Paşa Qəlbinur: “Mən bir ziyalı, qələm adamı, alim kimi xarici ölkələrdə yaşayan bəzi mühacirlərin xoşagəlməz fikirlərini qəbul etmirəm” “Xalqımız, dövlətimiz üçün müqəddəs olan dəyərləri təhqir edən adamların hərəkətini öz su içdikləri quyuya tüpürməsi kimi dəyərləndirirəm”
Adını azərbaycanlı qoyub, lakin Azərbaycana qarşı sosial şəbəkələr, internet resursları vasitəsilə mütəmadi olaraq qarayaxma kampaniyası aparan, dövlət atributlarımızı, simvol və milli-mənəvi dəyərlərimizi təhqir edən bəzi mühacirlərin xoşagəlməz hərəkətləri həqiqətən də hər bir soydaşımızda narazılıq yaradır. Bu insanların çirkin yollar seçərək xalqımızın dəyərlərinə aşağılayıcı münasibət bəsləməsi faktı ölkə ziyalılarını ciddi narahat edir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tanınmış elm xadimi, tibb elmləri doktoru, professor Paşa Qəlbinur “Bakı-Xəbər”ə açıqlamasında düzgün yol tutmayan, xalqına, doğulduğu torpağa xəyanətkar münasibət bəsləyən bəzi mühacirlərin hərəkətlərindən narazı olduğunu bildirdi. P.Qəlbinur hesab edir ki, müxtəlif yollarla xarici ölkələrdə sığınacaq alan bəzi mühacirlərin son həftələr sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı apardıqları çirkin kampaniya, eləcə də onların kimlərinsə diqtəsi ilə dövlət simvol və atributlarını təhqir etməsi heç zaman müsbət qarşılana bilməz: “Mən bir ziyalı, qələm adamı, alim kimi xarici ölkələrdə yaşayan bəzi mühacirlərin xoşagəlməz fikirlərini qəbul etmirəm. Azərbaycan dövləti çox böyük çətinliklə dövlət müstəqilliyi qazanıb, bu yolda neçə-neçə insan canını qurban verib. Müstəqil dövlətimizin atributlarını, milli-mənəvi dəyərlərimizi təhqir edən insanlara münasibətim olduqca mənfidir. Xalqımız, dövlətimiz üçün müqəddəs olan dəyərləri təhqir edən adamların hərəkətini öz su içdikləri quyuya tüpürməsi kimi dəyərləndirirəm. Belə etmək olmaz. Xaricdə oturan müəyyən qüvvələrin bu cür hərəkətləri heç zaman müsbət hal kimi qəbul edilə bilməz”.
P.Qəlbinur, həmçinin, vaxtilə xarici ölkələrə mühacirət edən böyük azərbaycanlıların həyat və fəaliyyəti, onların Azərbaycanın təbliği üçün gördüyü işlər haqda da fikir bildirərək qeyd etdi ki, o mühacirlərlə bugünkü bəzi mühacirləri müqayisə etmək mümkünsüzdür: “Bilirsiniz ki, tarixin müxtəlif dönəmlərində Azərbaycandan xarici ölkələrə mühacir axını olub. Xalq Cumhuriyyətinin süqutundan sonra bir sıra fikir adamları, ictimai-siyasi xadimlər xarici ölkələrə mühacirət etmək məcburiyyətində qaldılar. Yəni onlar mühacir həyatını könüllü seçməmişdilər. Bizim keçmiş mühacirlərin Azərbaycanla bağlı fəaliyyəti çox şəffafdır. Onların hər biri mühacirət etdikləri ölkələrdə Azərbaycanın adını, şərəfini uca tutublar. O böyük şəxsiyyətlər xalqımızla, Vətənimizlə bağlı çox işlər görüblər. O şəxsiyyətlər həmişə Vətən həsrətilə, Vətənə qovuşmaq ümidilə yaşayıblar. Onların amalı Vətənə xidmət etmək olub. Hər gecə yuxularında Vətəni görüblər. Vətəni sevmək əməllə olmalıdır. O mühacirlər Vətəni öz əməlləri ilə seviblər. Bu şəxsiyyətlər Azərbaycanın bayrağını da, torpağını da müqəddəs bilib, öpüb gözləri üstə qoyublar. Sözsüz ki, biz insanlar hamımız gəldi-gedərik, ancaq Vətən əbədi qalır. Xaricdə olarkən keçmiş mühacirlərlə çox maraqlanmışam. Bu insanlar orada Azərbaycanın üçrəngli bayrağını yaşadıblar. Bir faktı da yadınıza salım ki, Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyini tanıtmaq üçün Paris Sülh Konfransına gedən dövlət xadimlərimiz, böyük şəxsiyyətlərimiz çox böyük əzab-əziyyət hesabına Azərbaycanın dövlət müstəqilliyini tanıtmağa nail olublar. Onların böyük uğurlarından biri Azərbaycanın tanıdılması idi. O vaxt Cumhuriyyət tanındı ki, sonra Azərbaycan yenidən müstəqillik qazana bildi. O vaxt Dağlılar Respublikası da var idi, onların nümayəndələri nə qədər cəhdlər göstərsələr də Dağlılar Respublikasının müstəqilliyini tanıda bilməmişdilər. Ona görə də bu gün o ərazilər Rusiya daxilində qalıb. Bugünkü mühacirlərin bəziləri isə tamam neqativ yol tutur. Bu yolverilməzdir. Hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, dövlətimizin, vətənimizin, milli-mənəvi dəyərlərimizin, dövlət simvol və atributlarımızın təəssübünü çəkməlidir. Xaricdə yaşayan soydaşlarımız da həm o atributları müqəddəs bilməlidir, həm də onun uğrunda varlığı ilə mübarizə aparmalıdır”.
İradə SARIYEVA