Millət vəkili Vahid Əhmədovun Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyətinə dair səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Ötən sayımızda KİVDF-dən maliyyələşən bəzi qəzet baş redaktorlarının bu məsələyə kəskin etirazını dərc etdik.
Onlar, birmənalı şəkildə, Vahid Əhmədovun özünə aid olmayan bir sahə ilə bağlı, heş bir fakta əsaslanmayan fikirlərini absurd adlandırdılar. Qeyd edək ki, Vahid Əhmədov öz çıxışında bildirib ki, KİVDF bir təsisat kimi özünü doğrultmayıb, guya ölkənin bəzi aparıcı jurnalistləri qurumun fəaliyyətindən narazıdır, qurumda monopoliya mövcuddur və oradan pul alan qəzetlərin böyük əksəriyyəti məmurların kurasiyası altında fəaliyyət göstərir. Millət vəkilinin bu fikirlərinə KİVDF-dən maliyyə alan digər baş redaktorların da mövqeyini öyrəndik.
Asəf Rzayev: “Bu kimi əsassız fikirlər KİVDF-nin fəaliyyətinə kölgə salmağa hesablanıb”
“Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev “Bakı-Xəbər”ə bildirdi ki, Vahid Əhmədovun KİVDF haqda dediyi fikirlərlə qətiyyən razı deyil: “Çünki bu fond, faktiki olaraq, yazılı mətbuatı məhvdən xilas edib. Cənab Prezidentin imzası ilə yaradılan bu fondun fəaliyyətini təqdir etmək lazımdır. Söhbət maliyyələşmənin prinsiplərindən gedirsə, bu olduqca şəffafdır. Biz müstəqil qəzet kimi uzun illərdir həmin prosesdə yaxından iştirak edirik. Bilirsiniz ki, hazırda internet əsridir. Çap mediasının yaşadılması çox çətindir. Mən inanmıram ki, hazırkı şəraitdə maliyyə yardımı olmadan hansısa qəzet periodik çıxa bilsin. Bu baxımdan da KİVDF-ni uğurlu layihə saymaq olar. Hesab edirəm ki, proses davam etdirilməlidir. Qəzetlərin fəaliyyəti üçün bu sistemin mövcud olmasına ehtiyac var. KİVDF-dən maliyyələşən qəzetlərin hansısa məmurların monopoliyası altında olmasına gəldikdə isə, bu tamamilə absurd fikirdir. Əgər belə olsaydı, həmin qəzetlər maliyyə almaq üçün KİVDF-yə niyə müraciət edirdilər? Elə həmin məmurlardan pul alıb fəaliyyət göstərərdilər. Bu kimi əsassız fikirlər KİVDF-nin fəaliyyətinə kölgə salmağa hesablanıb”.
Rasim Bayramov: “Dövlətdən tam dəstək alan qəzet niyə hansısa məmura sığınmalıdır?”
“Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov da qəzetimizə açıqlamasında Vahid Əhmədovun fikirlərinin heç bir məntiqə əsaslanmadığını qeyd etdi: “Vahid Əhmədovun açıqlaması göstərir ki, onun medianın real durumu və qəzet sənayesindən, ümumiyyətlə, xəbəri yoxdur. Əgər təsəvvürü olsaydı, bu tip, reallıqdan uzaq olan açıqlama ilə çıxış etməzdi. KİVDF medianın inkişafında müstəsna rol oynamış təsisatdır. Bu 10 illik fəaliyyəti yaxşı tədqiq etsələr, bunun şahidi olarlar. Ümumi sözlərlə fikir bildirib, hansısa qurumun adını qaralamaq doğru deyil. Yaxşı olardı ki, Vahid Əhmədov KİVDF-nin fəaliyyəti ilə yaxından tanış olsun. Əminəm ki, təsəvvürü tamamilə dəyişər. Rəhbərlik etdiyim qəzet tam müstəqil şəkildə fəaliyyət göstərir. KİVDF-dən maliyyə almağımız tam şəffaf şəkildə həyata keçir. Bağlanan qarşılıqlı müqavilə əsasında biz təqdim olunan layihələri icra edirik. Həmin layihələrin mövzularına fikir versəniz görərsiniz ki, dövlətimiz üçün prioritet olan sahələr işıqlandırılır. KİVDF tərəfindən ayrılan maliyyə ilə biz qəzeti yaxşı inkişaf etdirə bilirik. Onun tirajını artırmağa nail oluruq. Yayımını genişləndirə bilirik. Dövlətdən tam dəstək alan qəzet niyə hansısa məmura sığınmalıdır? Buna nə ehtiyac var? Bu məsələdə Vahid Əhmədovun mövqeyi tamamilə gülünc görünür. Əksinə, dövlət tərəfindən ayrılan vəsait qəzetləri kimlərinsə asılılığından tam azad edir. Yaxşı olar ki, bu sahədən daha çox məlumatı olan adamlar danışsın. Yoxsa, belə əsassız fikirləri ifadə etməklə adamlar özlərini gülüş obyektinə çevirmiş olurlar”.
İlqar Hüseynov: “Yaxşı olar ki, həmin adamlar gedib öz problemlərini həll etsinlər, sonra əksəriyyətin adından danışsınlar”
Rus dilində nəşr olunan “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov qəzetimizə bildirdi ki, Vahid Əhmədovun həmin fikirləri nəyə əsaslanaraq söyləməsi çox maraqlıdır: “Bizim qəzet uzun illərdir KİVDF-dən maliyyə alaraq çap olunur. Bilirsiniz ki, rusdilli mətbuatın fəaliyyətinə bizim böyük ehtiyacımız var. Amma etiraf edək ki, dövlətimizin dəstəyi olmadan bunu etmək mümkün deyil. Necə deyərlər, hər şey göz qabağındadır. Mənim üçün çox maraqlıdır, Vahid Əhmədovu öz sahəsinə aid olmayan bir məsələ ilə bağlı belə primitiv açıqlama verməyə nə vadar edib? Mən başa düşmürəm, Vahid Əhmədov hansı jurnalistlərin adından danışaraq deyir ki, onlar KİVDF-dən narazıdırlar? Niyə həmin adamların adını açıqlamır? Bu qəti olaraq mümkün deyil. Narazı adamlar hər yerdə ola bilər. Amma KİVDF-dən narazı olanlar ilk növbədə öz talelərindən narazı olanlardır. Yaxşı olar ki, həmin adamlar gedib öz problemlərini həll etsinlər, sonra əksəriyyətin adından danışsınlar. Hesab edirəm ki, Vahid Əhmədovun söylədikləri yalan və iftiradan başqa nəsə deyil”.
Aqil Camal: “Bu gün fəaliyyətimizi davam etdirməyimizin əsas təminatçısı KİVDF-dir”
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal qəzetimizə bildirdi ki, hazırda KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin sayı 25-dir: “Həmin qəzetlər müxtəlif formatlı, müxtəlif ictimai-siyasi, ideoloji profilli olduqları kimi, o qəzetlərə cəmiyyətin münasibəti də müxtəlifdir. Ona görə mən yalnız öz qəzetimiz “Türküstan” barədə danışa bilərəm. KİVDF 2009-cu ildə yaradılıb. Biz isə Fondun kriteriyalarına (tiraj, abunə, satış) 2013-ü ildə uyğunlaşa bilmişik və o zamandan həftəlik qəzet kimi maliyyə yardımı alan qəzetlər sırasındayıq. Tam müstəqil şəkildə fəaliyyət göstəririk. Bu gün fəaliyyətimizi davam etdirməyimizin əsas təminatçısı KİVDF-dir. Aprel ayından Fondun ayırdığı maliyyə yardımı 2 dəfə artırıldığından, biz həm rəngli, həm də 24 səhifə çıxmaq imkanı əldə etmişik. Oxucuların qəzetimizə (eyni zamanda, saytımız Turkustan.info-ya) münasibəti çoxlarına bəllidir. Elə Mətbuat Günü ərəfəsində parlament jurnalistləri arasında keçirilən sorğuya görə, “Türküstan” qəzeti “22 iyul varisi” seçilib. Bu baxımdan, hesab edirəm ki, deputat Vahid Əhmədovun KİVDF-nin qəzetlərlə bağlı fəaliyyətini ümumi şəkildə qiymətləndirməsi doğru yanaşma deyil. Əgər hansısa qəzetin fəaliyyəti, hansısa jurnalistin narazılığı ilə bağlı fikri, faktı varsa, onu konkretləşdirsin”.
Məhəmmədəli QƏRİBLİ