Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, bundan sonra tərəflər arasında kəşfiyyat müharibəsi daha da kəskin müstəviyə keçəcək”
Məlum olduğu kimi, ABŞ və Böyük Britaniya Rusiya kəşfiyyatının təhdidlərinin qarşısını almaq və kimyəvi silahların istifadəsinə imkan verməmək üçün birgə addımlar atacaq. Bu barədə ABŞ Prezidenti Donald Trampla Böyük Britaniya Baş naziri Tereza Mey arasında aparılan telefon danışığında razılıq əldə edilib.
İki lider rus kəşfiyyatının gizli fəaliyyətlərinin məhdudlaşdırılması və hər hansı bir ölkədə kimyəvi silahlı hücumların qarşısının alınması məqsədilə Rusiyanın İngiltərə və ABŞ-da casus şəbəkələrini çökdürmək barədə razılaşıblar.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi Qərblə Rusiya arasında münasibətlərin daha da pisləşməsinə təkan verdi. Böyük Britaniyanın Baş naziri Tereza Mey martın 12-də Moskvanı Sergey Skripalı qızı Yuliya ilə birlikdə zəhərləməkdə ittiham edib. 66 yaşlı Sergey Skripal və qızı martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. 12 mart bəyanatında Tereza Mey qeyd edib ki, Sergey Skripal və qızı Rusiyada istehsal olunan, sinir iflici törədən xüsusi maddənin təsirindən zəhərləniblər.
Martın 14-də Böyük Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarı verib, bunun ardınca digər Qərb dövlətləri eyni cür sanksiyaya əl atıblar. Həmçinin, ABŞ 60 rusiyalı diplomatı ölkədən çıxarmaq və Sietl şəhərindəki Baş Konsulluğu bağlamaq qərarına gəlib. Qovulması nəzərdə tutulan diplomatların 12-si Rusiyanın BMT-dəki nümayəndəliyində çalışır.
Almaniya, Fransa, Polşa və Kanada 4, Çexiya və Litva 3, Avstraliya, Niderland, İspaniya, Danimarka və İtaliya 2, Xorvatiya, Makedoniya, Albaniya, Macarıstan, Finlandiya, Norveç, Estoniya, Latviya və Rumıniya 1 rusiyalı diplomatı ölkədən çıxarmaq niyyətini bəyan edib.
Ukraynanın 13 rusiyalı diplomatı ölkədən çıxaracağı açıqlanıb.
Ümumilikdə, İngiltərə və ABŞ-ın Rusiyanın casus şəbəkələrini çökdürmək barədə razılığa gəlməsi nə vəd edir? Bunun sonu necə görünür?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bununla bağlı hansısa nəticənin əldə olunması yaxın illərdə məlum olacaq: “Nəzərə almaq lazımdır ki, hər iki ölkənin güclü kəşfiyyat orqanları var. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ-6 və Mİ-5 kəşfiyyat qurumları koordinə olunmuş şəkildə fəaliyyət göstərsə, hansısa nəticə əldə oluna bilər. Bu, tərəflər arasında informasiya mübadiləsinin nə dərəcədə düzgün təşkil olunmasından asılıdır. Eyni zamanda, digər Avropa ölkələrinin də yardımından asılı olan məqamlar var. Nəzərə almaq lazımdır ki, Rusiya kəşfiyyatı müəyyən gücə və imkanlara malikdir. “Soyuq müharibə” dönəmində Rusiya kəşfiyyatı Avropada güclü şəbəkələr qurub. Düzdür, SSRİ dağılandan sonra xeyli sayda Rusiya casusu ifşa olunub. Ancaq buna baxmayaraq, hələ də Rusiya bu sahədə müəyyən imkanlara və üstünlüklərə malikdir. Vladimir Putin prezident olandan sonra bu sahəyə xüsusi diqqət yetirilib. Çünki Putinin özü də bir zamanlar peşəkar kəşfiyyatçılardan olub. O üzdən, bütün bu amillər nəzərə alınmalııdır. Hesab edirəm ki, bundan sonra tərəflər arasında kəşfiyyat müharibəsi daha da kəskin müstəviyə keçəcək. Çünki Sergey Skripalın zəhərlənməsi tərəflər arasında siyasi-diplomatik müharibəyə səbəb olub. Rusiyaya qarşı sanksiyaların miqyası daha da genişlənir. O üzdən, tərəflər arasında yaşanan gərginliyin hələ davam edəcəyi gözlənir”.
Vidadi ORDAHALLI