23/09/2019 12:13
728 x 90

“Sənə sığınacaq verərik, əvəzində Azərbaycan dövlətinə qarşı sosial şəbəkədə fəal olmalısan”...

img

Hətta müxalifət partiyalarının fəalları belə bir faktı etiraf edirlər ki, xaricdə müxalifətçi kimi status alıb, orada yaşayan, indi də klaviatura arxasında şirə dönüb Azərbaycan hakimiyyəti ilə  “siyasi mübarizə” apardığı görüntüsünü yaradan şəxslərin böyük əksəriyyətini tanımırlar.

Doğrudan da çox qəribə mənzərədir. Baxırsan ki, kifayət qədər yaşı olan birisi xaricdən odlu-alovlu çıxış edir. Bir qədər maraqlandıqda məlum olur ki, guya həmin adam burada müxalif olduğu üçün sıxışdırılıb, nəticədə xaricə sığınmağa məcbur olub. Partiyasının adını da öyrəndikdən sonra adam barədə soraqlaşırsan, personanı tanıyan olmur ki, olmur. Azərbaycandakı müxalif partiyaların böyük əksəriyyətinin mühacir biznesi ilə məşğul olduğuna dair çoxlu sayda təkzibedilməz fakt mövcuddur. Belə adamların saxta arayışla xaricə müxalifətçi qiyafəsində sığınması mümkündür. Bunu hətta radikal müxalifət partiyalarının nümayəndələri belə bir-birilə söz duelində təsdiqləyiblər.

Maraqlıdır, saxtakarlıqla bağlı bu qədər səhih informasiyalar olduğu halda, niyə bəzi Qərb ölkələri həmin saxta müxalifətçilərə sığınacaq verməkdə maraqlıdırlar?

Araşdırmalar göstərir ki, məhz  saxta mühacirlərin sığındığı ölkələr onlardan Azərbaycana qarşı bir təzyiq qrupu formalaşdırmaqda maraqlıdırlar. Saxta mühacirlərin qabağına dəlillər qoyulur ki, sizi Avropada saxlamaq üçün əsas yoxdur. Həmin ölkədən deport olunmaqdan qorxan mühacir çalınan istənilən havanı oynamağa məcbur olduğunu bildirir. Azərbaycandan qaçan şəxsin qabağına konkret öhdəlik qoyulur ki, yaşayış icazəsi almaq istəyirsənsə müxalifliyini sosial şəbəkələr vasitəsilə sübut etməlisən. Bu minvalla da saxta müxalifətçi siyasi proseslərin episentrində görünməyə başlayır. Hesabat vermək üçün kəskin paylaşımlar etməyə məcbur qalır.  Bu da bizim tanımadığımız, heç vaxt siyasi fəaliyyətlə məşğul olmayan adamların gündəmə gəlməsini şərtləndirən faktora çevrilir.

Bu yaxınlarda redaksiyamıza müraciət edən və adının çəkilməsini istəməyən bir xanım bu etirafı bizimlə bölüşmüş oldu. O bildirdi ki, ortabab bir dövlət vəzifəsində işləyir. Günlərin birində rayon rəhbərliyi onu çağırıb deyib ki, sənin oğlun xaricdə hakimiyyətə qarşı sərt yazılar yazır, paylaşımlar edir. Qadın deyir ki, oğlunun uşağını müalicə etdirmək üçün xaricə getdiyini bilirmiş. Vətənə gec gəlməyinin səbəbini də onunla izah ediblər ki, uşağın müalicəsi uzun çəkir. Oğlunun radikal paylaşımlar etdiyini görən ana başı alovlu şəkildə xaricə zəng edir. Oğlu etiraf edir ki, onu indiyə qədər aldadırmış. Avropada qalmaq üçün sıığınacaq istəyib, bir müddət sonra onu çağırıb deyiblər ki, yaşayış izni almaq üçün elə bir ciddi səbəbi yoxdur. Ölkəyə gəlmək istəməyən gənc ailə başçısına sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aktivlik tələb edilib, o da bununla razılaşmağa məcbur qalıb. Ana deyirdi ki, uzun müddətdir YAP-ın üzvüdür, seçki komissiyasında fəal şəkildə təmsil olunub, indi oğlu onu çıxılmaz vəziyyətdə qoyub. Əslində isə ananı oğlu deyil, onun sığınmaq istədiyi, demokratiyadan dəm vuran ölkə pis vəziyyətə salmış olub. Çünki, ən azından, siyasi fəaliyyəti və ölkədən qaçmaq üçün ciddi səbəbi olmayan şəxsi Azərbaycana geri qaytarmalı idi. Prosesdən aydın görünür ki, saxta radikal mühacirlərin formalaşmasında Avropa ölkələrinin rolu saxta arayış satan partiyalarımızdan heç də az deyil.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər