur. Bütün məsələlər zəncirvari məntiqlə bağlıdır. Yəni biri digərinin davamı, yaxud səbəblərinin təzahürüdür. Strategiyanın olmaması qısamüddətli populist qərarların verilməsi, statistik manipulyasiya, plagiat isə siyasi fəlsəfə və ideologiya anlayışının olmaması ilə bağlıdır. Strategiyanın olmaması özünü, xüsusilə son günlərdə Ermənistanın şimal-şərqində meşə oğurluğu probleminin partlayışa səbəb olması ilə büruzə verdi. Bu hadisə dövlət üçün ciddi imtahan idi və ölkəni idarə edən komanda bu imtahandan keçmədi. Problem və onun ətrafında yaranan mübahisələr fonunda Paşinyan kabinetinin məişət mühitinin qorunması və ətraf mühitin problemləri ilə bağlı strategiyasının olub-olmadığı müəyyən edilmədi. Sanki belə bir strategiya ümumiyyətlə yoxdur və hökumət siyasi məqsədyönlülük və maraqlara əsasən ayrı-ayrı problemlərə reaksiya verir. İcevan meşələrinə gəldikdə, kəskin reaksiya verilməsi məqsədəuyğun olsa da, Amulsar mədəni məsələsində fəaliyyətsiz sükut davam edir. Birinci halda meşə ilə bağlı məsələdə dövləti şantaj etmək olmaz deyilirsə, ikinci halda dövləti nəinki şantaj etmək, hətta buna həvəsləndirməyin də mümkün olduğu nəzərə çarpır”.
Nəşr qeyd edir ki, bu məntiqlə Ermənistan hakimiyyətinin fəaliyyəti reytinqin xilas edilməsi səylərinə doğru dəyişikliyə uğrayıb.
Tahir TAĞIYEV