Məlum olduğu kimi, Azərbaycanın Ermənistanla olan sərhədinin bəzi yerlərində ön cəbhədəki keşiyi Dövlət Sərhəd Xidmətinin əsgərləri çəkirlər. Biz fikir veririk ki, bu prosesə start veriləndən sonra sərhədçilərimiz tez-tez Ermənistan tərəfindən atəşə tutulur. Bir neçə gün əvvəl DSX-ya məxsus posta yaxın yerdə üzərində “Təcili tibbi yardım” yazılan və aypara təsviri olan, həkimlərin olduğu avtomobil snayperlə atəşə məruz qaldı.
İyulun 31-də isə Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Hazırda vəziyyəti qənaətbəxşdir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti rəisinin müavini - general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub. General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.
Diqqətçəkən xüsusi məqam ondan ibarətdir ki, artıq son vaxtlar ermənilər aktiv münaqişə ocağı sayılan Dağlıq Qarabağ və onun ətrafında deyil, məhz dövlət sərhədlərimizdə fəallaşmağa başlayıblar. Ermənilərin məhz dövlət sərhədlərimizi hədəfə alması nə ilə bağlıdır?
Daşdəmir Əliyev: “Bilsinlər ki, cəbhənin istənilən istiqamətində Azərbaycanın bütün qoşun növləri ayıq-sayıqdır və düşməni yerində oturtmağa qadirdilər”
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bununla bağlı Ermənistanın bir neçə istiqamətdə məkrli planları ola bilər: “Onların istənilən yerdən bizə güllə atması təxribat sayıla bilər. Çünki işğalı onlar ediblər. Ancaq son dövrlər onların atəşkəsin pozulması vektorunu dəyişməsi maraqlı görünür. Bilirsiniz ki, Azərbaycan Sərhəd Qoşunları düşmənlə aramızdakı sərhədin mühafizəsinə ilkin olaraq Qazax tərəfdən başlayıb. O da məlumdur ki, Azərbaycanın Gürcüstanla sərhəd ərazisi də məhz həmin zonaya təsadüf edir. Ötən aylar ərzində biz Keşikçidağ istiqamətində Gürcüstan tərəfdən müəyyən təxribatçı addımlarla rastlaşmalı olduq. Bəlli oldu ki, o təxribatların arxasında da erməni barmağı var. İndi aydın olur ki, Ermənistan tərəfdən dövlət sərhədlərimizin məhz Qazax rayonu istiqamətində atəşə məruz qalması təsadüfi deyil. Bununla Ermənistan üç dövlətə yaxın ərazidə suyu bulandırıb, yeni təxribat ocağı yaratmaq istəyir. Sonra da Azərbaycanın verəcəyi sərt cavabı Ermənistana müdaxilə kimi dəyərləndirib prosesə KTMT-ni qoşmaq istəyir. Çünki Ermənistanın üzv olduğu həmin təşkilat onun sərhədlərinin ümumi mühafizəsini üzərinə götürür. Ancaq dəfələrlə Ermənistanın prosesə KTMT-ni qoşmaq cəhdləri alınmayıb. Əksinə, Ermənistan KTMT-dən qovulmaq vəziyyətinə gətirilib. Onlar bizi heç bir təxribata çəkə bilməyəcəklər. Bilsinlər ki, cəbhənin istənilən istiqamətində Azərbaycanın bütün qoşun növləri ayıq-sayıqdır və düşməni yerində oturtmağa qadirdilər”.
Məhəmmədəli QƏRİBLİ