Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qalıqları tapılıb. Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən “MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, R.Atakişiyevin meyitinin və “qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.
Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.
“Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Xəzər dənizinə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qalıqlarının sudan çıxarılması istiqamətində işləri davam etdirir”. Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Twitter mikrobloqunda dərc olunmuş məlumatda bildirilir.
Nazirlik qeyd edir ki, pilotun və qara qutunun axtarışları hava şəraitinə uyğun həyata keçirilir.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.