Bildiyimiz kimi, uzun illər idi ki, İranda yaşayan Azərbaycan türklərinin ana dillərində orta və ali təhsil almaları böyük problem kimi güney azərbaycanlıları ciddi narahat edirdi. Bu gün İranda yaşayan qeyri-farsların ana dillərində orta və ali təhsil almaq hüquqları olsa da, təəssüf ki, bu, azərbaycanlılara şamil edilmirdi.
Son zamanlar İranda yaşayan azərbaycanlıların ana dillərində təhsil almaları sahəsində buzlar əriməyə başlayıb. 40 ilə yaxın bir müddətdə Azərbaycan türkləri doğma ana dilində təhsil almaq hüququna qovuşa bilmirdi.
Yayılan məlumata görə, İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə 2019-2020 tədris ilində Azərbaycan türkcəsində təhsil veriləcək.
TRT-nin yaydığı məlumata görə, bu barədə İSNA-ya Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşa bildirib:“İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq Şərq Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərarı alınıb. Dərslər 23 sentyabrdan və həftədə 3 saat olmaqla bu ildən başlanır. Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsində təhsil böyük əhəmiyyət daşıyır”.
Qeyd edək ki, İran Konstitusiyanın 15-ci maddəsinə əsasən, yerli dillərin öyrədilməsilə bağlı tələblər daim səslənirdi. Artıq əyalətimizdə iki dil – Azərbaycan türkcəsi və farsça paralel tədris ediləcək.
Sədrəddin Soltan: “Azərbaycan dili Şərqi Azərbaycan əyalətindəki məktəblərin IV və IX siniflərində pilot bir layihə kimi fakültətiv olaraq keçiriləcək"
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, şərqşünas Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran höküməti bununla dünyanın gözünə kül üfürür, əslində isə burada ana dilində normal orta təhsildən söhbət getmir, Azərbaycan dili fakültətiv fənn kimi tədris ediləcək. “Şərqi Azərbaycan əyalətindəki məktəblərdə Azərbaycan türkcəsində təhsil daimi xarakter daşımır. Azərbaycan dili Şərqi Azərbaycan əyalətindəki məktəblərin IV və IX siniflərində pilot bir layihə kimi, fakültətiv olaraq keçiriləcək. Bu da, qeyd etdiyim kimi, vacib dərslik kimi deyil, fakültətiv məşğələ kimi tədris olunacaq. Otuz ildən artıqdır ki, İranda Azərbaycan türkləri öz milli təhsil hüquqları və milli haqlarının təmin olunması uğrunda mübarizə aparır, fikirlərini bildirirlər. Bu səbəbdən də İran höküməti bölgədə yaranan vəziyyətə uyğun olaraq Azərbaycan türklərinin etirazını azaltmaq üçün belə bir addım atıb. Bu isə baş aldatmaqdan başqa bir şey deyil. İranda Azərbaycan türkləri türkcənin I sinifdən XII sinfə qədər tədris olunmasını tələb edirlər. Yəni dövlət proqramı səviyyəsində. Yoxsa fakültətiv məşğələ kimi Azərbaycan dilinin IV və IX siniflərdə tədris olunmasına nail olmaq Azərbaycan türklərinin tələbi deyil. Azərbaycan türklərinin milli hərəkatının illər boyu fars düşüncəsindən tələb etdiyi odur ki, Azərbaycan türkcəsi də fars dili kimi ölkədə dövlət dili olaraq tanınsın. Azərbaycan türkcəsinin I-XII siniflərdə və ali məktəblərdə yüksək səviyyədə tədris edilməsi arzuediləndir. Tələb odur ki, Azərbaycan türkcəsində radio-televziya, ədəbiyyat olsun, yəni dilimizin İranda bazarı olsun”.
S.Soltan hesab edir ki, İranın Şərqi Azərbaycanda azərbaycan dilinin fakültətiv tədrisinə imkan yaratması Azərbaycan türklərinin ana dilində tədris probleminin həll edilməsi anlamına gəlmir. “Bununla Azərbaycan türklərinin milli problemi həll olunmayacaq. Fakültətiv tədrisi ortaya at və sonra da de ki, azərbaycanlılar öz dillərində təhsil almaq istəmir. Dilin bazarı yoxdursa, o dil nəyə lazımdır? O dildə televizya, radio, nəşrlər olmalıdır ki, dilin işləkliyi təmin olunsun. Sadəcə olaraq, İran bu addımı atmaqla həm dünya ictimaiyyətini aldatmaq istəyir, həm də Azərbaycan türklərinin “başını sığallamağa” çalışır. İran orta məktəblərdə Azərbaycan türkcəsində fakültətiv tədris həyata keçirmək qərarı ilə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür”-deyə S.Soltan vurğuladı.
İradə SARIYEVA