Elşən Mustafayev: “Ancaq bunun üçün həmin ölkələrin münaqişələrə təsir imkanları olmaldır”
Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında elmi-praktik konfrans olub. Konfransda Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov da çıxış edib.
General Gerasimov dünyadakı vəziyyəti müzakirə edib. Əsas diqqəti ABŞ-ın özünü uzun illərdir yeganə superdövlət kimi təqdim etməsinə yönəldib. Belə ki, Gerasimovun fikrincə, indi bu imic darmadağın olub və ABŞ bütün səylərini situasiyanın konservasiyasına yönəldib.
General əlavə edib ki,hərbi metodlarla təsir göstərmək də öz qüvvəsində qalır. Bu cür müharibələri daha çox “yeni tip müharibələr” adlandırırlar. Hərçənd müharibə metodları daim dəyişir, əsasən isə yeniliklər ancaq bir sıra həllərdən və müharibə texnologiyalarından ibarətdir. Mahiyyət dəyişmir. Bütün bu hibrid metodlar ilk baxışdan sirr deyil və Çin sərkərdəsi II Sun-tszı tərəfindən hələ 5 min il əvvəl tətbiq edilib. O öz ordusunun bilavasitə döyüşdə iştirak etmədən qalib gəlməsinin mühümlüyünü qeyd edirdi: “Üstəlik, müxtəlif teatrlarda zərbələr formal olaraq bir-birilə bağlı olmaya, hansısa ölkə və ya koalisiya ilə əlaqəli görünməyə bilər. Tutaq ki, Suriyada münaqişənin növbəti kəskinləşməsi Donbassda irimiqyaslı hərbi əməliyyatların bərpa olunması ilə eyni vaxta təsadüf edə bilər. Üstəlik, Orta Asiyada və ya Qafqazda, tutaq ki, Azərbaycanla Ermənistan arasında da müharibə başlayar və bütün bunlar hamısı eyni zamanda baş verər. Tamamilə real ssenaridir. Bütün bunlara hazır olmaq lazımdır”.
Məhz bu ssenarini nəzərə alaraq ehtiyat qoşunların manevrlərinin və bir nöqtədən başqa nöqtəyə atılmasının təmin edilməsi, habelə onların zərbə altından çıxarılması üçün qoşunların strateji və taktiki mobilliyi ilə bağlı tələblər sərtləşdirilir. Radioelektron mübarizə vasitələrinin rolu həm rabitə, həm kəşfiyyat və naviqasiya, həm zərbə vasitəsi olaraq artır. Hansı ki, konfransda Rusiyanın radioelektron mübarizə vasitələrinin Suriyada effektiv işlədiyi qeyd olunub. Habelə kəşfiyyat-zərbə qapalı konturları yaradılıb və Yaxın Şərq hərbi əməliyyatlar teatrında, eyni zamanda təlimlərdə uğurla sınaqdan çıxarılıb. Onlar sürətli təsir edən kəşfiyyat vasitələri vahid sisteminə inteqrasiya olunub. Söhbət pilotsuz aparatlardan və aviasiyadan, orbital qruplaşmadan, radio və radiotexniki kəşfiyyat vasitələrindən, düşmənin hədəflərinin kompleks atəş zərbəsinə məruz qoyulması vasitələrindən gedir.
Gerasimov bildirib ki, qoşunların idarə edilməsi strukturları təkmilləşdirilir, yüksək dəqiqlikli və böyük radiuslu silahların döyüşə hazırlanması və tətbiqi üçün lazım olan vaxt müasir informasiya təminatının, təkmilləşdirilmiş idarəetmə sistemlərinin sayəsində 1.5 dəfə azalıb. Lakin işlər bununla yekunlaşmır. Hazırda qoşun növləri üzrə inteqrə edilmiş və avtomatik kəşfiyyat-zərbə sisteminin yaradılması üzərində iş gedir. Bu sistem zərbə dəqiqliyini daha 1.5-2 dəfə artıracaq, qərarların qəbulu üçün müddəti 2 dəfədən çox qısaldacaq. Yeni sistemin “Vostok-2018” təlimlərində sınaqdan keçiriləcəyi gözlənir.
Göründüyü kimi, Rusiyanın Baş Qərargahında gedən müzakirələrdə həmin ölkənin maraqlarının olduğu qaynar nöqtələrdə müharibələrin eyni anda başlaya biləcəyinə dair fikirlər səslənir və yaranacaq vəziyyətdən çıxış yolları axtarılır. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin də adı çəkilir. Bu ehtimalı nə dərəcədə real saymaq olar?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Rusiyanın bu narahatlığı əbəs yerə deyil: “Bəllidir ki, sizin adlarını çəkdiyiniz münaqişə ocaqlarının hər birində Rusiyanın maraqları var. Rəsmi Moskva bunu gizlətmir və yeri gələndə özündən qat-qat uzaq məsafədə yerləşən Yaxın Şərqdə belə açıq müharibəyə girişir. Adları çəkilən digər müharibə ocaqlarında da Rusiyanın əli və marağı var. Ukraynadakı separatçı bölgələrə də dəstəyi Rusiya verir. Dağlıq Qarabağla bağlı vəziyyət də bəllidir. Bu münaqişədə də Rusiya üstünlüyü Ermənistana verir. Münaqişələrin birdən-birə alovlana biləcəyi ilə bağlı Rusiyanın məhz indiki anda təşvişə düşməsi düşündürücüdür. Artıq Qərb və ABŞ Rusiyaya qarşı açıq müharibəyə keçib. Birinci fazada sanksiyalar tətbiq olundu. Bunun nəticə vermədiyini görən Qərb və ABŞ ölkələrdən rus diplomatlarını qovur. Bu, demək olar ki, açıq müharibə anlamına gəlir. Yəqin ki, Rusiya özünə növbəti təzyiq dalğası kimi onun maraqları olan qaynar ocaqlardan təhlükə gözləyir. Ancaq bunun üçün həmin ölkələrin münaqişələrə təsir imkanları olmalıdır. Yaxın Şərqdə bu mümkündür. Çünki ABŞ və Qərb müxtəlif adlarla orada təmsil olunur. Ukraynada da münaqişəni alovlandırmaq mümkündür. Çünki Qərb, demək olar ki, Ukraynanı Rusiyanın caynağından qopara bilib. Həmin ölkənin vasitəsilə separatçı bölgələrdə əməliyyatları başlamaq onlar üçün çətin deyil. Ancaq Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, bunu ehtimal etmək çətindir. Çünki Rusiya belə bir təzyiqi Azərbaycandan gözləməlidir. Azərbaycan isə həm Rusiya, həm də Qərblə balanslı siyasət yürüdür. İnanmıram ki, biz kiminsə diqtəsilə bu kampaniyada yer alaq. Ancaq buna baxmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqına malikdir. Bu yolda hətta müharibə variantı da istisna olunmur. Ancaq bunun nə zaman başlayacağını biz özümüz müəyyən edə bilərik”.
Məhəmmədəli QƏRİBLİ