ABŞ-da erməni diasporu nümayəndələrinin Türkiyəyə qarşı qaldırdıqları və 9 il davam edən məhkəmə iddiaları uğursuzluqla nəticələnib.
Baki-xeber.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Qaris Davoyan və Hrayra Turabyan tərəfindən 29 iyul 2010-cu ildə, Aleks Bakalyan, Anais Harutyunyan və Rita Mehdesyanın tərəfindən isə 10 dekabr 2010-cu ildə Kaliforniya Əyaləti Region İdarə Məhkəməsində Türkiyə hökuməti, Mərkəz Bankı və Ziraat Bankı əleyhinə açılan iki ayrı təzminat iddiası rədd edilib.
ABŞ məhkəmələrində doqquz il davam edən prosesdə iddia qaldıran erməni əsilli 5 Amerika vətəndaşı 1915-ci il hadisələri zamanı Osmanlı dövləti tərəfindən ailələrinin "əmlak və ərazilərinin müsadirə edildiyini” iddia edərək, təzminat tələb edirdilər.
Kaliforniya Məhkəməsi 26 mart 2013-cü ildə çıxardığı qərarla, iddianın əsassız və mahiyyət etibarilə siyasi bir məsələ olduğu qənaətinə gəlib. Ancaq Türkiyə leyhinə bu qərar erməni diasporunu qane etməyib.
ABŞ-dakı ermənilərin vəkilləri 2013-cü ilin aprelində qərarı apelyasiya məhkəməsinə çıxarıblar. Kaliforniya 9-cu Bölgə Apelyasiya Məhkəməsi iki işi birləşdirib. 9 ildən sonra isə Kaliforniya Apelyasiya Məhkəməsi Türkiyənin haqlı olduğuna dair qərar çıxarıb. Məhkəmə 8 avqust 2019-cu ildə, "müddəti bitdiyini" səbəb göstərərək ermənilərin iddiasını rədd edib. Bununla da birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Məhkəmə, ermənilərin tarixi iddiaları ilə bağlı isə hər hansı bir araşdırma aparmadan mübahisəli tələbləri yekdilliklə rədd edib.
Işi qaldıran ermənilər 22 avqusta kimi apelyasiya araşdırmasının yenilənməsini tələb edə bilərdilər. Ancaq iddiaçıların belə bir tələbi olmayıb. Onların tələblərində təkid etməməsində, qərarın çox sağlam bir hüquqi bazaya söykənməsi və yekdilliklə verilməsinin təsirli olduğu deyilir.
Hüquqşünaslar qaydalara görə, iddiaçıların bu məsələni 6 noyabr 2019-cu il tarixinə qədər ABŞ Ali Məhkəməsinə göndərmək hüququna sahib olduqlarını, lakin bu halda da bir nəticə əldə etmələrinin çətin olacağını bildirirlər.