Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov gözlənilməyən bəyanat verərək, müxalifəti "lənətlənmiş beşinci kolon" adlandırıb, partiya üzvlərini "daha sıx birləşməyə" çağırıb.
O, müxalifəti "xarici qüvvələrin tapşırıqları əsasında" Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlamaqda ittiham edib. "Məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir", - deyə Əhmədov öz “Facebook” səhifəsində yazır. Bu səbəbdən Əhmədov uğurların qorunub saxlanması, gələcək uğurların isə təmin edilməsi naminə ənənələrin davam etdirilməsi, siyasi mübarizənin çirkin və təhlükəli üsullardan təmizlənməsi, "müxalifət" adı altında antimilli cəbhənin yaranmasının qarşısının alınması üçün partiya sıralarının daha da güclənməsi zərurətini qeyd edir.
Əhmədov partiyanın bütün fəal üzvlərini, gəncləri fədakarlıqlara səsləyib. Amma Əhmədov bu müraciətə səbəb olan konkret səbəb və faktı göstərmir. O, həmçinin, müxalifət tərəfindən hər hansı "böhtan" nümunəsi göstərmir. Maraqlıdır ki, Ə.Əhmədovun bu bəyanatından bəzi radikal dairələr öz düşüncələrinə və uzağa gedə bilməyən məntiqlərinə uyğun şəkildə rəy çıxarıblar. Nə qədər qəribə olsa da, bunu guya hakimiyyətin çox ağır durumla üzləşdiyi ilə əlaqələndiriblər. Həmin dairələrin mülahizəsinə görə, Ə.Əhmədovu məhz bu narahatlıq belə məzmunlu bəyanat verməyə sövq edib. Ancaq əksər ekspertlər hesab edirlər ki, Ə.Əhmədovun bir partiya funksioneri kimi analoji məzmunda bəyanat verməsi normaldır. İstənilən partiya öz üzvlərinə belə çağırış edə bilər. Nəzərə alsaq ki, Ə.Əhmədov həm də hakimiyyətdə olan partiyanın adından danışır, onda onun müxalif qüvvələrə qarşı birləşmək kimi çağırışında qeyri-adi nəsə yoxdur. Çünki hakimiyyətin rəqibi müxalifətdirsə, Ə.Əhmədovun seçdiyi ritorika tamamilə doğrudur. Razıyıq ki, Ə.Əhmədov partiyadaşlarını müxalifətə qarşı qeyri-sivil yolla hansısa mübarizəyə çağırsaydı, onda iradlar haqlı sayıla bilərdi. YAP adından edilən bu çağırışla bağlı ekspertlər nə düşünürlər?
Hakimiyyət və müxalifətə münasibətdə eyni məsafədə dayanan Azərbaycan Sosialist Patiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, hakim partiya adından verilən bəyanatın məzmununda siyasi etiket normaları pozulmayıb: “Görürsünüz ki, Ə.Əhmədov həmin müraciəti sosial şəbəkədəki hesabı üzərindən edib. Bilirsiniz, radikal müxalif dairələrin bu cür məsələlərdə mövqeyini anlaya bilmirəm. Bir tərəfdən deyirlər ki, iqtidar adamları sosial şəbəkələrdən istifadə etmirlər, digər tərəfdən isə istifadə edənləri bu şəkildə tənqidə, bir çox hallarda isə təhqirə məruz qoyurlar. Ə.Əhmədov ölkənin ən böyük partiyası, özü də iqtidar partiyasının rəhbərlərindən biridir. Hakimiyyətin maraqlarını qorumaq, onu lazım olan kadrlarla təmin etmək hakim partiyanın səlahiyyətinə aid olan məsələdir. Necə olur ki, virtual aləmin verdiyi imkandan sui-istifadə edən bəzi radikal dairələr bütün günü əhalini inqilaba səsləyə bilir, buna bir irad bildirən yoxdur. Ancaq hakim partiya öz üzvlərini məhz belə dairələrə qarşı sıx birləşməyə çağıranda buradan başqa nəticələr çıxarırlar. Mən bunu hakimiyyətdəki bərk narahatlıqla izah etməzdim. Bu cür rüşeymlərin görünməsi üçün müxalifət güclü olmalıdır. Biz radikal müxalifətdə o gücü, potensialı görə bilmirik. Son vaxtlar müxalifət adından yaranan təsisatlara baxın. Qısa bir zamanda onlar dağılır, orada təmsil olunanlar bir-birini nələrdə ittiham etmirlər? O da sirr deyil ki, müəyyən xarici qüvvələr Azərbaycanda qarışıqlıq salmaq istəyirlər. Hər bir dövlətin burada öz marağı var. Həmin qüvvələrin təsirinə düşənlərlə bağlı elə bütün partiyalar bəyanat verməlidirlər. O cür adamlara qarşı nəinki YAP, hamı sıx birləşməlidir. Çünki bizə siyasi mübarizənin sivil qaydalarla aparılması lazımdır. Mən Ə.Əhmədovun adından səslənən bəyanatı tam normal sayıram. İstənilən partiya üzvlərinə belə çağırışlar edə bilər. Hər bir partiyanın öz hədəfləri var. Müxalifətin hədəfi hakimiyyətə gəlməkdirsə, iqtidar partiyasının da hədəfi hakimiyyəti qoruyub saxlamaqdır”.
Məhəmmədəli QƏRİBLİ