Məhərrəm Zülfüqarlı: “Azərbaycanda keçiriləcək prezident seçkilərinə maraq böyükdür”
Məlum olduğu kimi, indiyədək Azərbaycanda seçkilər şəffaf, demokratik prinsiplər əsasında və beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Ötən illər ərzində seçkilərdə şəffaflığa mühüm önəm verilib. Bu məqsədlə müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanlar yaradılıb.
Yerlərdə seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması diqqət mərkəzində saxlanıb. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunub. Bu dəfə də sözügedən ənənəyə sadiq qalınıb. Təbliğat-təşviqat kampaniyası üçün müvafiq yerlər müəyyənləşdirilib, hamı üçün bərabər şərait yaradılıb. Yuxarıda sadalananlarla bərabər, Azərbaycanın Seçki Məcəlləsi ildən-ilə təkmilləşdirilib. Bununla bağlı atılan addımlar, qəbul olunan qərarlar insanların seçki hüquqlarının qorunmasına xidmət edir. Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilib. Heç şübhə yox ki, bu dəfə də belə olacaq. Təsadüfi deyil ki, aparıcı beynəlxalq təşkilatların Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərinə yönəlik fəallığı artmaqdadır. Xarici müşahidəçilərin seçkiyə marağı bu prosesin şəffaf və demokratik keçirilməsi ilə əlaqələndirilir. Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür. Artıq MDB müşahidə missiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası seçki müşahidə missiyası, müxtəlif beynəlxalq QHT-lər ölkədə keçirilən seçki prosesini müşahidə edirlər. Ən son məlumata görə, indiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 53 min nəfəri ötüb. Xarici müşahidəçilər 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır.
O da məlumdur ki, sonuncu dəfə Azərbaycanda prezident seçkiləri 2013-cü ilin oktyabrında keçirilib. Həmin seçkilərdə də beynəlxalq müşahidəçilər iştirak edirdilər. Ümumilikdə, o vaxtkı seçki ilə müqayisədə indi seçkini müşahidə edəcək beynəlxalq təşkilatların, müşahidəçilərin sayında hansı fərq var?
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, əvvəlki prezident seçkisi ilə müqayisədə beynəlxalq müşahidəçilərin sayı daha çoxdur: “İstər 2013-cü ildə keçirilən prezident seçkilərində, istərsə də indi dünyanın diqqəti həmişə Azərbaycanda olub. Beynəlxalq müşahidəçilər seçkidə fəal iştirak ediblər. Bu ul ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 280 nəfər qısamüddətli, 30 nəfər uzunmüddətli müşahidəçilərlə seçkini izləyəcək. Ona görə bunu qeyd edirəm ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı sözügedən təşkilat bəzi vaxt fərqli bəyanatlar verir. Avropa Şurası, MDB müşahidəçiləri və digər qurumlar həmişə seçkiləri obyektiv qiymətləndiriblər. Ancaq ATƏT DTİHB bəzi hallarda seçkiyə fərqli yanaşır. Ona görə də sözügedən qurum təmsilçiləri ilə görüşdə öz iradlarımı onlara bildirmişəm. Onu da qeyd edim ki, sözügedən qurumun müşahidəçiləri deputatlardan deyil, Avropa ölkələrinin xarici işlər nazirliklərinin aşağı vəzifəli məmurlarından təşkil olunur. Əlbəttə ki, məmurun seçkiyə münasibəti ilə, deputatın seçkiyə münasibəti eyni ola bilməz. Ona görə də biz Azərbaycan üzrə müşahidəni həyata keçirənlər ölkəmizə olan bu diqqəti həm qiymətləndiririk, həm də onlarla görüşəndə buraxdıqları nöqsanları da deyirik. Ancaq, bütünlükdə, Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq müşahidəçilər tərəfindən maraq böyükdür. Müşahidəçilərin sayı əvvəlki seçkilərə nisbətən çoxdur. Biz mütləq bir vətəndaş olaraq bu işdə fəal iştirak etməyi özümüzə borc bilirik”.
Vidadi ORDAHALLI