Cənubi Qafqazın əsas güc mərkəzi sayılan Azərbaycanla İran arasında münasibətlər son dövrlərdə daha intensiv şəkildə inkişaf etməyə başalyır. Elə bu fonda da İran və Azərbaycan arasında əvvəllər ziddiyyət doğuran məqamlar indi əməkdaşlıqla əvəz edilməkdədir.
Faktdır ki, son illər İran-Azərbaycan əlaqələri hər iki ölkənin prezidentlərinin uzaqgörən siyasəti nəticəsində yüksələn xətlə inkişaf edir. Azərbaycan-İran əlaqələri özünü bütün aspektlərdən doğruldaraq, hər iki tərəfə fayda verməkdədir. Faktlara nəzər salsaq, qarşılıqlı münasibətlərin real mənzərəsini daha aydın görə bilərik. Son 3 ildə Azərbaycan və İran prezidentləri 11 dəfə görüşüb. Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası olub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir və İran Azərbaycan iqtisadiyyatına, ümumilikdə, 2,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan şirkətləri də İranda aktiv fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 70 faiz artıb.
Azərbaycan və İran arasında ziddiyyətli məsələlər də sürətlə aradan qalxır. Qeyd olunan xüsusda iki məqama xüsusi diqqət yetirmək lazım gəlir. Bunlardan birincisi Xəzər dənizi ilə bağlıdır. Məlumdur ki, dənizdə sərhədlərin müəyyən edilməməsi səbəbindən bəzi yataqlar İran və Azərbaycan arasında mübahisə predmeti olaraq qalırdı. Amma indi vəziyyət dəyişir. İslam Respublikasının dövlət başçısı Həsən Ruhaninin Azərbaycana son səfəri fonunda verdiyi açıqlamalar və imzalanan sənədlər də bunu təsdiq edir. O, Xəzərdə hər iki tərəfə sərf edən yeni əməkdaşlığın başladığını bildirir: "Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək.
Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıb. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsində qərarlıdır. İki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq".
Qeyd edək ki, İran prezidentinin səfəri fonunda iki ölkə arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu da ölkələr arasında dənizdə ziddiyyətlərin aradan qalxması deməkdir. Digər ziddiyyətli məqama gəlincə, bu, İranın işğalçı Ermənistanla əməkdaşlığıdır. Hətta İrəvan bu fonda İranla birlikdə "Şimal-Cənub" beynəlxalq magistarl xəttinin çəkilişinə də başalmışdı. Amma İran yükdaşımalara xidmət edən belə layihələrin Azərbaycanla birlikdə həyata keçrilməsinin daha sərfəli olduğunu gördü.
"Şimal-Cənub" dəhlizi çərçivəsində həyata keçrilən işlər bu fonda Ermənistanı arxa plana atdı. "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropadan Cənub-Şərqi Asiyayadək uzanaraq Azərbaycan, İran və Rusiyanın dəmiryollarını birləşdirəcək. İlkin mərhələdə dəhlizlə ildə 5 milyon ton yük daşınmalı, sonra isə yükdaşımaların illik həcmi 10 milyon tondan artıq olmalıdır. Yüklər Cənub-Şərqi Asiyadan İrana, oradan Fars Körfəzi, İran, Azərbaycan, Rusiya ərazilərindən keçərək Skandinaviya dövlətlərinə, Şimali Avropaya cəmi 14 günə daşınacaq. Bu fonda tərəflər arasında razılığa əsasən Azərbaycan Astara-Rəşt dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit verəcək. Belə vəziyyətdə Ermənistan İranın iqtisadi potensialından istifadə etməyə, rəsmi Tehranın diqqətini Azərbaycandan yayındırmağa cəhd göstərir. Lakin artıq çox gecdir. Özünün işğalçılıq siyasətinin əsirinə çevrilən Ermənistanın çıxış yolları tükənib. İran isə Ermənistanla deyil, Azərbaycanla əməkdaşlığa üstünlük verir. Bütün bunlar İranın praqmatik siyasət yürütdüyünü, region dövlətlərinin iqtisadi vəziyyətini və imkanlarını düzgün qiymətləndirdiyini deməyə əsas verir, eyni zamanda, Ermənistanı ciddi şəkildə narahat edir. Çünki bu ölkənin İranla birlikdə həyata keçirməyə çalışdığı layihələrin hamısı kağız üzərində qalıb. İrandan Ermənistana dəmir yolu və avtomobil yollarının çəkilişi baş tutmadı. Bu layihələri həyata keçirmək üçün Ermənistanın nə maliyyə imkanları var, nə də siyasi iradəsi. Ölkənin dəmir yollarını başqa dövlət idarə edir. Avtomobil yolu isə Ermənistandan keçməklə İranı Rusiya ilə birləşdirə bilməz. Çünki Ermənistanın Rusiya ilə ümumi sərhədi yoxdur. Azərbaycanla isə İranın əlaqələri ən müxtəlif sahələr üzrə dinamik inkişaf edir. Belə vəziyyət hər iki ölkəyə böyük dividendlər qazandırır.
Tahir TAĞIYEV