Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edib. Xankəndidə 31 il əvvəl - erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən “birləşmək” (“miatsum”) şüarları yenidən təkrarlanıb. Özü də Paşinyanın dilindən.
Ermənistan Baş naziri deyib ki, İrəvanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü diplomatiyanın yekun məqsədi “miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyilə qəbul oluna bilər. Paşinyanın bu sözlərinə meydana toplaşanlar "miatsum" qışqıraraq reaksiya veriblər.
Paşinyan qeyd edib ki, Azərbaycanla aparılan danışıqların yekun məqsədi “Qarabağın öz müqəddəratını təyin etməsi yolu ilə əldə edilən nəticələri möhkəmləndirməkdir”. Onun sözlərinə görə, erməni hökumətini Qarabağa dair hansısa gizli qəsd planında ittiham etmək mənasızdır, çünki hökumətin belə planı yoxdur və olmayacaq. Paşinyan bir qədər də irəli gedərək, “Qarabağ Ermənistandır” kimi fikir də işlədib.
Bununla Paşinyan, demək olar ki, indiyə qədər aparılan bütün sülh danışıqlarını alt-üst edən mövqe sərgiləyib. Ancaq maraqlıdır ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq qurumları və xüsusən də vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri Paşinyanın sırf avantürist sayılan mövqeyinə ciddi reaksiya vermirlər.
Qeyd edək ki, Paşinyanın son hərəkətlərinə rəsmi Bakıdan sərt etiraz gəlib. Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan Baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ Ermənistandır” deyə açıqlamasını qəti şəkildə rədd edirik: “Dağlıq Qarabağ Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Azərbaycan dövləti və xalqı heç vaxt Ermənistanın törətdiyi hərbi işğal və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək.
Ermənistan Baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır”.
Dövlət rəsmisinin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir: “Ermənistan Baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir.
Bu açıqlama ilə Ermənistan Baş naziri, həmçinin, özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyyat və yalandan başqa bir şey olmadığını etiraf edir.
Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.
Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ildə inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyil.
Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risqlərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir.
Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcək”.
Qarabağ Azadlıq Təşkilatının sədr Akif Nağı isə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan hakimiyyəti Paşinyanın bu davranışları ilə bağlı daha sərt addımlar atmalıdır: “Bizim uzun illərdən bəri dediyimiz fikirlər, verdiyimiz proqnozlar özünü doğruldur. Dəfələrlə demişik ki, ermənilərlə aparılan sülh danışıqlarının heç bir faydası olan deyil. Buyurun, baxın, bu da sizə nəticə. Paşinyan özündən əvvəlki ölkə rəhbərlərinə, sözün əsl mənasında, “rəhmət oxutdurur”. Deyirdilər ki, onlar əlində silah vuruşublar. Bu, demokratdır, nəsə gözləmək olar. Bu da sizə Qərbin, ABŞ-ın dəstəklədiyi demokrat siyasətçi. Açıq şəkildə işğalı dəstəklədi və birmənalı şəkildə dedi ki, həmin torpaqlar Ermənistanın əlində qalacaq. Bu cür konkret fikirləri o, ABŞ və Qərblə razılaşdırmadan deyə bilməz. Bundan bir çıxış yolu var. Azərbaycan silahı işə düşməlidir, ordumuz hərəkətə keçib düşməni yerinə qovmalıdır. Biz torpaqlarımızı yalnız bu yolla işğaldan azad edə bilərik. Hələ də ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyi yoxdur. Biz hələ də onların vasitəçiliyinə inanmalıyıqmı? Bundan artıq rəng ola bilməz. Azərbaycan hakimiyyəti dərhal bəyanat verib Minsk Qrupu ilə təmasları dayandırmalıdır. Paşinyan ölkə başçısıdır, onun mövqeyində olan adamla hansı danışığı aparmaq olar? Biz sülhdən danışırıq, onlar isə açıq ərazi iddiasını ortaya qoyurlar. Avqustun 6-dan isə Qarabağda “7-ci ümumerməni oyunları” adlı yarışa start verilib. Maraqlıdır ki, bundan əvvəl həmin oyunların 6-sı Ermənistanda keçirilib. İndi, görün, nə qədər münbit şərait görürlər ki, artıq həmin oyunu Qarabağda keçirməyi məqbul sayırlar. Bununla oranı da Ermənistan ərazisi kimi qəbul etdiklərini ortaya qoymuş olurlar. Paşinyanın bu hərəkətinə yeganə cavabı yuxarıda qeyd etdiyim vasitələrlə vermək olar”.
Məhəmmədəli QƏRİBLİ