Kəşmirdə atışma... Pakistan Hindistanın atəşkəsi pozmasına qarşılıq verdi, iki tərəfdən də itkilər var

Pakistan Kəşmir bölgəsindəki sərhəddə əsgərlər arasında baş verən atışmada 3 əsgərinin həlak olduğunu, 5 Hindistan əsgərinin də öldürüldüyünü bildirib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur Twitter səhifəsində məlumat verib.
Pakistan mətbuatında ordu rəhbərliyinə istinadən xəbər verilir ki, Kəşmir nəzarət bölgəsindəki Leepa qəsəbəsində atəşkəs pozulub, Pakistan Hindistan tərəfindən açılan atəşə qarşılıq verib. Qarşıdurma nəticəsində 5 Hindistan, 3 Pakistan əsgəri ölüb. Hindistanın Pakistanı artileriya atəşinə tutması nəticəsində sərhəddəki Poonç kəndində də iki mülki şəxs həlak olub.
Hindistan ordusunun nümayəndəsi bu məlumatı təkzib edib. "Xəsarət alan yoxdur. Bu məlumat yalandır " - deyə, o bildirib.
Nüvə silahına malik qonşular arasında gərginlik Hindistanın müsəlmanların çoxluq təşkil etdiyi Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra artıb. Bu, qərar həmin bölgəyə iddiası olan Pakistanı qəzəbləndirib.