23/09/2019 12:11
728 x 90

Deputatların böyük hissəsi Azərbaycana qarşı plan hazırlayan radikallara münasibət bildirməkdən qaçır...

“Bəzi deputatların belə situasiyalarda bu cür passiv mövqe tutmalarını əsla normal qəbul etmək olmaz”

img

Məlum olduğu kimi, Gəncə hadisələrinin ildönümü, TANAP-ın açılışı ərəfəsində müəyyən radikal islamçı quvvələr, daxildəki bəzi radikal qüvvvələr və xaricdə yaşayan mühacirlər Azərbaycanda müəyyən təxribatlar törətməyə çalışdılar. Ölkəyə qarşı müəyyən planlar hazırladılar. Belə ki, sözügedən dağıdıcı qüvvələr sosial şəbəkələrin imkanlarından sui-istifadə edərək müxtəlif pozucu, təxribat xarakterli çağırışlar səsləndirməyə başladılar. Hər vasitə ilə ölkəni qarışdırmağa çalışdılar. Ancaq sözügedən dağıdıcı ünsürlərin bu yöndə cəhdləri fiaskoya uğradı.

Azərbaycan xalqı, ölkənin ziyalıları, media təmsilçiləri və digərləri bu təxribatlara öz sərt münasibətini bildirib ortaya mövqe qoydular. Fəal vətəndaş mövqeyi ortaya qoymaqla dövlətçiliyin yanında olduqlarını göstərdilər. Bu davranışları ilə Azərbaycanda təxribat törətmək istəyən qüvvələrin niyyətlərini puç etdilər.

Ancaq bütün bu proseslərdə diqqətçəkən məqam ondan ibarətdir ki, bir çox deputat Azərbaycana qarşı plan hazırlayan radikallara qarşı öz münasibətini bildirmədi. Mediada bununla bağlı fikirlərini bildirib mövqe ortaya qoymadılar. Faktiki olaraq, açıq-aşkar passiv mövqe tutdular. Hansı ki, onların daşıdığı statusu, seçki yolu ilə seçildiklərini nəzərə alsaq, bu çox vacib idi. Ancaq bu baş vermədi. Dəfələrlə media təmsilçiləri bir sıra deputatların mətbuatdan yayındıqlarını gündəmə gətiriblər. Müxtəlif tədbirlərdə niyə bu məsələlərlə bağlı fəallıq göstərmədikləri soruşulduqda, bu haqda danışmaq istəmədiklərini deyirlər. Yalnız bəzi fəal olan və tanınmış deputatlar radikalların planlarına qarşı mətbuatda mövqe ortaya qoyub münasibət bildirdilər.

Onu da qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, bəzi deputatlar sözügedən məsələlərdə fəal olmamalarını müxtəlif  beynəlxalq qurumlarda təmsil olunduqları ilə əsaslandırırlar. Məsələ ondadır ki, həmin deputatlar NATO Parlament Assambleyasında, AŞPA-da və digər beynəlxalq qurumlarda təmsil olunurlar. Guya onların deyilənlərlə bağlı münasibət sərgiləmələri həmin deputatların manevr imkanlarını məhdudlaşdırır. Ölkəyə qarşı dağıdıcı mövqedən çıxış edən qüvvələrə qarşı mövqe ortaya qoymaq haçandan beynəlxalq qurumlarda manevr imkanlarına mane olur? Nə dərəcədə doğrudur ki, belə məsələlərdə səssiz mövqe tutmaq? Ümumilikdə, sözügedən məsələdə bəzi deputatların passiv mövqe sərgiləməsinu normal saymaq olarmı?

  • Seyid Camal Əzimbəyli: “Bu kimi məsələdə gərək millət vəkilləri öndə olsunlar”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bir çox deputatın sözügedən məsələlərlə bağlı passiv mövqe tutması heç bir məntiqə sığmır: “Bəzi deputatların belə situasiyalarda bu cür passiv mövqe tutmalarını əsla normal qəbul etmək olmaz. Həqiqətən də belə mənzərənin ortada olması olduqca təəssüfləndiricidir. Müəyyən millət vəkillərinin bütün bunları sanki görməzdən gəlmələrinin heç bir siyasi, mənəvi və hüquqi əsası yoxdur. Əksinə, belə məsələlərdə gərək bütün deputatlar fəal olsunlar. Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı yönələn istənilən təhdidlərə, bu kimi çağırışlara gərək deputatlar son dərəcə həssas yanaşsınlar. Düzdür, bu birbaşa o anlama gəlmir ki, sözügedən deputatlar dövlətçiliyə qarşıdır. Belə deməzdim, amma Gəncə hadisələrinin ildönümü ilə əlaqədar müəyyən radikal qüvvələrin fəallaşması fonunda, bir sıra deputatların susması qəbul ediləsi hal deyil. Bunun heç bir tutarlı əsası yoxdur. Ona görə də mən bunu qəbul etmirəm və hesab edirəm ki, dövlətimizə qarşı hansısa təhlükəli xarakterli çağırışlar səslənəndə hər bir millət vəkili buna qarşı münasibət bildirməli, ortaya mövqe qoymalıdır. Bu kimi məsələdə gərək millət vəkilləri öndə olsunlar”.

Vidadi ORDAHALLI

Son xəbərlər