ABŞ-dan Ermənistana avtomobil idxal edənlər üçün ciddi problemlər mövcuddur. Bu barədə ölkənin "Joxovurd" qəzeti yazıb.
Qəzetin yazdığına görə, avqustun 20-dən etibarən idxalçıların internetdə şəxsi səhifələri bağlanacaq. Yəni bu o deməkdir ki, ABŞ-dan avtomobil idxal edən Ermənistan şirkətləri artıq auksionlarda iştirak edə bilməyəcəklər.
Qəzet onu da qeyd edir ki, təxminən bir həftədir Yaponiya istehsalı olan avtomobillərin idxalına dair hərraclara girişin qarşısı alınıb: “İdxalçıların əksəriyyətinin səhifələri bir neçə gün əvvəl bağlandı, yalnız bəzi təsərrüfat subyekti “üzüb” qaldı və nə qədər davam edəcəyi bilinmir. Mütəxəssislər bu vəziyyətin səbəbini yeni avtomobillərə görə gömrük rüsumlarının 2020-ci il yanvarın 1-dən gözlənilən artımı ilə əlaqələndirirlər”.
Görünən odur ki, Ermənistanla bağlı ABŞ-da yeni vəziyyət yaranır. ABŞ Ermənistana yardımları azaldıb. Belə ki, Birləşmiş Ştatlar separatçı “DQR”ə də maliyyə yardımını azaldıb. Məlumata görə, ABŞ hökuməti iki ay ərzində marionet rejimə maliyyəni dayandırmağı planlaşdırır. ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır. Məhz bundan sonra ABŞ-dan Ermənistana avtomobil idxalına məhdudiyyətin qoyulmasını ekspertlər necə dəyərləndirirlər?
Ramil Hüseynov: “Vaşinqton bu ölkəyə qarşı müxtəlif iqtisadi xarakterli təsir rıçaqlarını işə salır”
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Ermənistana ABŞ-da avtomobil auksionlarında iştiraka məhdudiyyətin qoyulması maraqlı prosesdir: “Bu ondan xəbər verir ki, Ermənistandakı Paşinyan hakimiyyəti, bütün mənalarda, Vaşinqtonda etimadını itirir. Çünki ard-arda bunların baş verməsi təsadüfi deyil. Görünən odur ki, ABŞ Ermənistana qarşı müxtəlif iqtisadi xarakterli təsir rıçaqlarını işə salır. Bu günlərdə separatçı quruma humanitar xarakterli maliyyə yardımı dayandırıldı. İndi də avtomobil idxalı ilə bağlı sözügedən qərar Paşinyan hakimiyyətinə bir mesajdır. Nəzərə almaq lazımdır ki, ABŞ Ermənistanın inkişafının yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün olacağını düşünür. Bununla bağlı ABŞ dəfələrlə Ermənistana işarə edib. Ancaq Paşinyan hakimiyyətinin yeritdiyi siyasət göstərdi ki, Ermənistan kompromislərdə maraqlı deyil. Hesab edirəm ki, bu amil ABŞ-ın mövqeyində Ermənistana münasibətdə dəyişikliklərə səbəb olur. ABŞ hazırda Azərbaycana müəyyən mənada Gürcüstandan da çox önəm verir. Bu isə o deməkdir ki, ABŞ üçün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. ABŞ-ın terrorizmlə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirməsi, bununla bağlı maliyyə yardımını təxminən beş dəfə artırması dediklərimizi sübut edir”.
Vidadi ORDAHALLI