Fransanın Biarrits şəhərində keçirilən G7 sammiti rəsmi Bəyannamə olmadan başa çatıb. Belə ki, Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderlərinin yekun tədbirində - işgüzar şam yeməyində ABŞ prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə G8 formatına qayıtmağı tələb edib.
Bu zamanTramp və onun təşkilatdan olan həmkarları arasında mübahisə yaranıb. The Guardan qəzetinin diplomatik mənbələrə istinadla yaydığı xəbərə görə, onun bu təklifini Avropa ölkələrindən yalnız İtaliya dəstəkləyib. Yaponiyanın Baş Naziri Sindzo Abe isə bu məsələdə neytral qalıb. Fransa, Almaniya və Böyük Britaniya dövlət başçıların Trampın təklifinin əleyhinə olublar. O cümlədən Avropa Şurasının rəhbəri Donald Tusk G8 formatının bərpasına qarşı çıxıb. Nəticədə tərəflər arasında qızğın diskussiya başlayıb. Məlumata əsasən, Tramp həmkarlarının fikirləri ilə razılaşmayıb. Tramp onu əsas gətirib ki, İran, Suriya və Şimali Koreya ilə bağlı problemlərin həllində Moskva mütləq iştirak etməlidir. Bu səbəbdən Rusiyanın təşkilatda iştirakının vacib olduğunu bildirib.
Görünən odur ki, Rusiya məsələsi G7-də təmsil olunanları parçalayıb. Bunun nəticəsidir ki, sözügedən böyük dövlətlər arasında görüş rəsmi Bəyannamə olmadan başa çatıb. Heç şübhəsiz ki, Rusiya ilə bağlı yaşanan fikir ayrılıqları beynəlxalq münasibətlərə də təsirsiz ötüşməyəcək. Bütün hallarda aparıcı ölkələrin təmsil olunduğu sözügedən toplantıda yaşanan fikir ayrılıqlarını və bunun yaratdığı parçalanmanı ekspertlər necə şərh edir?
Əli Orucov: “Məlum məsələ ilə bağlı yaşanan fikir ayrılıqları dünyadakı bir sıra münaqişələrin həllinə mənfi təsir göstərəcək”
Sözügedən məsələ ilə ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, G7 görüşündə Rusiya ilə bağlı fikir ayrılıqlarının yaşanacağı gözlənilən idi: “Ona görə ki, Rusiya Ukrayna məsələsində güzəştə getmir. İlk dəfə idi ki, tarixdə inkişaf etmiş ölkələrin liderləri yekun bəyannamə imzalamadı. Rusiyanın birliyə qaytarılması məsələsində də ciddi fikir ayrılıqları oldu. Almaniya və Fransa Parisdə keçiriləcək “normand görüşü”nə hazırlıqlar üzərində işləyir. Almaniya kansleri Angela Merkelin sözlərinə görə, Paris ilə Berlin yaxın zamanda danışıqları təşkil etməyə çalışacaqlar. Kansler danışıqlarla bağlı gözləntilərini gizlətməyib. Merkel qeyd edib ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilə ölkənin şərqində böhranın həll edilməsi üçün Minsk sazişinin həyata keçirilməsi mümkündür. Onun fikrincə hər iki tərəf istəkli olsa, irəliləyiş əldə etmək üçün şansımız var. Bütün bunlara baxmayaraq, Almaniya ilə Fransa Rusiyanın Ukrayna məsələsində barışcıl mövqe tutacağına əmin deyil. Ona görə də bu dövlətlər Rusiyanın G7 formatına qayıtmasına qarşı çıxdılar. Böyük Britaniyanın da Rusiya ilə münasibətləri yaxşı deyil. Hesab edirəm ki, məlum məsələ ilə bağlı yaşanan fikir ayrılıqları dünyadaki bir sıra münaqişələrin həllinə mənfi təsir göstərəcək. Rusiya ilə mövcud olan fikir ayrılıqları bir qədərdə dərinləşə bilər. Bütün bunlar ondan xəbər verir ki, Avropa İttifaqı Rusiya məsələsində yekdil deyil”,
Vidadi ORDAHALLI