20/09/2019 23:10
728 x 90

Ermənistanın “Naxçıvanda Türkiyə hərbi bazası” blefi və daxili ittihamlardan yayınmaq cəhdi...

Elşən Həsənov: “Milli Təhlükəsizlik Doktrinamızda göstərilib ki, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası yerləşdirilə bilməz”

img

Ermənistan təbliğat maşını növbəti dezinformasiyan dövriyyəyə buraxıb. Erməni KİV-ləri həmin ölkənin Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyana istinadən bildiriblər ki, Türkiyə son illər öz hüdudlarından kənarda iki hərbi baza yaradıb - Sudanda və Qətərdə. Və son vaxtlar Naxçıvanda üçüncü bazanın meydana çıxa biləcəyi haqda söz-söhbətlər artıb:

“Məni bu informasiyanın birinci mənbəyi çox maraqlandırırdı və deyəsən mən həmin mənbəni tapa bildim. 2018-ci ilin sentyabrında o qədər də tanınmayan türk qəzetində məqalə dərc edilib, orada deyilirdi ki, Ankara kulislərində Türkiyənin Naxçıvanda hərbi baza yaratması məsələsi müzakirə olunur. Görünən o idi ki, bunu qəsdən sızdırmışdılar və nəbz yoxlaması aparmaq istəyirdilər”. Safrastyan əlavə edib ki, Bakı və Ankara arasında Naxçıvan ərazisində hərbi əməkdaşlıq son illər xeyli güclənib, birgə təlimlər keçirilir və bütün bunlar Türkiyənin Naxçıvan istiqamətində fəallaşdığını göstərir: “Bütün bu amillərin analizi əsasında təxmin etmək olar ki, hazırda Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına hazırlıq gedir. Bu tezliklə baş verməyəcək, amma hazırlıqlar gedir. Ankaranın əsas məqsədi geosiyasi xarakter daşıyır və Cənubi Qafqazdakı Rusiya-Türkiyə rəqabətindən qaynaqlanır. Türkiyənin məqsədlərindən biri də Gümrüdəki 102-ci Rusiya bazası ilə balans yaratmaqdır”. O bildirib ki, Naxçıvanda baza yerləşdirəndən sonra Türkiyə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün iddia ortaya qoya bilər: “Əlbəttə, baza Ermənistana əlavə təzyiq rıçağı da olacaq. Lakin bütün bunlar gələcəkdə baş verəcək. Türkiyənin başı hazırda Yaxın Şərq işlərinə qarışıb və bu perspektiv aktual deyil. Mənim fikrimcə, Rusiya artıq konfidensial şəraitdə Türkiyəyə öz narazılığını çatdırıb və bu da Ankaranın Naxçıvan istiqamətində fəallığının azalmasına səbəb olub. Lakin Türkiyənin geosiyasi məqsədləri əvvəlki kimi qalır”. Qeyd edək ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını dəfələrlə gücləndirib, Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ən müasir və güclü silah sistemləri, hücum vasitələri ilə təchiz olunub. Müntəzəm olaraq Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri hərbi təlimlər keçirir, o cümlədən Türkiyə ordusu ilə birgə təlimlər təşkil olunur. Azərbaycanın Naxçıvanda hərbi gücünü artırması Ermənistan hərbi-siyasi dairələrində ciddi narahatlıq və təşvişlə izlənilir. Çox güman ki, bu amili neytrallaşdırmaq üçün onlar belə məlumatları dövriyəyə buraxırlar. Bununla həm Türkiyəni Rusiyanın hədəfinə gətirmək istəyirlər, həm də daxilli auditoriyanın ittihamlarından yayınmağa cəhd edirlər. Türkiyənin Azərbaycanda hərbi baza yaratması mümkündürmü?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan bu məlumatı ilk dəfə deyil dövriyyəyə buraxır: “Danışıqlar prosesində yaranan fasilə Ermənistanı vadar edir ki, gündəmə yeni mövzular gətirsin. Cəbhədə vəziyyət gərginləşəndən sonra Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı mövzu yenidən gündəmə gəldi. Belə bir bazanın qurulması mümkün deyil. Çünki Türkiyə NATO ölkəsidir və ondan icazəsiz bunu edə bilməz. Buna mane olan bir çox amillər var. Ən əsası, Azərbaycanın Hərbi Doktirinasında və Milli Təhlükəsizlik Doktrinasında göstərilib ki, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası yerləşdirilə bilməz. Bu və bundan başqa da bir çox manelər var. Belə bir şeyin olması haqda fikir söyləyənlər Azərbaycan qanunvericiliyindən xəbərsizdilər. Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, Azərbaycan ərazisində hər hansı başqa xarici dövlətin hərbi bazası, yaxud əsgəri qüvvəsi yerləşdirilə bilməz. Hələlik bu qanuna heç bir dəyişiklik edilməyib. Yəni hüquqi əsas olmadığı halda necə ola bilər ki, Türkiyə Silahlı Qüvvələrinin burda hərbi bazası yaradılsın? Ermənilər bunu gözəl bilir. Sadəcə, Rusiyanı onlara daha çox havadar çıxmağa bu yolla səsləmək istəyirlər. Əsası olmayan şayiədir. Erməniləri əsas narahat edən amil Azərbaycanın Naxçıvandakı hərbi gücünü artırmasıdır. Bunun da ən məntiqi nəticəsini onlar uğurlu Günnüt əməliyyatı zamanı gördülər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər