Fransanın Biarrits şəhərində keçirilən G-7 (Böyük Yeddilik) zirvəsində bir araya gələn lidelər qlobal təhlükəsizlik, iqlim dəyişikliyi və ticarətlə bağlı bir çox məsələni müzakirə ediblər. Dünyanın ən böyük iqtisadiyyatını təşkil edən dövlətlərdən ibarət G7 sammitində gözlənildiyi kimi, İran məsələsi də gündəmin əsas məsələlərindən biri olub.
Baki-xeber.com xəbər verir ki, G-7 liderlərinin sammiti ilə dünyanın diqqətini üzərinə çəkən Biarrits şəhərinə İrandan gözlənilməz bir səfəri isə daha çox müzakirələrə səbəb olub.
Belə ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin bazar günü gözlənilmədən G-7 sammitinin keçirildiyi Biarrits şəhərinə səfər edib.
Zərifin ABŞ prezidenti Donald Trampın yeddiliyin digər ölkələrinin liderləri ilə görüşdüyü Biarritsə gəlişi təəccüb doğurub. Tramp İranın baş diplomatının Fransaya səfərini şərh etmək istəməyib.
Zərifin Biarritsə Fransa prezidenti Emmanuel Makronun xahişi ilə gəldiyi bildirilir. Məlumata görə, Fransa prezidenti Zəriflə sammitin açılışından əvvəl cümə günü Parisdə görüşüb, şənbə günü sammit iştirakçıları ilə İrana dair qızğın fikir mübadiləsindən sonra isə onu Biarritsə dəvət edib.
Zərif Biarritsdə Makronla görüşdüyünü açıqlayıb, ancaq detalları açıqlamayıb. Görüşdə Fransanın xarici işlər və iqtisadiyyat nazirləri də iştirak edib. Zərif özü isə görüşə Almaniya və Böyük Britaniya rəsmilərinin də qatıldığını deyib.
Adı açıqlanmayan Fransa rəsmisi, Zərifin G-7-nin əsas gündəm maddələrindən biri olan İranın nüvə proqramı ilə bağlı bir sıra görüşlər keçirdiyini söyləyib.
Danışıqlardan sonra Zərif Fransanı tərk edib.
Görüş haqda sosial media hesabından bir foto paylaşan Zərif altında da "Çətin, amma cəhd etməyə dəyər" yazıb. İran Xarici İşlər Nazirliyi isə Zərifin səfər zamanı ABŞ nümayəndələri ilə görüşlərinin planlaşdırılmadığını bildirib.
Bu arada, “Reuters” xəbər agentliyi, G-7 liderlərinin Fransa prezidenti Emmanuel Makronu müzakirə edilən və razılaşdırılan məsələləri İrana çatdırmaqda görəvləndirdiyini yazıb. Bu qərara görə Makron Körfəzdəki gərginliyin azaldılmasında və Tehranla ünsiyyətdə vasitəçi rolunu oynayacaq.
LCİ telekanalına açıqlama verən Makron isə bunu təkzib edib. Makron İran məsələsində hər bir ölkənin bəzi təşəbbüslər göstərəcəyini vurğulayıb.
“İranla bağlı görüşdə iki məsələ önə çıxdı. Birincisi, heç bir G-7 ölkəsi İranın nüvə silahına sahib olmasını istəmir. İkincisi, G-7 ölkələri bölgənin sabitliyinə və sülhə bağlıdırlar, buna zərər verən addımların atılmasını istəmirlər” - Makron bildirib.
Fransa prezidenti qeyd edib ki, hər kəs qarşıdurmadan qaçmaq istəyir: “Donald Tramp da bu barədə çox açıq danışdı".
Sammitdə görüşlərin yaxşı keçdiyini söyləyən Makron Fransada, əksəriyyəti amerikalıların olan internet nəhənglərinə tətbiq edilən vergi məsələsini Trampla müzakirə etdiyini deyib: “ABŞ prezidenti Donald Trampa dedim, OECD-də bir həll yolu tapsaq, internet nəhənglərinə vergi tətbiq edilməz”.
Makron liderlərin, Amazonda meşə yanğınları ilə mübarizə aparan ölkələrə kömək etməkdə də həmfikir olduqlarını deyib.