Azərbaycanın tranzit imkanları bu gün Mərkəzi Asiya ölkələrinin də diqqətini getdikcə daha çox cəlb etməkdədir. Söhbət burada həm enerji, həm də qeyri-enerji sahəsində yaradılan imkanlardan gedir.
Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra Mərkəzi Asiya ölkələrinin öz yüklərini Azərbaycan üzərindən ixrac etməsində mühüm dəyişikliklər qeydə alınır. Artıq Qazaxıstan bir neçə yük qatarını Bakı-Tiflis-Qarsla yola salıb. Orta Asiya ölkələrindən Özbəkistan da yaxın tezlikdə yüklərini bu marşrutla dünya bazarlarına çıxarmaq istəyir. Perspektivdə Tacikistan da Bakı-Tiflis-Qarsdan istifadəni nəzərdən keçirdiyini bildirib. Eyni mövqeni Türkmənistan da sərgiləyir. Çünki bu xətt üzrə beynəlxalq layihənin həyata keçirilməsi Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının artmasına xidmət edir.
Amma Mərkəzi Asiya ölkələrinin maraq dairəsində olan məsələlərdən biri enerji resurslarını da Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarmaqdır. Bu xüsusda “Transxəzər” boru kəmərinin yaxın tezlikdə çəkilməsi gözlənir. Son məlumatlardan belə bəlli olur ki, kəmərin çəkilişi ilə bağlı proseslər yenidən aktiv fazaya keçib. Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də təsdiq edir. Onun sözlərinə görə, hazırda Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması imkanları müzakirə edilir: “Biz Türkmənistan hökumətinin nümayəndələri ilə dövri olaraq görüşlər keçirir və təmaslar saxlayırıq”. Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev bildirir ki, energetika sahəsində beynəlxalq əməkdaşlıq təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdə olan Türkmənistanın iqtisadi strategiyasının əsas vektorudur: “Xəzər dənizinin Türkmənistana aid hissəsində və sahilboyu zonasında, Amudərya hövzəsində, Mərkəzi Qaraqumda, həmçinin “Yaşlar” və “Qarakel” yataqları ilə birgə bu günə ehtiyatları 27 trilyon kubmetr qiymətləndirilən supernəhəng qaz yatağı olan “Qalkınış”da perspektivli neft-qaz yataqlarının sənaye baxımından sürətli işlənməsi layihələrinin icrası davam etdiriləcək”. Türkmənistan üçün indi maraq doğuran məqamlardan biri qaz ehtyiatlarını Azərbaycan üzərindən Avropaya çatdırmaqdır. Amma Azərbaycanın tranzit imkanları, Türkmənistanla yanaşı, Özbəkistanı da çox maraqlandırır. Bununla bağlı Rusiyanın “rosbalt” portalı yazır: “Özbəkistan lideri Şövkət Mirziyoyev Mərkəzi Asiyada (MA) nüfuzunu möhkəmlədərək nəqliyyat dəhlizi və qaz borusu əldə edilməsində “türk həmrəyliyi”nə güvənməklə Azərbaycana hədəflənib. Mərkəzi Asiyanın, demək olar, bütün dövlətlərində neft və qaz ehtiyatlarının varlığı onların Avropa bazarlarına çıxış aktuallığı mülahizəsinə görə Azərbaycan üçün də maraqsız deyil. Azərbaycan bunun üçün ideal şəkildə uyğun gəlir – onda təkcə “Cənub Qaz Dəhlizi” (CQD) və “Şərq-Qərb” nəqliyyat dəhlizi və Yeni İpək Yolunun tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmiryol magistralının varlığı yetərlidir.
Mirziyoyev Mərkəzi Asiya dövlətləri arasında münasibətləri yoluna qoyandan sonra Cənubi Qafqaza hədəflənib – ehtimala görə, onu mayda Azərbaycanda gözləyirlər. Özbəkistan və Azərbaycanın da mənsub olduğu türk dövlətləri arealında aşkar şəkildə güclənən hərəkətlilik müşahidə olunur. Bu, həm Bakı-Tiflis-Qars dəmir yolunun istismarı, karbohidrogenlərin nəqli üçün boru kəmərlərinin çəkilişi və təmiri, həm də avtomobil yolları şəbəkəsinin inkişafı, Xəzər dənizi üzrə dəniz daşımaları və sairdir. Bu fonda prezidentlərin mayda baş tutacaq görüşlərinin önəmi Qara və Xəzər dənizlərinə çıxışı, əla logistik imkanları olan bölgə üçün yüksək ola bilər. Bütün bunlar Özbəkistan üçün cazibəli olmalıdır – onun respublikada hasil edilən təbii qazın Gürcüstan üzərilə Azərbaycandan Türkiyəyə uzanan “Cənub Qaz dəhlizi” vasitəsilə ixracata marağı məlumdur.
Qeyd edək ki, respublikanın coğrafi yerləşimi, məsələn, Xəzər dənizinə birbaşa çıxışı olan Türkmənistan və Qazaxıstan kimi o qədər də uğurlu deyil. Buna görə də Daşkəndin qaz ixracatını şaxələndirmək istəyi müəyyən çətinliklər və xərclərə bağlıdır: Xəzər dənizinə qədər qaz kəməri, sonra isə yanacağın hələlik var olmayan sualtı boru kəmərilə və ya tankerlərlə Azərbaycana nəqli. Özbəkistan “Cənub Qaz dəhlizi”nin imkanlarından yalnız belə faydalana bilər və düşünmək lazımdır ki, “kollektiv Qərb” Avropaya Rusiya qazının tədarükünə alternativ kimi bu layihəni ancaq alqışlayacaq. İdeyaca bu, Azərbaycana da əl verməlidir. Mirziyoyev özbək mallarının Xəzər dənizi üzərindən Azərbaycana çıxışı haqda Əliyevlə anlaşa bilər. Çünki bu həm də mal və məhsulların Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropa və hətta Şimali Afrikaya nəql edilməsi üçün Türkiyəyə çıxış imkanıdır. Üstəlik, Rusiya tranzitindənsə, Bakı-Tiflis-Qarsla yüklərin daşınması daha tez və ucuz sayılır. Daşkənd inadla karbohidrogenlərin ixracatına nail olmağa çalışacaq, respublikada 2022-ci ilə doğru təbii qaz hasilatının artımı, təxminən, 54 milyard kubmetr, neft isə tam 2 milyon ton təşkil edəcək”.
NAHİD