Ermənistan korrupsiya ilə mübarizənin yeni metodlarını arayır. Bir müddət əvvəl Paşinyan bununla bağlı hətta dövlət qurumu da təsis etmişdi. Ancaq görünən budur ki, effekti olmayıb. Təsadüfi deyil ki, Ermənistanın ədliyyə naziri Rüstəm Baqdasaryan ABŞ-ın həmin ölkədəki səfiri Linn Treqsi qəbul edib və bu istiqamətdə söhbət ediblər.
Ədliyyə naziri səfirin diqqətinə çatdırıb ki, bu yöndə işlərin effektini artırmaq üçün Antikorrupsiya məhkəməsi adlı yeni təsisatın yaradılmasını nəzərdə tuturlar. Onun vasitəsilə gəlir bəyannamələrinin verilməsində şəffaflığı, müsadirə institutunun daha da gücləndirilməsini istəyirlər.
ABŞ səfiri bildirib ki. bu istiqamətdə Ermənistana istənilən köməyi etməyə hazırdırlar. Maraqlıdır ki, Ermənistan kiçik ölkə olmasına baxmayaraq, korrupsiya ilə mübarizə sahəsində effektiv metod tapa bilmir. Bu nə ilə bağlıdır?
Hatəm Cabbarlı: “Paşinyan boş büdcə ilə xalqa verdiyi vədləri yerinə yetirə bilmir”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda Nikol Paşinyanın rəhbərliyi altında baş tutan “məxməri inqilab” ölkədə siyasi institutlara tam olaraq nəzarəti bərqərar edə bilməyib: “Bunu biz Nikol Paşinyanın son bir il yarımlıq hakimiyyətinə diqqət etdikdə aydın şəkildə görürük. Paşinyan Baş nazir kimi öz kreslosunu nə qədər bərkitsə də, bütün qurumlara nəzarət sahəsində ciddi çətinliklər yaşayır. Bu özünü daha çox Köçəryanın həbsdən azadlığa buraxılması məsələsində büruzə verdi. Köçəryanın iki dəfə ard-arda həbs edilməsi Nikol Paşinyan hakimiyyətinin məhkəmələr üzərində nəzarəti tam bərpa edə bilmədiyinə dalalət edirdi. Ermənistanda islahat adı ilə proseslər çox sancılı gedir. İstənilən nəticənin alına biləcəyi böyük sual altındadır. Ədliyyə naziri ABŞ səfiri ilə korrupsiya ilə mübarizə metodlarını müzakirə ediblər. Qeyd etmək lazımdır ki, Ermənistanda korrupsiya ilə mübarizə aparan qurum var. Görünən budur ki, həmin qurum da lazım olan nəticəni vermir. Ona görə də yeni yollar arayırlar. Başlıca məqsəd büdcəni doldurmaqdır. Çünki Paşinyan boş büdcə ilə xalqa verdiyi vədləri yerinə yetirə bilmir. Bütün bunlar büdcəni doldurmaq üçün ortaya atılıb”.
Məhəmmədəli QƏRİBLİ