Elşən Həsənov: “Xarici mühacirlər sırasında Rusiya Baş Kəşfiyyat İdarəsinin gözəgörünməz sehrli çubuğu dirijorluq etməkdədir”
Avropada yaşayan bəzi mühacirlərin seçdikləri söyüşlə mübarizə taktikasının əsl dirijoru məlum olub. Artıq bir neçə gündür bununla bağlı mediada, sosial şəbəkələrdə ciddi müzakirələr gedir. Ciddi dəlillərə əsaslanaraq səsləndirilən iddiaların əksəriyyətində bildirilir ki, bu xoşagəlməz layihəyə “ağsaqqallığı” baş nazirin sabiq birinci müavini Abbas Abbasov edir.
Bu, sözügedən personanın deyilən istiqamətdə ilk cəhdi deyil. Onun 2013-cü ildə başladığı analoji proses fiaskoya uğrayandan sonra Abbasovun mövsümi fəallığı yenidən baş qaldırıb. Söyüşlə mübarizə layihəsində yer alan mühacirlərin siyasətdən uzaq adam olduqları bəllidir. Bəs onda onları Abbas Abbasovla bir layihədə yer almağa hansı amillər vadar edə bilər? Məlumdur ki, Abbas Abbasov olduqca imkanlı şəxsdir. Bir vaxtlar hakimiyyətdə təmsil olunarkən oğurladığı pulların hesabına özünə geniş biznes şəbəkəsi qurub. Birinci versiya bundan ibarətdir ki, Abbasov həmin mühacirləri maddi vəsaitlər hesabına şirnikləndirə bilib. İkinci versiya isə bundan ibarətdir ki, Abbas Abbasovun Rusiyanın müəyyən dairələrilə ciddi əlaqələri mövcuddur. Təsadüfi deyil ki, o, vəzifədən azad ediləndən sonra yaşamaq üçün məhz Rusiyanı seçdi. Bir çox hallarda isə Abbasov Rusiyanın maraqlarının təmsilçisi obrazında çıxış edir. Belə olan təqdirdə, ola bilərmi ki, söyüşcül mühacirlərlə Abbas Abbasovu maddi amillərdən başqa digər maraqlar da birləşdirsin? Bu kontekstdən irəli gələrək, söyüşcül mühacirlərin Abbas Abbasovun vasitəçiliyi ilə Rusiyanın xüsusi xidmət orqanlarının dolayı təsiri altında olduqlarını iddia etmək olarmı? Belə olan halda, Rusiya xüsusi xidmətlərinin dolayı təsiri altında olan bu mühacir azərbaycanlıların yaşadıqları Qərb ölkələrinin rəsmi siyasi dairələri ilə gələcək münasibətləri necə olacaq?
Təhlükəsizlik orqanlarının sabiq əməkdaşı Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, son zamanlar sosial şəbəkələrdə “söyüş sindromu”nun təhlükəli virus olaraq yayılması təhlükəli tendensiya kimi dəyərləndirilməlidir: “Bu sindromun əlamətlərinə hələ bundan öncəki dövrlər - Milli Şuranın mitinqlərə start verdiyi dövrlərdə də ara-sıra rast gəlmək olardı. Yadımdadır, mitinqlərə getməyənləri küçə söyüşləri ilə təhqir etmək hallarının artmasından sonra səbrimin tükəndiyini gördüm və bunlardan birinin ünvanını əldə edərək, elə axşamçağı düz qapılarına getdim. Həyatın qayda-qanununu məhəllələrində, qapısının ağzındaca anladandan sonra insan səhv etdiyini başa düşdü və rəsmi olaraq üzr istədi.
İndiki halda da eyni vəziyyətlə üzləşirik. Prezident seçkilərinə start verilər-verilməz, elə bil hansısa sehrli bir dirijor çubuğunun hərəkəti ilə söyüş orkestrinə start verilir. Seçkilərə qatılan və ya bu istəkdə bulunan hər kəs təhqirə məruz qalır.
Yaxud başqa bir misal. Avropaya mühacirət etmiş bir qrup insanın küçə söyüşləri vasitəsilə nələrisə dəyişmək, hansısa problemlərin həllinə nail olmaq istəkləri qətiyyən başadüşülən deyil. Birinci halda bu söyüşlər özünü ana müxalifət adlandıran, siyasi hakimiyyət iddiasında olan partiyaların sıravi üzvlərinin dilindən səsləndirilirsə, ikinci halda bu söyüşlər elə o partiyaların müxtəlif səbəblər və bəhanələrlə xaricə mühacirət etmiş üzvləri tərəfindən səsləndirilməkdədir.
Bu qrupları birləşdirən iki cəhət var - vaxtilə eyni partiyalarda təmsil olunmaları və “mübarizə” metodları.
Bəs “söyüş taktikası” üsulundan istifadə Azərbaycanda nə vaxt və hansı dövrdə yayılmağa başladı? Əgər tarixə qısa bir ekskurs etmiş olsaq, o zaman, yəni bundan əvvəlki prezident seçkilərindən qabaq nələrin baş verdiyini, hansı siyasi birlik və qurumların yaranmasında kimlərin və hansı dövlətlərin marağının olduğunu, bu işdə kimlərin canfəşanlıq etdiyini aydın şəkildə sezmək olar. Yadınızdadırsa, əvvəl “Milyarderlər ittifaqı”nın, sonra Milli Şuranın yaradılmasında maraqlı dövlət olaraq Rusiyanın adının dəfələrlə hallanması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı və Azərbaycan ictimai fikri qarşısında bu projeyə qarşı təpki görən Rusiya sonda geriyə addım atdı və Putinin Azərbaycana gəlişi ilə öz planlarının üstündən xətt çəkmiş oldu.
Bütün bunlarla bərabər, baş verən olaylarda Azərbaycan əsilli, keçmiş baş nazirin müavini Abbas Abbasovun da adının hallanması yəqin ki, təsadüfi deyildi. Mətbu yazılardan və siyasi kuluarlarda gəzən söhbətlərdən onun bu işdə maraqlı tərəf olması ilə bağlı versiyalar dolaşır. Mətbuatda gedən yazılarda bildirildiyinə görə, Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edən bu adamın vasitəsilə elə yerlərdə də siyasi meydanın fəalı olan insanlara bu metoddan bir element olaraq istifadə etmək tövsiyə olunmuşdu. Səbəb isə aydındır - söyüşə həssas olan Azərbaycan insanı buna aqressiv şəkildə cavab verir və bu da kütləvi qarşıdurmalara gətirib çıxarır ki, nəticələrini özünüz də təsəvvür edə bilərsiniz.
İndiki həssas və regional münasibətlərin xüsusilə incəlik tələb etdiyi bir dövrdə də eyni metodun işə salınması və Abbas Abbasov haqqında materialların mətbuatda işıq üzü görməsi təsadüf sayıla bilməz. Görünən odur ki, istər Azərbaycan daxilində baş verən proseslərdə, istərsə də xarici mühacirlər sırasında Rusiya Baş Kəşfiyyat İdarəsinin gözəgörünməz sehrli çubuğu dirijorluq etməkdədir.
Siyasi mühitdə fəallıq göstərən sıravi Azərbaycan vətəndaşlarına isə bircə məsləhətim var - fitnəkarlığa uymayın. İnsanı ucaldan əsas elementlərdən biri də onun bildirmək istədiyi fikri gözəl sözlərlə, bəlağətlə ifadə etməsindədir. Söyüş heç kəsə başucalığı gətirmir”.
Məhəmmədəli QƏRİBLİ