Ermənistanın cənubunda yerləşən Amulsar qızıl yatağının istismarı məsələsi ölkədə böyük narazılığa səbəb olsa da, belə görünür ki, ölkə rəhbərliyi bunda qərarlıdır. Yəni yatağın istismarı zamanı yaranacaq ekoloji fəsadları Ermənistan rəhbərliyi görmək istəmir.
Ermənistanın İstintaq Komitəsinin sədri Hayk Qriqoryan hökumətin iclasında bəyan edib ki, guya yatağın istismarında problem yoxdur. Onun fikrincə, Amulsar qızıl filiz yatağının istismarı ilə bağlı beynəlxalq ekspertizanın rəyi üç vacib nəticəyə gəlməyə imkan verir: “Amulsarın quru suları ilə Cermuk termal bulaqları arasında əlaqə yoxdur. Amulsarın yeraltı suları ilə Sevan gölünün hövzəsi arasında əlaqə yoxdur. Ancaq zəlzələ vəziyyətində, müəyyən bir turşu drenaj konsentratının Sevan gölü hövzəsinə nüfuz etməsi risqi var, lakin bu konsentrasiyanın Sevan gölü hövzəsinin həcmində birləşməsi əhəmiyyətsiz olacaq. Ən başlıcası, Amulsar qrunt sularının Darb, Vorotan və Arpa çaylarına təsiri mümkündür. Lakin “Lidian” QSC ekspert qrupu tərəfindən təklif olunan 16 azaltma tədbiri görülsə, risqlər idarə edilə bilər”.
Ancaq bütün bunlara baxmayaraq, yatağın istismarının ekologiyaya ciddi zərər vuracağı barədə əsaslı arqumentlər var. Ermənistan hakimiyyəti Amulsar yatağının ölkə xəzinəsinə milyonlarla dollar gəlir gətirəcəyini və dağ-mədən sənayesinin inkişafına töhfə verəcəyini desə də, ekoloqlar yaxınlıqda yerləşən çayların çirklənməsi və Cənubi Qafqazın ekoloji mirvarisi sayılan Sevan gölünün oksidləşməsi təhlükəsi ilə əlaqədar həyəcan təbili çalırlar. Təmiz qızıl ehtiyatına görə ölkənin ikinci yatağı olan Amulsar yatağı eyniadlı dağda, 3 min metr yüksəklikdə, Arpa və Vorotan çaylarının vadisində, kurort şəhəri olan Cermukdan 13 km aralıda yerləşir. Geoloqların fikrincə, yataqda təxminən 31 milyon ton qiymətli filiz və 40 ton təmiz qızıl var.
Layihəni həyata keçirən şirkət əmin edir ki, bütün işlər beynəlxalq standartlara ciddi riayət edilməklə həyata keçiriləcək, bütün risqlər isə tam idarə olunandır, yəni operatorun nəzarəti altındadır. Lakin məsələ ilə bağlı geoloqlar, ekoloqlar və digər sahələrin mütəxəssisləri operator-şirkətin ilkin tədqiqatların çox detallarını gizlətdiyini, eləcə də qarşıdakı işlər zamanı irihəcmli ekoloji fəsadlar yaranacağını hesab edirlər. Ekoloqlar Amulsar yatağının istismara verilməsindən sonra yerli çaylar, su anbarı və Sevan gölünün çirklənməsi, Cermuk şəhərinin isə istirahət ərazidən mədənə çevriləcəyini deyirlər.
Telman Zeynalov: “Nəticədə insanlar bir sıra xəstəliklərə düçar olurlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekoloq Telman Zeynalovun sözlərinə görə, Amulsar qızıl yatağının istismarı yaxınlıqdakı ərazilərdə su hövzələrinə öz mənfi təsirini göstərəcək: “Bunu şərtləndirən bir sıra amillər var. Nəzərə almaq lazımdır ki, Ermənistanın ərazisi kiçikdir. Bununla yanaşı, sözügedən qızıl yatağı Sevan gölünə və Cermuka məsafəcə yaxındır. Qızılın tərkibində civə var. Civə də ətraf mühitə düşdükdə hər yeri zəhərləyir. O suya düşəndə, bitkiyə keçəndə bu o deməkdir ki, canlı aləmə keçir. Nəticədə insanlar bir sıra xəstəliklərə düçar olurlar. Əsasən də xərçəng xəstəliyinə düçar olurlar. Ona görə də hesab edirəm ki, bunun ətraf mühitə və canlı orqanizmlərə mənfi təsiri olacaq”.
Vidadi ORDAHALLI