Mərhum Əbülfəz Elçibəyin siyasi irsinə sahib çıxmaq istəyən, özünü hərəkatdan doğan böyük bir partiyanın davamçısı kimi qələmə verənlərdən biri də Əli Kərimlidir. “Biri də” ona görə deyirik ki, AXCP adına və Əbülfəz Elçibəyin siyasi yoluna iddia edən çoxlu sayda siyasi qurum və partiya var. Onların, da demək olar ki, hamısı klassik AXC-dən doğan, sonra isə partiyalaşaraq AXCP-yə çevrilən qurumun şinelindən çıxıb.
Siyasi təşkilatda ən böyük və ilk parçalanma 2000-ci ildə, Elçibəyin vəfatından sonra oldu. Onda Əli Kərimli və onun ətrafını heç kim AXCP kimi qəbul etmirdi. Hətta həmin dövrün KİV-ləri belə Əli Kərimlini “Yurd” sədri kimi qeyd edirdi. O vaxtkı maddi imkanlar və hakimiyyətlə olan sıx əlaqələri hesabına partiyasının vitrinində bəzi tanınmış funksionerləri saxlamağı bacaran Əli Kərimli sonradan, demək olar ki, meydanda tək qaldı. Hazırda Əli Kərimlinin rəhbəri olduğu qurumda cəmiyyət tərəfindən birmənalı olaraq qəbul edilən elə bir ciddi, tanınmış ziyalı qalmayıb. Müşahidələr göstərir ki, artıq Əli Kərimlinin təşkilatı virtual qurum kimi fəaliyyət göstərir. Onlar partiyaya üzvləri də virtual məkandan yığır, bütün toplantılarını və təbliğatlarını da həmin platformadan aparırlar. Əli Kərimlini tədbirlərdə müşayiət edən elektorat təmsilçiləri sırasında hansısa tanınmış personaya rast gəlmək mümkün deyil. Ətrafda əsasən az sayda radikal gənclik nəzərə çarpır. Hətta cəbhəçilərin özləri belə Əli Kərimlinin siyasi perspektivinə inamlarının olmadığını açıq etiraf edirlər. Amma onların Əli Kərimlinin ətrafında niyə qalmalarına dair başlıca arqumentləri sədrlərinin radikal çıxışlar etməsi ilə bağlıdır. Qəribə bir mənzərə yaranır. Hazırda Əli Kərimlinin ətrafında qalan azsaylı tərəfdarları belə onun yanında siyasi perspektivinə inandıqları üçün deyil, hakimiyyətə münasibətdə radikal mövqe tutduğu üçün qalırlar. Hətta tərəfdarlarından biri mövqeyini belə əsaslandırdı: “Bilirik ki, onun şəxsi siyasi perspektivi yoxdur. Ona hakimiyyət verməzlər. Ancaq onun kimi hakimiyyəti kəskin tənqid edən varsa, deyin, gedim durum başqasının yanında”.
Əli Kərimlinin ətrafında yaranan bu mühitə hansı adı vermək olar? Azsaylı tərəfdarları onun yanında nəyə görə qalır – siyasi perspektivinə görə, ya özləri hakimiyyətlə barışmaz yol tutduqlarına görə?
Rəfael Becanov: “Əli Kərimli özünü siyasətlə məşğul olan kimi qələmə verib, insanları aldadaraq öz maraqlarını təmin edir”
Klassik AXCP-nin üzvlərindən olan, hazırda Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də funksioner sayılan Rəfael Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, vəziyyətin bu şəkildə olmasından onlar xəbərdardılar: “ Əli Kərimli siyasətdən daha çox insanların, narazı elektoratın psixikası ilə oynamağı bacarır. Bunla özünə dividentlər toplayır. Hakimiyyətdən xırda bir texniki səbəbdən də narazı qalan vətəndaşı ovsunlayaraq öz yanına çəkir. Birinin pensiyası vaxtında verilmir Əli Kərimli məsələni siyasiləşdirir və bunu hakimiyyətin təxribatı kimi dəyərləndirir. Nəticədə xırda narazıları belə yanına cəlb edir. Onları sayı həddən artıq azdır. Həmin adamlar Əli Kərimlini rəhbər kimi qəbul etməyə məcbur qalır. Onu sadəcə bir qrupun fikirlərini daha yaxşı ifadə etməyi bacaran müvəqqəti adam kimi qəbul edirlər. Buna partiya sədri demək olmaz, o, toplum rəhbəridir. Təşkilatın dağılması, “Yurd”un bir neçə nəfərdən ibarət olan adamla meydanda tək qalmasının da hamısı Əli Kərimlinin yersiz ambisiyaları və siyasi bacarıqsızlığı ilə əlaqəlidir. AXCP ilk dəfə parçalananda belə, hamı bilirdi ki, Əli Kərimlinin yanında dayanmaq mümkün olmayacaq. Biz hələ o vaxt həmin adamlara deyirdik ki, adamın heç bir perspektivi yoxdur. Bəziləri həmin dövrdə bir az inanırdı. Sonra əsl həqiqəti dərk edib, ondan uzaqlaşdılar. Əli Kərimli özünü siyasətlə məşğul olan kimi qələmə verib, insanları aldadaraq öz maraqlarını təmin edir. Bununla dolanışığını qurur, başını qatır. Orda müəyyən qədər adam varsa, o da gənclərdi. Cünki onları yoldan çıxarmaq asandır. Biz bildiyimizdən daha çox, onun ətrafında olanlar bilirlər ki, Əli Kərimlini uğurlu perspektiv gözləmir. Sadəcə, özlərinin deyə bilmədiklərini o yaxşı dediyi üçün onun yanıda cəmləşiblər”.
Məhəmmədəli QƏRİBLİ