Millət vəkili Vahid Əhmədovun öz fəaliyyət sahəsinə uyğun olmayan bir mövzu ilə bağlı səsləndirdiyi, heç bir konkret fakta söykənməyən ümumiləşdirmiş fikirlərinə ölkənin aparıcı media təmsilçilərinin etirazı davam edir. Bu gün də əlaqə saxladığımız bir neçə tanınmış qəzetin baş redaktorları deputatın açıqlamasına etirazlarını bildiriblər. Konkret olaraq deyiblər ki, KİVDF fəaliyyət göstərdiyi 10 il ərzində qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəlib, çap mediasının inkiafına böyük dəstək verib.
Vahid Əhmədov bildirib ki, bütün sahələrdə və qurumlarda olduğu kimi, media sahəsində də ciddi islahatlar aparılmalıdır: "Ümumiyyətlə, yaranan qurumlar effektiv işləməlidirlər, özlərini doğrultmalıdırlar. Cənab Prezident tərəfindən aparılan islahatların da son məqsədi məhz inkişafa nail olmaqdır. Bu baxımdan, Azərbaycan mediasında da ciddi islahatlara ehtiyac var. Mən bunu bir neçə dəfə söyləmişəm. Bu islahatları aparmaq lazımdır ki, mətbuat nüfuz qazansın və özünü saxlaya bilsin. Necə ki iqtisadi, hüquq və digər sahələrdə uğurlu islahatlara start verilibsə, hesab edirəm ki, media sahəsində də böyük islahatlar olmalıdır". V.Əhmədov deyib ki, hazırda KİVDF-nin fəaliyyətindən ciddi narazılıqlar mövcuddur: "Bu narazılıqlar zaman-zaman Azərbaycanın bir sıra tanınmış və peşəkar jurnalistləri tərəfindən də dilə gətirilir. KİVDF və digər bu kimi media təşkilatlarının fəaliyyətinə dərindən baxmaq lazımdır ki, bu qurumlar özünü doğrulda bilib, yoxsa bilməyib. Bunu media sahəsində çalışan insanlar çox gözəl bilirlər. Mənim bildiyim məlumata görə, KİVDF-nin fəaliyyəti ilə bağlı jurnalistlər çox ciddi problemlərlə üzləşiblər. Bu sahədə müəyyən problemlər yaranıb. KİVDF-nin ədalətsiz fəaliyyətindən narazı qalan jurnalistlərimiz var. Bu problemi ümumi kontekstdə həll etmək lazımdır. Yəni Azərbaycanda aparılan dərin islahatlar kontekstində KİVDF-nin də fəaliyyətinə baxmaq lazımdır". Deputat qeyd edib ki, hazırda Azərbaycan mətbuatında çox ciddi monopoliya mövcuddur: "Mən sizə açıq deyim ki, mətbuatımızda çox ciddi monopoliya var. Mən islahatlar deyəndə əsasən də bu problemin aradan qaldırılmasını nəzərdə tuturam. Yəni bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır. Dövlətdən vəsait alan qəzet və saytların əksəriyyətinin arxasında müəyyən qüvvələr dayanır və onları maliyyələşdirir. Üstəlik də dövlət tərəfindən onlara yardımlar edilir. Halbuki, həmin KİV-lər bazarın ixtiyarına buraxılmalı idi ki, özü-özünü doğrultsun. Əgər imkanı, peşəkarlığı olacaqsa, o yaşayacaq. Peşəkarlığı olmayacaqsa, o zaman gedib başqa işlə məşğul olacaq. Bütün dünyada media bu cür fəaliyyət göstərir. Yəni KİV-i öz peşəkarlıqlarına görə bazar özü tənzimləməlidir. Dövlət hər dəfə bu qəzetlərə milyonlar xərcləyir, onları saxlayır. Axı bu uzun müddət belə davam edə bilməz!".
Vüqar Rəhimzadə: “Vahid Əhmədov konkret göstərsin görək, dövlətdən maliyyə alan qəzetlərə həm də hansı məmurlar maliyyə verir?”
Millət vəkilinin səsləndirdiyi bu ittiahamlarla bağlı fikirini “Bakı-Xəbər”ə açıqlayan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, millət vəkilinin KİVDF ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir: “KİVDF mediaya dəstək sahəsində cənab Prezidentin yaratdığı ən effektiv faliyyət göstərən təsisatdır. Qurum yarandığı 10 il ərzində medianın inkişafı, onun maddi-texniki durumunun yaxşılaşmasında qəzetlərə əvəzsiz dəstək verib. Bu layihə media tarixində olan ən uğurlu layihələrdən biridir. Bu həm jurnalistlərin peşəkarlığının artırılması üçün böyük əhəmiyyət kəsb edir, həm də onların maddi təminatında önəmli rol oynayır. Redaksiyaların layihələr çərçivəsində maliyyələməsinin müsbət effektini biz görürük. Əgər KİVDF olmasaydı, qəzetlərin taleyini düşünmək çətin olardı. Birmənalı şəkildə hesab edirəm ki, bu təsisatın fəaliyyəti uğurla da davam etdirilməlidir. Kimlərsə narazıdırsa, bu, təbii ki, onların xislətindən irəli gələn bir istəkdi, heç bir obeyktivliyə söykənmir. Bu mövzuda subyektiv yox, obyektiv mövqe ortaya qoymaq lazımdır. Kimlər narazıdırsa, qoy adlarını yazsınlar. Ədalətli yanaşma budur ki, medianın dirçəlməsində KVDF-nin kifayət qədər böyük rolu vardır. Qoy Vahid Əhmədov konkret göstərsin görək, dövlətdən maliyyə alan qəzetlərə həm də hansı məmurlar maliyyə verir? Belə fakt ola bilməz axı”.
Sevinc Seyidova: “Hədəfə aldığı mətbu orqanlar uzun illər ərzində Vahid Əhmədova öz səhifələrində təmənnasız yer vermiş qəzetlərdir”
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Bakı-Xəbər”ə bildirdi ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması bu illər ərzində Azərbaycanda çap mediasının ayaqda durmasını, jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasını, qəzetlərin maddi-texniki bazasının güclənməsini şərtləndirən ən başlıca amildir: “Dövlətin çap mediasına dəstək siyasətini həyata keçirən bu qurumun fəaliyyəti ilə bağlı zaman-zaman bəzi şəxslər tənqidi fikirlər səsləndirsələr də, onların heç biri tutarlı əsaslara söykənməyib. Təbii ki, hər kəsi razı salmaq mümkün deyil. KİVDF-nin fəaliyyət göstərdiyi 10 il ərzində maliyyə dəstəyi verdiyi qəzetlər Azərbaycan mediasında uzun illər özünü təsdiqləmiş, oxucu kütləsi qazana bilmiş mətbu orqanlardır. Millət vəkili Vahid Əhmədovun KİVDF haqqında səsləndirdiyi son fikirlər təəssüf doğurur. Çünki millət vəkili olaraq hədəfə aldığı mətbu orqanlar uzun illər ərzində Vahid Əhmədova öz səhifələrində təmənnasız yer vermiş qəzetlərdir. İndi KİVDF-nin seçiminin yanlış olması tezisinin ortaya atılması heç bir məntiqə sığmır. Vahid Əhmədov dünya media təcrübəsini örnək göstərir. Lakin bir məqamı unudur ki, bu sahənin peşəkarları olaraq dünyada media sahəsində təcrübənin necə olduğunu hər halda biz daha yaxşı bilirik. Azərbaycan Prezidenti, bir çox sahələrdə olduğu kimi, mediaya dəstək sahəsində də dünyaya nümunə sayıla biləcək ilklərə imza atdı. Jurnalistlər təmənnasız mənzillərlə təmin edilir. Azərbaycanın tarixi salnaməsi sayıla biləcək çap mediasının ayaqda qala bilməsi, müasir dünya mediası trendlərinin təcrübəsinə sahib ola bilməsi üçün şəffaf şəkildə maliyyə yardımları ayrılır. Hətta Avropanın bir çox inkişaf etmiş dövlətlərində belə çap mediasına dövlət dəstəyi göstərilir. Bu səbəbdən millət vəkili Vahid Əhmədovun irəli sürdüyü tezislərin heç bir əsası yoxdur”.
Namiq Əliyev: “Bu kriteriyaya uyğun gələn hansısa bir jurnalist KİVDF-dən narazıdırsa, qoy adını desinlər”
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev də qəzetimizə açıqlamasında Vahid Əhmədovun iddiaları ilə qəti razılaşmadığını bildirdi: “Bizim KİVDF-dən heç bir narazılığımız yoxdur. Çünki bizim qəzetlər də daxil olmaqla, əksər kalssik media nümunələri KİVDF-nin ayırdığı yardım hesabına fəaliyyət göstərir. Həmin qəzetlər də Azərbaycan dövlətinin maraqlarını medaiada layiqincə təmsil edirlər. Mən KİVDF-nin davamlı fəaliyyət göstərməsinin tərəfdarıyam. Qurumun hansısa fəaliyyəti kimisə qane etmirsə, bu başqa məsələdi. Hərənin bir cür baxışı ola bilər. Mənim şəxsi münasibətim budur ki, qurumun fəaliyyəti bizi tam qane edir. Kimsə KVDF-də hansısa təkilləşdirməni görmək istəyirsə, buyursun təklifini versin. Ümumi qurumun və ordan maliyyə alan qəzetlərin fəaliyyətinə kölgə salmaq isə doğru deyil. Deyir ki, ölkənin aparıcı jurnalistləri KİVDF-dən narazıdır. Mən anlamıram, aparıcı jurnalist deyəndə kimi və hansı fəaliyyəti nəzərdə tuturlar? Mətbuatda olan tanınmış simalar bundan narazı deyilsə, kimi nəzərdə tutduqları bəlli deyil. Mənim nəzərimdə aparıcı jurnalist Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edənlərdi. Əgər bu kriteriyaya uyğun gələn hansısa bir jurnalist KİVDF-dən narazıdırsa, qoy adını desinlər, bizim üçün də maraqlı olar. Əminəm ki, belə bir adam tapa bilməyəcəklər”.
Tapdıq Abbas: “KİVDF-nin fəaliyyəti bizə bu gün də lazımdır, hələ uzun müddət bundan sonra da lazım olacaq”
“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas “Bakı-Xəbər”ə bildirdi ki, Vahid Əhmədov medianın fəaliyyət prinsiplərinə yaxşı bələd olan adam deyil: “ KİVDF-dən maliyyələşən qəzetlərin hamısı ölkənin ictimai rəyinə təsir etmək gücündə olan KİV nümunələridi. Həmin Fondun fəaliyyəti bütünlükdə mətbuatın inkişafına yönəlib. Bilirsiniz ki, bu Fond ölkə Prezidentinin imzası ilə yaradılıb. Hər halda, işi məqbul sayılır ki, 10 ildi fəaliyyət göstərir. Birmənalı şəkildə deyə bilərik ki, Fond olmasaydı, sosial şəbəkə və elektron medianın inkişaf etdiyi bir dönəmdə klassik media nümunələri sayılan qəzetlərin vəziyyəti pis olardı. Araşdırdıqda məlum olur ki, Avropa ölkələri, hətta Türkiyənin özündə belə dövlət qəzetlərin qorunub saxlanmasına böyük maraq göstərir. Bununla bağlı müxtəlif layihələr icra edilir. Qəzetlərin güya həm də məmurlar tərəfindən himayə olunması ilə bağlı səslənən fikirlərlə də qəti razı deyiləm. Müstəqil qəzetin rəhbəri olaraq birmənalı şəkildə bildirirəm ki, bizim heç bir məmur himayəsi ilə bağlılığımız yoxdur. Biz KİVDF-dən aldığımız yardımın hesabına həm 17 nəfərlik kollektivi saxlayırıq, həm də dövlətimizin siyasətinə media dəstəyi veririk. Buna görə də mən Vahid Əhmədovun fikirlərini tamamilə rədd edirəm. Hesab edirəm ki, KİVDF-nin fəaliyyəti bizə bu gün də lazımdır, hələ uzun müddət bundan sonra da lazım olacaq. Belə bir Fondun olması Azərbaycan qəzetlərinin ayaqda saxlanmasına xidmət edəcək”.
Məhəmmədəli QƏRİBLİ