23/09/2019 12:14
728 x 90

Qırıcı təyyarəmizin qəzasının rəsmi səbəbini şübhə altına alanların arqumentsizliyi hər an üzə çıxmağa başlayır

Rufiz Qonaqov: “Bəzi müxalif qüvvələrin rəsmi məlumatların həqiqiliyini şübhə altına almaq məqsədilə özlərindən cəfəngiyyatlar uydurub onu yaymağa cəhd göstərməsi qəbuledilməzdir”

img

“Bu  hadisənin başvermə səbəbi peşəkarlardan ibarət komissiya tərəfindən araşdırılıb”

 

Məlum olduğu kimi, iyulun 24-də, saat 22.00 radələrində planauyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, müdafiə nazirinin əmrinə əsasən, qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Qeyd edilənə görə, hadisənin başvermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarə olunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Bildirək ki, bəzi KİV-də, eləcə də sosial şəbəkələrdə aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”da) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.

Rəsmi məlumatda vurğulanır ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır. “Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik” - deyə nazirliyin məlumatında bildirilir.

  • “Yalnız Azərbaycanda deyil, bütün dünyada həm hərbi, həm də sərnişin təyyarələri ilə bağlı belə qəzalar baş verir və bundan da heç bir ölkədə şou düzəldilmir”

Bəzi dairələrin və kütləvi informasiya vasitələrinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yayılan rəsmi məlumatı şübhə altına almaq məqsədilə əsassız iddalar irəli sürməsinə münasibət bildirən tanınmış politoloq Rufiz Qonaqov “Bakı-Xəbər”ə bildirdi ki, dövlətin yaydığı rəsmi məlumatın hər hansı bir vasitə və əsassız iddia ilə şübhə altına alınması yolverilməzdir. “Bəzi media orqanlarında, eləcə də sosial şəbəkələrdə yer alan iddiaların heç bir əsası yoxdur. Bilirik ki, radikal müxalif qüvvələr bəzi təbiət hadisələrindən, baş verən qəza olaylarından şou yaratmağa cəhd göstərirlər. Onlar bundan ümid yeri yaradıb öz xeyirlərinə istifadə etmək istəyirlər. Aydındır ki, yalnız Azərbaycanda deyil, bütün dünyada həm hərbi, həm kəşfiyyat, həm də sərnişin təyyarələri ilə bağlı belə qəzalar baş verir və bundan da heç bir ölkədə şou düzəldilmir. Hətta bu yaxınlarda Rusiyada sərnişin təyyarəsi böyük bir qağayı kütləsi ilə üz-üzə gəlmişdi və pilot təyyarəni taxıl zəmisinə endirmişdi. Yəni belə hadisələr qaçılmazdır.

Çox təəssüf ki, bizim pilot da təlim-məşq zamanı belə bir qəzaya uğrayıb və həlak olub. Əlbəttə, bu hadisə özbaşına baş verməyib. Rəsmi məlumatda qeyd edildiyi kimi, təyyarəyə maneə olub ki, bu hadisə baş verib. Ortada konkret rəsmi məlumat var. Bu hadisənin başvermə səbəbi peşəkarlardan ibarət komissiya tərəfindən araşdırılıb. Bu hadisə bir-iki gün ərzində araşdırılmayıb ki, bunun üçün xeyli zaman sərf olunub. Bilirsiniz ki, cənab Prezident olayın başvermə səbəbi ilə bağlı komissiyanın yaradılması ilə bağlı göstəriş vermişdi. Komissiya araşdırma aparıb və qəzanın nəticələri haqqında ictimaiyyətə düzgün, dolğun məlumat verib.

Lakin bəzi müxalif qüvvələrin rəsmi məlumatların həqiqiliyini şübhə altına almaq məqsədilə özlərindən cəfəngiyyatlar uydurub onu yaymağa cəhd göstərməsi qəbuledilməzdir. Hesab edirəm ki, baş verən hadisə ilə bağlı yayılan rəsmi məlumatı bəzilərinin şübhə altına alması əsassızdır, onların bu iddiası cəfəngiyyatdan başqa bir şey deyil” - deyə R.Qonaqov vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər