“Qarabağ klanı”nı getdikcə daha çox sıxışdıran Ermənistanın baş naziri Nikol Paşinyana qarşı işğalçı ölkədə yeni qüvvələr birliyi formalaşmaqdadır. “Past” nəşri bu fonda yazır ki, Ermənistanın daxili siyasi həyatında bu payız, xüsusilə müxalifət sahəsində ciddi irəliləyişlərin olacağı gözlənir.
Bununla bağlı yeddi partiyanın oktyabrda birləşmə haqqında bəyannamə imzalayacağı bildirilir. Lakin birləşmiş siyasi qüvvələrin real sayı 20-dən çox olacaq. Partiyalar siyasi hədəflərini əks etdirən “işçi sənədi” təqdim edəcəklər. Yeni bloka tanınmış siyasətçilər, bir sıra ictimai təşkilat və ekspert cəmiyyətlərinin əsas nümayəndələri daxil olacaq.
Məqalədə qeyd olunub ki, hazırda səhnəarxası danışıqlar gedir. Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da bu günlərdə verdiyi müsahibədə hakimiyyətin məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. Sabiq prezident onu da qeyd etmişdi ki, yüksək ehtimalla, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək: “Seçicilər populist siyasətçilərin boş vədlərindən təngə gəliblər və seçkilərdə bunu aydın ifadə edəcəklər”. Onun sözlərinə görə, Ermənistan müxalifətinin birləşməsi üçün çox əlverişli şərait yaranıb: “Hakimiyyətə qarşı çıxış edən müxalifətin müxtəlif mərkəzləri olacaq, lakin onların arasında fəal qarşılıqlı fəaliyyət yaranacaq. Ölkədə sağlam qüvvələrin konsolidasiyasına böyük ehtiyac duyulur. Bu proses parlament müxalifətinin də fəallaşmasına səbəb olacaq, əks halda onlar öz elektoratını itirəcək”. Köçəryanın sözlərinə görə, payızda müxalifət düşərgəsində hakimiyyətə qarşı birləşmə prosesi başa çatacaq, siyasi mübarizə isə daha sistemli və genişmiqyaslı xarakter alacaq. Bu açıqlamalar fonunda hesab edilir ki, birləşməyə hazırlaşan siyasi qüvvələrin rəhbəri elə Köçəryanın özü olacaq. Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov hesab edir ki, bu vəziyyətdə Nikol Paşinyanı heç də xoş günlər gözləmir. Xüsusən də İcevanda və Göyçə gölü ətrafında əhali ilə qarşıdurmanın da şiddətlənməsi Paşinyana qarşı olan qüvvələr üçün əlavə şans yaradır: “Ənənəvi olaraq məhz iri şəhərlərdə, ilk növbədə, əhalinin üçdə birinin yaşadığı İrəvanda etiraz aksiyalarının keçirilməsi Ermənistan hakimiyyəti üçün ciddi problemə çevrilir. 2015-ci ildə enerji tariflərinin artırılmasına qarşı etiraz aksiyasını xatırlayaq. İrəvan, Gümrü və Vanadzor aksiyaların mərkəzinə çevrilmişdi. Yaxud 2018-ci ildə “məxməri inqilabı”n başlanğıcında əsas hadisələrdən biri olan Gümrüdən İrəvana yürüşü qeyd etmək olar. Ölkənin məhz üç ən böyük şəhərindən birində polis əməkdaşlarının sərt hərəkətləri ilə bağlı səs-küylü insidentlər Nikol Paşinyan üçün daha ciddi problemə çevrilə bilərdi. Hadisələrin bu cür gedişatı etiraz aksiyalarının katalizatoruna, hökumət üçün nəzərəçarpan risqlər daşıyan daha irimiqyaslı nümayişlərə çevrilmə ehtimalı var idi. İndi Paşinyanın əleyhdarları hadisələri məhz bu istiqamətə yönəltməyə çalışırlar. Sosial-iqtisadi problemlərin dərinləşməsi onlar üçün əlavə şans yaradır”.
Onun sözlərinə görə, Ermənistan baş nazirinin rəqibləri Paşinyanın fəal tərəfdarlarının küçə aksiyalarına səfərbərlik imkanlarının xeyli azaldığına nə qədər çox əmin olsalar, onların Paşinyanın mövqeyinin möhkəmliyini yoxlamaq cəhdləri bir o qədər fəal olacaq: “Dünya təcrübəsi göstərir ki, etiraz dalğası fonunda hakimiyyətə gəlmiş müxalif siyasətçi üçün küçə aksiyalarına çıxmağa hazır olan tərəfdarlarının fəal özəyi ciddi dağılanda, siyasi cəhətdən sağ qalmaq üçün güc strukturlarına bel bağlama nəzərəçarpacaq dərəcədə böyük rol oynamağa başlayanda hakimiyyəti itirmə təhlükəsi xeyli artır”.
Ermənistanın Siyasi Proqramlaşdırma Mərkəzinin rəhbəri Vladimir Sarkisyan isə qeyd edir ki, ötən il “küçə inqilabı” ilə hakimiyyətə gələn Nikol Paşinyanın ermənilərə “vəd etdiyi gələcəyi” unutması, əksinə, “vəd olunan gələcək” uğrunda küçə mübarizəsinə qoşulanların bu gün ac qalması xalqı hiddətləndirib. Onun sözlərinə görə, İcevanda “çörəyi ağacdan çıxanlara” qarşı polis zorakılığı və Paşinyanın bu zorakılığı açıq şəkildə dəstəkləməsi ermənilərin “inqilab eyforiyası”nı alt-üst etdi. Xüsusilə çörək uğrunda etiraz edənlərə qarşı hücuma Ermənistan polisinin rəhbəri Valeri Osipyanın rəhbərlik etməsi bu ölkənin polis dövləti kimliyindən çıxa bilmədiyini göstərdi: “Hər şeyin – “yaşıllığın müdafiəsi” adı altında insanlara hücumun əsl səbəbi yeni hökumətin pul siyasətidir. Hökumət yaşıllığı müdafiə etmir, əksinə, ağac sexlərinin meşədən kəsdikləri ağaclara görə cərimə adı ilə pul ödəməsini istəyir. Halbuki, Paşinyanın İcevanda hücum etdiyi sadə ermənilər ötən il onun “küçə inqilabı”na qızğın dəstək verirdilər. Şirak vilayətinin Bardzraşen kəndinin sakinləri də Nikola sona qədər dəstək vermişdi. Bu gün onlar aclıqla mübarizə aparır. Kənd sakinləri danışırlar ki, onların problemləri ilə heç kim maraqlanmır. İnqilabdan il yarım keçir, artıq ermənilər yenidən inqilab etmək haqda düşünürlər. Çünki Sarkisyanın hərbi xuntasından xilas olsalar da, Paşinyanın yalançı demokratiyası ilə üzləşdilər. Ölkədən qaçanların sayı getdikcə çoxalır, intiharların sayı artır, bölgələrdə əhalinin sayı sürətlə azalır, sadə insanların qazanc yerləri hökumətin müdaxiləsi ilə ləğv olunur və bütün bunların fonunda İrəvanda yeni oliqarxiya sistemi formalaşır”. Erməni şərhçi Qarnik Qevorqyan da bildirir ki, inqilabdan bir il yarım keçib, lakin heç bir dəyişiklik yoxdur: “Şüarlara və bəyannamələrə baxmayaraq, siyasi-iqtisadi sistem, iqtisadiyyatın bazisi dəyişmədi. İki onillik boyunca Ermənistan iqtisadiyyatının bazisi monopoliya-oliqarxiya idi, bu həm də siyasi hakimiyyətin dayağı rolunu oynayırdı. Siyasi sistem və oliqarxiya bir-bir ilə o qədər birləşmişdi ki, bir-birinə qarşılıqlı təsir edir, oliqraxiya siyasətin maliyyələşməsini təmin edir, siyasi hakimiyyət də oliqarxiyanın maraqlarına xidmət edirdi. Nikol Paşinyan bu sistemi ləğv etməyi vəd etmişdi. Ötən müddət isə göstərdi ki, o, oliqarxiya və siyasətin birləşməsi vədini çox tez unutdu. Bu gün oliqarxiya sistemi yenə də ölkənin iqtisadi sistemində təkbaşına hakimdir. Hakimiyyət və biznesin birləşməsi təkcə parlamentdə deputat-sahibkarın olması ilə yekunlaşmır, həm də hakimiyyətdə təmsil olunmayan, lakin iqtisadiyyata sahiblik edən oliqarxiya da siyasi sistemi yönləndirir. Yeni hakimiyyət bu sistemi dəyişmək üçün heç nə etmədi, əvəzində oliqarxiya sistemindəki fiqurlar dəyişdi”. Erməni şərhçi Samvel Ohanesyan isə Paşinyan hakimiyyətinin müxtəlif yalanlar adı ilə büdcəni taladığını yazır: ”Lakin heç kim bunun qarşısında səsini çıxara bilmir. Çünki bu gün Ermənistanda həqiqəti deyənlər “əks-inqilabçı” damğası ilə linç edilir. Bu metod Paşinyana və onun ətrafına toplanmış məmur-oliqarxiyaya sərf edir”. Paşinyanın əleyhdarları isə məhz bu vəziyyətdən istifadə edib payızda onu devirməyi düşünür.
Tahir TAĞIYEV